Elmi-texniki yeniliklər
Maraqlı

Elmi-texniki yeniliklər

Elm adamlarından qorxunc proqnoz

Amerikalı elm adamları, qlobal istiləşmənin qarşısı alınmazsa Yer kürəsinin insanlar üçün yaşanılmaz bir hala gələcəyini proqnozlaşdırırlar. Alimlər 2500-cü ildə insanların Yer üzündə yaşamaq üçün mübarizə aparmaq məcburiyyətində qalacaqlarını iddia edirlər.

2100-cü ilə qədər istixana qazı, temperatur və dəniz səviyyəsi kimi iqlim dəyişikliklərinin potensial ölçülərini göstərən onlarla göstərici var. Məsələn, Paris sazişinə görə, dünyada qlobal istiləşməyə mane olmaqla bütün qaydalara riayət olunarsa, bu əsrin sonuna qədər havanın temperaturunun 2 dərəcə aşağı düşməsi mümkün olacaq.

Alimlər indiyə qədər aparılan onlarla tədqiqatları qiymətləndirərək qlobal istiləşmənin uzunmüddətli təsirlərini hesablayıblar. Christopher Lyonun rəhbərliyi ilə 1900-cü ildən bəri Hökumətlərarası İqlim Dəyişikliyi Panelində (İPCC) dərc olunan hesabatları araşdıran tədqiqatçılar, Paris sazişinin hədəfləri reallaşsa belə, istiləşmənin 2100-cü ildə dayanmayacağını və bu səbəbdən də daha uzunmüddətli plan hazırlamaq lazım olduğunu vurğulayıblar. Onların proqnozlarına görə, Yerin istiliyinin 27 dərəcə artması misli görülməmiş meşə yanğınları, suyun tükənməsi ilə quraqlığa və yüksək temperatura səbəb ola bilər.

Tədqiqatçılar Amazon və Hindistan yarımadası kimi yerlərin bu ssenariyə görə gələcəkdə necə görünəcəyinə dair rəsmlər də paylaşıblar.

İnformasiya “TechXplore” veb saytında yayımlanıb.

 

Amazon ağıllı ev robotunu təqdim edib

Avtonom və ya əvvəlcədən proqramlaşdırılmış müəyyən işin yerinə yetirilməsi üçün hazırlanan elektromexaniki robotlara biri də əlavə olunub. Belə ki, dünyanın ən böyük e-ticarət platformalarından və texnologiya şirkətlərindən biri olan Amazon ilk ev robotunu təqdim edib. Amazonun yeni robotu “The Jetsons” cizgi filmindəki kimi yemək bişirə və ya ev təmizləyə bilməsə də, evdə olmadığı müddətdə baş verə biləcək təhlükəli vəziyyətlərdən sahibini xəbərdar edəcək.

Şirkətdən verilən məlumata görə, süni intellektli səs köməkçisi Alexa texnologiyası ilə təchiz edilmiş Astro adlı robot uzaqdan idarə olunaraq evdə yaşayan insanların və ya heyvanların təhlükəsizliyini təmin edəcək. Belə ki, o, evdə anormal bir vəziyyətlə qarşılaşdıqda istifadəçisinə bildiriş göndərəcək. Məsələn, sobanı açıq qoyub getmək, mənzilə kiminsə girib-girmədiyi barədə məlumatlar bildirə bilər. Böyük bir ekranla təchiz edilmiş robot periskop şəkilli kameraya da sahibdir. Bu, sahibinin mətbəxdə yemək bişirərkən reseptləri görə bilməsi üçün nəzərdə tutulmuşdur.

Bu ilin sonunda satışa çıxarılacağı planlaşdırılan robotun qiyməti 1000 dollar olsa da bir müddət sonra 1449 dollara qədər yüksələcək. Daha əvvəl bir çox fərqli markalar tərəfindən sınaqdan keçirilmiş ev tipli robotlar, xüsusən qiymətləri yüksək olduğu üçün istehsalatdan çıxarılmışdır. Amazonun rəqabətli qiymətlərlə bu sahəyə girməsi, bazarda ticarətin güclənməsinə ciddi təkan verə bilər.

İnformasiyanı “TechXplore” veb saytı yayıb.

 

Venerada həyat izləri tapılıb

Veneranı son dərəcə yüksək səth istiliyi və çox miqdarda karbon qazı olan atmosferi ilə tanıyırıq. Buna görə də onu yaşamaq üçün uyğun hesab etmirik. Ancaq Kaliforniya Politexnik Dövlət Universitetinin tədqiqatçıları planetin atmosferində fotosintezin mümkün olduğunu iddia edirlər.

Elm adamları Veneranın atmosferində fosfin qazını aşkar etdiklərini söyləyirlər. Dünyada nadir rast gəlinən bu qazın planetdə tapılması oksigenə ehtiyac olmadan böyüyə bilən anaerob bakteriyalarının varlığından xəbər verir.

Tədqiqat rəhbəri, biokimyaçı Rakesh Mogul və onun komandası Venera buludlarından keçə bilən günəş işığının səviyyəsini araşdırıblar. Onlar öz əvvəlki araşdırmalarından məlumatları toplayaraq planetin buludlarından keçə biləcək işığın səviyyəsini ölçüblər. Elm adamları 1967-1983-cü illər arasında Rusiya tədqiqaçılarının Venera ekspedisiyasının məlumatlarından da istifadə ediblər. Keçmiş ölçüləri də nəzərə alan tədqiqatçılar buludların içərisindəki işıq səviyyəsini hesablayaraq Veneranın orta və alt buludlarındakı radiasiyanın Yer səthindəkinə bənzədiyini təyin ediblər. Ancaq bunu sübut etmək üçün təkcə işıq səviyyəsi kifayət deyil.

Əvvəlki tədqiqatlarda Venerada həyatı dəstəkləməyən əsl səbəb kimi planetin buludlarındakı 98 faiz kükürd turşusunun olmasını göstərirdilər. Lakin Mogul və onun komandası bunun ammonium biosulfat kimi zərərsiz bir turşu olduğunu aşkar etdi.

Əgər həqiqətən belədirsə, onda Venera əvvəllər düşünüləndən daha çox su aktivliyinə malik ola bilər.

Təbii ki, bunların təsdiqlənməsi üçün daha çox araşdırmalara ehtiyac var. Ancaq “cəhənnəm” adlandırılan bir planetdə belə bir ehtimalın olması həm sevindirici, həm də olduqca maraqlıdır.

 

Riyazi problemləri həll edən DNT əsaslı çip

DNT hesablama sahəsi təxminən 30 ildən bəri gündən-günə inkişaf etməkdədir. Ancaq bu günə qədər hesablama proseslərinin əksəriyyəti hələ də əl ilə aparılır. Nəhayət ki, Koreyanın İncheon Milli Universitetinin alimləri fərdi kompüter tərəfindən idarə oluna bilən unikal bir çip hazırlayaraq DNT hesablarını avtomatlaşdırmağın yolunu tapıblar.

DNT ifadəsi bütün genetik məlumatları ehtiva edən teli bir-birinə sarılmış iki ipi xatırladır. Əslində bu iki ipin ayrı-ayrı vahidləri bir-biri ilə tamamlayıcı şəkildə bağlanmış molekul cütləridir. Elm adamları kompleks riyazi hesablamalar aparmaq üçün DNT hesablamasının əsasını təşkil edən bu cütləşmə xüsusiyyətlərindən istifadə ediblər. Plastik bir materiala yapışdırılmış dar kanallardan ibarət olan mikro axıcı çiplər prosesi avtomatlaşdırmanı təmin edir. Çipin hazırlanmasında 3D çapdan istifadə edilmişdir. Yeni dizayn edilmiş çiplərin fövqəladə xüsusiyyəti, kompüter və ya smartfonla idarə oluna bilən valf sistemidir. Valf sistemi (MPU) sayəsində məntiqi əməliyyatların birləşməsini sürətli və rahat şəkildə yerinə yetirmək üçün bir sıra reaksiyalar həyata keçirilə bilər.

Proqramlaşdırıla bilən DNT əsaslı bənzərsiz valf sistemi, genişləndirilmiş funksiyaları kodlaşdıra bilən daha mürəkkəb reaksiyaların həyata keçirilməsinə yol açır. Gələcək tədqiqatlar DNT alqoritmləri və saxlama sistemlərinin ümumi hesablanmasına yönələcək.

İnformasiya “ACS Nano” jurnalında dərc edilib.

Hazırladı:

Elenora HƏSƏNOVA,

“Respublika”.