Anım mərasimi
Region

Anım mərasimi

Salyan rayonunda Anım Gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Fəzail Ağamalı, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların nümayəndələri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, hərbçilər, ziyalılar, ağsaqqallar, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak edirdilər.

 Rayon ərazisində şəhidlərin əziz xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirildi. Anım Günü ilə əlaqədar keçirilən ağacəkmə aksiyasında 800-dən çox ağac əkildi. Daha sonra Anım tədbiri “Şəhidlər” abidə-kompleksi və Şəhidlər Xiyabanında davam etdirildi. Mərasim iştirakçıları “Şəhidlər” abidə-kompleksini, Şəhidlər Xiyabanını ziyarət edib, önünə gül-çiçək dəstələri düzdülər. Vətən müharibəsində şəhid olan həmvətənlərimizin unudulmaz xatirəsi qarşısında ehtiramla baş əydilər. Rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıqlardan danışdı, şəhidlərimizə Allahdan rəhmət diləyərək, onların keçdiyi döyüş yolunun böyüməkdə olan nəsil üçün örnək olduğunu bildirdi. Mərasimdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Fəzail Ağamalı, şəhid atası Rövşən Mehdiyev, şəhid anası Xoşgül Axundova, şəhid atası Valeh Mehdiyev, şəhidin həyat yoldaşı Zəhra Əhmədova, Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant Səfər Qurbanov çıxış edərək Şanlı Azərbaycan ordusunun hər bir əsgərinin mərdlik, şücaət göstərdiklərini diqqətə çatdırdılar. Anım mərasimi məktəblilərin ifasında komposiziya ilə davam etdirildi.

 Mərasim iştirakçıları Vətən müharibəsində qəhrəmanlıqlar göstərərək şəhidlik zirvəsinə ucalmış Salyan rayonu Xocalı kənd sakini Məmmədov Elmir Arzu oğlunun şəhadətinin ildönümü ilə əlaqədar təşkil edilmiş il mərasimində məzarı ziyarət edilib, önünə gül dəstələri düzülüb.

 Ə.ABDULOV,

 “Respublika”.