QARABAĞ AZƏRBAYCANDIR!
Siyasət

QARABAĞ AZƏRBAYCANDIR!

TARİXİ 44 GÜNÜN ANLARI

Regionun lider dövlətlərindən olan Azərbaycan 30 ilə yaxın erməni işğalı altında olan tarpaqlarını Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi və Şanlı Ordusunun gücü ilə 44 günlük Zəfər savaşında azad etdi. Zaman keçdikcə, Vətən müharibəsində qazanılan qələbədə 44 günün hər gününün bir tarix olduğu daha aydın görünür.

Məhz buna görə də, "Respublika" qəzeti ənənəsinə sadiq qalaraq, əvvəllər "Ötən günlərin tarixi anları" adı ilə dərc etdiyi "Xronika"nı "Tarixi 44 günün anları" rubrikası ilə mövcud reallıqlar fonunda, yeni rakursda oxuculara təqdim edir.

“Respublika”.

(əvvəli 1, 2, 35 oktyabr tarixli saylarımızda)

6 oktyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Türkiyə nümayəndə heyətini salamlayan dövlət başçısı İlham Əliyev deyib: “Azərbaycan üçün o qədər də asan olmayan bir dönəmdə sizin gəlməyiniz, əlbəttə ki, xüsusi önəm daşıyır. Bu, qardaş ölkənin açıq dəstəyinin təzahürüdür. Bu dəstəyə görə Azərbaycan xalqı qardaş türk xalqına və onun Prezidentinə dərin minnətdarlıq hissi ilə yaşayır”.

Mövlud Çavuşoğlu, öz növbəsində, vurğulayıb ki, Azərbaycanın işğal edilmiş torpaqları artıq azad olunmalıdır: “Azərbaycan hüquqi və mənəvi cəhətdən də haqlıdır və bu haqlı mübarizəsini hər yerdə izah edərkən bu mübarizəni də meydanda və masada birlikdə aparmağa, inşallah, davam edəcəyik”.

***

İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Həsən Ruhani Ermənistan-Azərbaycan təmas xəttində silahlı qarşıdurmanın davam etməsindən ölkəsinin naratlığını ifadə edib və münaqişənin tez bir zamanda sülh yolu ilə həll olunacağına ümidvar olduğunu bildirib.

***

Müdafiə Nazirliyinin xüsusi xidməti müşavirəsi keçirilib. Müşavirədə əks-hücum əməliyyatında mövcud vəziyyətin təhlili aparılıb. Müdafiə naziri Zakir Həsənov qoşunlara azad olunmuş ərazilərdə həyati əhəmiyyətli və ilkin zəruri tədbirlərin görülməsinə dair göstəriş verib. Düşmən tərəfindən “İsgəndər” əməliyyat-taktiki raket komplekslərinin tətbiq olunacağı halda adekvat tədbir görüləcəyini bildirib.

***

Müdafiə Nazirliyinin məlumatında bildirilib ki, Ballıca məntəqəsində yerləşən mərkəzi silah-sursat anbarı məhv edilib. Cəbrayıl-Füzuli istiqamətində cəbhə boyu bütün istiqamətlərdə tam üstünlük Azərbaycan ordusunda olub.

***

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündə xarici muzdlulardan, o cümlədən İraq və Suriya ərazisindən gətirilmiş kürd terrorçu qruplaşma üzvlərindən fəal istifadə etdiyini sübut edən radio danışıqları ələ keçirilib. Həmçinin aparılan əməliyyatlar nəticəsində daha iki əcnəbi muzdlu-terrorçunun məhv edildiyi bildirilib.

(davamı növbəti saylarımızda)