QARABAĞ AZƏRBAYCANDIR!
Siyasət

QARABAĞ AZƏRBAYCANDIR!

TARİXİ 44 GÜNÜN ANLARI

Regionun lider dövlətlərindən olan Azərbaycan 30 ilə yaxın erməni işğalı altında olan tarpaqlarını Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi və Şanlı Ordusunun gücü ilə 44 günlük Zəfər savaşında azad etdi. Zaman keçdikcə, Vətən müharibəsində qazanılan qələbədə 44 günün hər gününün bir tarix olduğu daha aydın görünür.

Məhz buna görə də, "Respublika" qəzeti ənənəsinə sadiq qalaraq, əvvəllər "Ötən günlərin tarixi anları" adı ilə dərc etdiyi "Xronika"nı "Tarixi 44 günün anları" rubrikası ilə mövcud reallıqlar fonunda, yeni rakursda oxuculara təqdim edir.

“Respublika”.

 

(əvvəli 12 oktyabr tarixli saylarımızda)

1 oktyabr 2020-ci il

Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Belarus prezidenti Ermənistan-Azərbaycan təmas xəttində silahlı qarşıdurma ilə bağlı yaranmış vəziyyətlə maraqlanıb.

Vəziyyətlə bağlı məlumat verən Prezident İlham Əliyev deyib ki, sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini şiddətli ağır artilleriya atəşinə məruz qoyub. Artıq Ermənistan ərazisindən də Azərbaycan mövqeləri atəşə tutulur ki, bu da qəti şəkildə yolverilməzdir.

***

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov brifinq keçirib. Brifinqdə bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistanın ərazisindən cəbhəboyu Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini, Füzuli rayonunun Horadiz şəhərini, Goranboy, Tərtər və Ağdam rayonlarını yenidən artilleriya atəşinə tutub.

Məlumat verilib ki, Ermənistan mətbuatında guya Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarə və helikopterin vurulması və İran ərazisinə düşməsi barədə yayılan məlumatlar yanlış və əsassızdır.

Bildirilib ki, ötən müddət ərzində düşmənin 200-dək tank və digər zirehli texnikası, 228 ədəd artilleriya, yaylım atəşi raket sistemləri, minaatanları, 30 ədəd hava hücumundan müdafiə vasitələri, 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi, 5 silah-sursat anbarı, 110-dan artıq avtomobil texnikası, 1 ədəd "S-300" zenit-raket kompleksi sıradan çıxarılıb.

***

Oktyabrın 1-nə olan məlumata görə, Azərbaycanın 19 mülki şəxsi qətlə yetirilib, 55 nəfər yaralanıb və 200-dən çox ev və mülki obyekt dağıdılıb.

 

2 oktyabr 2020-ci il

Azərbaycan Silahlı Qüvvələri ərazisində strateji hidrotexniki obyektlərin yerləşdiyi Madagiz kəndi (Suqovuşan) ətrafındakı hakim yüksəklikləri nəzarətə götürərək Cəbrayıl-Füzuli istiqamətində irəliləməyə nail olub. Müdafiə Nazirliyinin əməliyyat məlumatına əsasən düşmənin 5 zirehli və avtomobil texnikası, 3 hərbi infrastruktur obyekti, xeyli sayda şəxsi heyəti məhv edilib.

***

Hərbi əməliyyatlar geniş vüsət alaraq daha da şiddətlənib. Əməliyyat təşəbbüsünü itirən Ermənistan tez-tez qadağan edilmiş müharibə üsullarına əl atıb. Belə ki, Ermənistan tərəfi cəbhə xəttindən uzaqda yerləşən Ağdam, Bərdə, Tovuz və Şəmkir rayonlarının yaşayış məntəqələrini raket-artilleriya atəşinə tutmaqda davam edib.

***

Azərbaycan tərəfindən buraxılmış raketin dəqiq zərbəsi ilə Laçın rayonundakı Həkəri çayı üzərindəki körpü məhv edilib. Beləliklə, Ermənistanı Qarabağdakı işğalçı qoşunları ilə birləşdirən daha bir yol bağlanıb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Əl-Cəzirə" televiziya kanalına müsahibə verib. Hazırda vəziyyət necədir? Ruslar, iranlılar, türklər, fransızlar, amerikalılar münaqişə ilə bağlı narahatlığını ifadə edirlər. Bu münaqişə, nə vaxtsa regional ola bilərmi?" - sualına cavab olaraq Azərbaycan Prezidenti deyib: "Mən belə düşünmürəm. Zənnimcə, bunun üçün əsas yoxdur və biz bu münaqişənin regional münaqişəyə çevrilməsinin qəti olaraq əleyhinəyik. Ermənistanın etmək istədiyi məhz budur. Ona görə də onlar Azərbaycana bəzi xarici dəstəklə bağlı feyk xəbərlər icad edirlər. Lakin eyni zamanda, onlar özləri xarici dəstək istəyirlər... Mən əminəm ki, qeyd etdiyiniz ölkələr heç vaxt bunun olmasına imkan verməyəcəklər. Çünki regionumuzda təhlükəsizlik bütün region ölkələrinin maraqlarına xidmət edir və qeyd etdiyiniz ölkələr arasında Türkiyə, Rusiya, İran region ölkələridir".

(davamı növbəti saylarımızda)