Üçtərəfli formatda əməkdaşlıq regionda sülh və ədalətin bərpasına xidmət edir
Siyasət

Üçtərəfli formatda əməkdaşlıq regionda sülh və ədalətin bərpasına xidmət edir

Azərbaycan müstəqillik qazandıqdan sonra onun beynəlxalq əlaqələri genişləndi, dünya çapında nüfuzu artdı. Xarici dövlətlərlə diplomatik münasibətlər quruldu. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə üz-üzə qalan Azərbaycanın haqq işinə dəstək verənlər də oldu, əksinə, maneə yaradanlar da. Türkiyə və Pakistan münaqişənin elə ilk vaxtlarından dostluq, qardaşlıq mövqeyindən çıxış etdilər. Sonradan Azərbaycan, Türkiyə və Pakistan arasında üçtərəfli əməkdaşlığın əsası qoyuldu. Müxtəlif sahələrdə, o cümlədən müdafiə sahəsində üçtərəfli əməkdaşlıq formatı getdikcə genişlənərək müsbət nəticələr verməyə başladı.

Sentyabrın 12-də Bakıda keçirilən Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə "Üç qardaş-2021" beynəlxalq təlimi də bu əməkdaşlığın məntiqi davamıdır.

Açılış mərasimində çıxış edən general -leytenant H.Mirzəyev Türkiyə və Pakistan xüsusi təyinatlılarının nümayəndələrini Azərbaycanda görməkdən məmnun olduğunu bildirərək deyib: "Azərbaycan, Türkiyə və Pakistan bəşəriyyət tarixinə bir-birinə yaxın dost və qardaş ölkələr kimi düşüb. Bu əlaqələrin mərkəzində dayanan isə xalqlarımızın bir-birinə sıx şəkildə bağlı olmalarıdır. Buna əyani sübut kimi Azərbaycanın 2020-ci il sentyabrın 27-də təcavüzkar Ermənistanın silahlı qüvvələrinə qarşı başladığı 44 günlük əks-hücum əməliyyatının ilk günündən Türkiyə və Pakistanın Azərbaycana həmrəylik və dəstək nümayiş etdirməsini göstərmək olar. Bu gün ölkələrimiz arasında bütün sahələr üzrə əməkdaşlıq ən yüksək səviyyədədir. Regionun və xalqlarımızın təhlükəsizliyinin təmin edilməsi üçün əlaqələrimizin daha da gücləndirilməsi və inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir".

H.Mirzəyev "Üç qardaş - 2021" beynəlxalq təlimlərinin hər üç ölkənin hərbi qulluqçuları arasında geniş təcrübə və fikir mübadiləsi aparılacağına və onların peşəkar hazırlıq səviyyəsinin daha da artırılmasına böyük töhfə verəcəyinə əminliyini bildirib.

Bu ilin mart ayında Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Razanın başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbulu zamanı Azərbaycan Prezidenti İlham Əliyev üçtərəfli əməkdaşlıq formatının nəticələrindən danışarkən demişdir: "...Biz artıq Azərbaycan, Türkiyə və Pakistan arasında siyasi və digər sahələrdə, o cümlədən müdafiə sahəsində üçtərəfli əməkdaşlıq formatının yaxşı nəticələrinin şahidi olduq. Hesab edirəm ki, biz səylərimizi birləşdirərək mövqelərimizi gücləndirəcəyik və sülhə töhfə verəcəyik. Çünki ölkələrimiz regionda sülh və ədalətin tərəfdarıdır".

Qürur hissi ilə söyləmək lazımdır ki, bu gün ulu öndər Heydər Əliyevin işləyib hazırladığı xarici siyasət kursunun bütün istiqamətləri uğurla reallaşdırılır. Bu siyasi kursda yaxın qonşularımız, türkdilli ölkələr və İslam dünyası ilə əməkdaşlığa xüsusi önəm verilir. Məhz bu baxımdan son bir neçə ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan-Türkiyə-Rusiya, Azərbaycan-Rusiya-İran, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-Türkmənistan üçtərəfli əməkdaşlıq formatları yaradılmışdır.

Bu formatlar təkcə əməkdaşlığın genişləndirilməsinə zəmin yaratmır, həm də ölkələrin problemlərinin həllinə töhfələr verir. Təsadüfi deyil ki, Türkiyə Prezidenti Administrasiyasının saytında yazıldığı kimi: "Azərbaycanla üçtərəfli əməkdaşlıq formatları regionun inkişafına xidmət edir. Türkiyə-Gürcüstan-Azərbaycan, Türkiyə-İran-Azərbaycan, Türkiyə-Azərbaycan-Türkmənistan kimi əməkdaşlıq formatları həmin ölkələrin hamısı üçün vacibdir. Çünki Azərbaycan Türkiyə və adı çəkilən ölkələr üçün etibarlı siyasi və iqtisadi tərəfdaşdır".

Son zamanlar isə həmin formatlara Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli əməkdaşlığı da əlavə edilib.

Xatırladaq ki, Vətən müharibəsinin ilk günündən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həmişə olduğu kimi, Azərbaycanın yanında olduğunu bildirdi, Pakistan Azərbaycana həmrəylik və dəstək nümayiş etdirdi. Pakistan Azərbaycanın işğal olunmuş ərazilərindən qoşunların dərhal qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasının tərəfdarı kimi çıxış etdi və Ermənistanın təcavüzünü qətiyyətlə pislədi. Bu, həqiqi qardaşlıq və dostluğun nümunəsi idi. Məhz bu səbəbdən də müharibə dövründə insanlar Pakistan xalqı ilə bağlı hisslərini nümayiş etdirərək Azərbaycan, Türkiyə bayraqları ilə bərabər, həm də Pakistan bayrağını da dalğalandırırdılar. Əlbəttə ki, bu da bizim birlik və qardaşlığımızı nümayiş etdirir.

Yeri gəlmişkən deyək ki, 2021-ci ilin yanvarında Azərbaycan, Pakistan və Türkiyə respublikaları xarici işlər nazirlərinin İslamabadda II üçtərəfli görüşü keçirilib və bəyannamə imzalanıb. Sənəddə qeyd edilir ki, siyasi, strateji, ticarət, iqtisadi, sülh və təhlükəsizlik, elm və texnologiya və mədəniyyət sahələri də daxil olmaqla, qarşılıqlı maraq doğuran bütün sahələrdə 2017-ci il noyabrın 30-da Bakıda keçirilmiş ilk üçtərəfli görüşün nəticəsində qurulmuş əməkdaşlıq bundan sonra da dərinləşdiriləcək. Bildirilib ki, Pakistan, Türkiyə və Azərbaycan öz bölgələrində sülhün, sabitliyin və inkişafın təşviqi və xalqlarının daha geniş ərazidə bu idealları ortaq firavanlıq və təhlükəsizlik naminə daha da inkişaf etdirmək üçün qarşılıqlı istəklərinə mühüm əhəmiyyət verirlər.

İslamabad bəyannaməsinin bir bəndində belə qeyd edilir: "Dövlətlərin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq sərhədlərinin toxunulmazlığını mühafizə etmək və qorumaq naminə güclü və birmənalı dəstək veriləcək". Bununla da tərəflər üçtərəfli əməkdaşlıq formatı nəticəsində 2020-ci ilin noyabr ayında İslam Əməkdaşlıq Təşkilatının Cammu və Kəşmir münaqişəsi üzrə qəbul edilmiş ən son qətnaməsini və bu münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri çərçivəsində sülh yolu ilə həll edilməsi üçün birgə mübarizə aparmaq öhdəliyi götürüblər, Kipr, o cümlədən Egey və Şərqi Aralıq dənizi məsələlərinin beynəlxalq hüquqa əsaslanan ədalətli, davamlı və realist, eləcə də qarşılıqlı qəbul edilmiş həllini dəstəkləmək üçün razılaşıblar. Həmçinin Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində Azərbaycan Respublikasının pozulmuş suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq normallaşdırılmasına töhfə verəcəklərini bildiriblər.

Yəni Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli əməkdaşlıq formatı hər üç ölkənin maraqlarına tam cavab verir. Bu isə o deməkdir ki, Bakı-Ankara-İslamabad əməkdaşlığı bizə hələ çox uğur qazandıracaqdır.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və reabilitasiyası məsələsinə gəlincə isə qətiyyətlə deyə bilərik ki, Ankara da, İslamabad da bu məsələdə Azərbaycan hökuməti və xalqı ilə birmənalı şəkildə həmrəydir.

Son vaxtlar bu ölkələr arasında hərbi-siyasi və iqtisadi əlaqələri intensivləşdirmək və mövcud potensialdan daha səmərəli istifadə etmək üçün öz səylərini əsirgəmirlər. Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbə və regionda yaranan yeni reallıqlar, əməkdaşlıq imkanları ölkələrimiz arasında əlaqələrin dərinləşməsi istiqamətində yeni perspektivlər açır.

"Üç qardaş-2021" beynəlxalq təlimlərinin keçirilməsi də bugünkü reallıqlardan qaynaqlanan amildir. Sentyabrın 21-də keçirilən bağlanış mərasimində birgə təlimlərin əhəmiyyəti bir daha vurğulanıb. Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-leytenant Hikmət Mirzəyev deyib: "Birgə təlimlər xalqlarımız arasındakı dostluğun, ölkələrimiz arasında sıx əməkdaşlığın bir nümunəsidir. Təlim döyüş sahəsində üç qardaş ölkənin hərbçilərinin bir yerdə olması, çiyin-çiyinə tapşırıq yerinə yetirməsi hər birimizi qürurlandırdı".

Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrinin komandanı general-leytenant Ömer Ertuğrul Erbakan "Üç qardaş-2021" təliminin uğurla tamamlandığını bildirib: "Aramızda var olan qardaşlıq bağları çox güclü olub və bundan sonra daha da güclənəcək. Üç ölkənin xüsusi təyinatlıları arasındakı qarşılıqlı işbirliyi, təhsil və təlim fəaliyyətləri bundan sonra da davam edəcək".

Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin Təhlükəsizlik və Antiterror İdarəsinin rəisi general-mayor Mümtaz Hüseyn isə belə qeyd edib: "Çiyin-çiyinə dayanan Azərbaycan, Türkiyə və Pakistandan olan xüsusi təyinatlı qardaşlar arasında icra edilən birgə təlimin şahidi olmaq mənim üçün həqiqətən böyük şərəf və qürurdur. "Üç qardaş-2021" təliminin həyata keçirilməsi üçün qarşıya qoyulan məqsədlərə nail olunub. Bu da bütün iştirakçıların peşəkarlıq səviyyəsinin artırılmasına töhfəsini verəcək".

Bəli, birgə təlimlər hər üç tərəf arasında olan əlaqələrin dərinliyini bir daha nümayiş etdirdi. İqtisadi və diplomatik sahələrdə birlikdə çalışan, dünyada terrorizmə qarşı mübarizəyə sadiq qalan, bununla bərabər hərbi əməkdaşlıq münasibətlərinin yaxşılaşdırılmasında maraqlı olan Azərbaycan, Türkiyə və Pakistan bir-birinə hərbi və diplomatik dəstəyi əsirgəməyəcək, regionda sülh və ədalətin bərpası naminə birgə mübarizə aparacaq, dünyada sülhün bərqərar olunması işinə töhfə verəcəkdir.

Zümrüd QURBANQIZI,

"Respublika".