DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ÇİN-DƏN ABŞ-A MÜHARİBƏ XƏBƏRDARLIĞI

Çin ABŞ-a dünya müharibəsi ilə bağlı xəbərdarlıq edib. “Teleqraf.com”un verdiyi xəbərə görə, Çin və Tayvan arasında yaşanan gərginlikdə Tayvanın tərəfini tutan və ona silah-sursat satan Vaşinqtona Pekindən qeyri-rəsmi xəbərdarlıq edilib.

Çinin rəsmi media orqanı “Global Times” ABŞ ilə Tayvan arasındakı məxfi razılaşmanın son dərəcə “təhqiramiz” olduğunu və tərəfləri qarşı-qarşıya gətirdiyini yazıb.

Bununla yanaşı, nəşr Çin xalqının Tayvan hakimiyyətinə dəstək olan ABŞ-la müharibəni dəstəkləməyə hazır olduğunu vurğulamaqla yanaşı, Vaşinqtona Tayvanda “odla oynamamaq” xəbərdarlığını edib.

Eyni zamanda, “The Wall Street Journal”  nəşri yüksək vəzifəli ABŞ rəsmisinə istinadən xəbər verib ki, ABŞ Xüsusi Əməliyyat Qüvvələri və Dəniz Qoşunları kontingenti Tayvanda yerli hərbçilərə gizli şəkildə təlim keçir. Ağ Ev və Pentaqon Tayvanda ABŞ hərbçilərinin olması ilə bağlı məlumatı şərh etməkdən imtina edib.

 

TÜRKİYƏ 40 ƏDƏD “F-16” QIRICI TƏYYARƏSİ ALMAQ NİYYƏTİNDƏDİR

Türkiyə 40 ədəd “F-16” qırıcı təyyarəsi almaq və Ankarada mövcud olan təxminən 80 Amerika qırıcı təyyarəsinin modernləşdirilməsi üçün ABŞ-a müraciət edib. “Trend”in məlumatına görə, bu barədə mənəbələrə istinadən “Röyters” agentliyi xəbər yayıb.

Mənbələrin sözlərinə görə, müqavilə milyardlarla dollar təşkil edir, lakin hələ Dövlət Departamenti və Pentaqonun bir hissəsi olan müvafiq hökumət qurumu tərəfindən araşdırılır.

Dövlət Departamentindən məsələ ilə bağlı bildirilib ki, silah və texnikanın digər ölkəyə satışı və ya verilməsi rəsmi olaraq Konqresə təqdim edilməlidir və yalnız bundan sonra məsələ təsdiq və ya şərh edilə bilər.

Xatırladaq ki, rəsmi Ankara daha öncə ABŞ-dan 100-dən çox “F-35” qırıcısı sifariş versə də, “S-400” zenit-raket kompleksləri ilə bağlı böhran səbəbindən 2019-cu ildə “F-35” proqramından çıxarılmışdı.

 

ABŞ SENATI BORC HƏDDİNİN ARTIRILMASI BARƏDƏ QANUNU QƏBUL EDİB

ABŞ Senatı xarici borc limitinin üst həddinin 2021-ci il dekabrın əvvəlinə qədər 480 milyard dollar həcmində artırılması barədə qanunu qəbul edib. “Report” agentliyinin verdiyi xəbərə görə, bu, 3 dekabra qədər dövlət xərclərinin maliyyələşdirilməsi üçün yetərli olacaq.

Məlumata əsasən, qanun Nümayəndələr Palatası tərəfindən təsdiqləndikdən sonra imzalanması üçün ABŞ prezidenti Cozef Baydenə təqdim ediləcək.

Lakin iş rejiminə uyğun olaraq, aşağı palata yalnız ayın ikinci yarısında işə başlayacaq. Eyni zamanda Nümayəndələr Palatasının sədri Nensi Pelosi səsvermədən əvvəl bəyan edib ki, konqresmenlər gələn həftə Vaşinqtona qayıda bilərlər.

Qeyd edək ki, sənəd təsdiqləndikdən sonra ABŞ-ın xarici borcu təxminən 28,9 trilyon dollara qədər artacaq.

 

İRAN-SƏUDİYYƏ ƏRƏBİSTANI DANIŞIQLARI REGİONAL SABİTLİK ÜÇÜN ÖNƏMLİDİR

İran və Səudiyyə Ərəbistanı arasındakı danışıqlar regional sabitlik üçün vacibdir və BMT bu dialoqun davam etdirilməsinə kömək etməyə hazırdır. “Trend”in məlumatına görə, bunu BMT-nin baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik brifinq zamanı bəyan edib.

“Səudiyyə Ərəbistanı ilə İran arasındakı danışıqlar son dərəcə əhəmiyyətlidir. Açığı, bu, bölgədə sabitlik üçün son dərəcə vacibdir. Bu əlaqələri çox xoş qarşılayırıq”, - deyə BMT rəsmisi vurğulayıb.

Stefan Düjarrikin sözlərinə görə, iki ölkə arasında istəniləcəyi təqdirdə mümkün olduğu qədər ikitərəfli təmaslara yardım ediləcək. O əlavə edib ki, “İran və Səudiyyə Ərəbistanı hazırda danışıqlar aparırlar və bu, şübhəsiz ki, yaxşı haldır”.

Qeyd edək ki, sentyabrın 3-ü Səudiyyə Ərəbistanı XİN rəhbəri şahzadə Faysal bin Fərhan Al Saud gərginliyin azaldılması məqsədilə İranla birbaşa danışıqların başladığını bildirmişdi. Danışıqların son raundu İraq tərəfinin vasitəçiliyi ilə sentyabrın 21-i baş tutub.

 

MAKRONA QARŞI İNGİLİSLƏRİN 5 MİLYON PEYVƏNDİNİ  MƏNİMSƏMƏ İTTİHAMI

Fransa Böyük Britaniya üçün nəzərdə tutulmuş 5 milyon dozaya yaxın “AstraZeneca” peyvəndini mənimsəməkdə ittiham olunur. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə “The Independent” qəzeti məlumat yayıb.

Martın 22-də “AstraZeneca” şirkətinin başçısı Rud Dobber çoxmilyonlu peyvənd partiyasının Hollandiyadakı “Halix” zavodundan Böyük Britaniyaya gətirilməli olduğunu rəsmi şəkildə elan edib.

Lakin prezident Emmanuel Makron Avropa İttifaqı rəhbərliyi ilə əməkdaşlıq edərək peyvənd partiyasını Fransaya yönləndirib. Nəticədə Hollandiyadan gələn peyvənd dozaları “son anda” məhz Fransaya göndərilib.

Qəzet qeyd edir ki, Fransa gizli şəkildə Böyük Britaniyanın baş naziri Boris Consonu “Pfizer” peyvəndinin tədarükünü kəsməklə hədələyib. Bu tədarükün kəsilməsi isə İngiltərədə peyvənd proqramını təhlükə altına qoya bilərdi. Sözügedən insidentin Boris Conson və Emmanuel Makron arasında ciddi qarşıdurmaya səbəb olduğu iddia edilir.

 

BATUMİDƏ DAĞINTILAR  ALTINDA 15-Ə YAXIN İNSANIN QALDIĞI EHTİMAL OLUNUR

“Batumidə bir hissəsi çökmüş binanın dağıntıları altında 10-15 nəfər insan qalıb”. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri jurnalistlərə açıqlamasında bildirib. Hadisə yerində olan nazirin sözlərinə görə, dağıntılar altında qalan insanların bəziləri xilasediciləri köməyə çağırır.

Bununla yanaşı, nazir qeyd edib ki, dəqiq bilinməsə də, ilkin ehtimala görə, hadisənin səbəbi kimi binanın birinci mərtəbəsində aparılan təmir işləri göstərilir. O, hadisənin qaz sızması nəticəsində baş verməsini istisna edib. Nazir əlavə edib ki, xilasetmə işlərinə 200-ə yaxın xilasedici və xüsusi texnika səfərbər olunub.

Batumi meriyasından isə bildirilib ki, bina yaşayış üçün yararlı olub və tikilidə təmir işlərinin aparılmasına ehtiyac olmayıb. Şahidlərin sözlərinə görə, bina çökməzdən öncə partlayış səsi eşidilib.

Qeyd edək ki, oktyabrın 8-də saat 12:00 radələrində Batumidə beşmərtəbəli binanın bir bloku çöküb. İndiyədək ikisi uşaq olmaqla 4 nəfər sağ tapılıb. Ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.

 

ALMANİYADA YÜKSƏK SƏSLƏ AZAN OXUNMASINA İCAZƏ VERİLİB

Almaniyada müsəlmanların yaşadığı Köln şəhərində müəyyən qaydalar çərçivəsində azan oxunmasına icazə verilib. “Report” agentliyinin verdiyi xəbərə görə, bununla bağlı şəhər meri Henrietta Reker açıqlama verib.

Vicdan azadlığına işarə edən şəhər meri bildirib ki, müsəlmanlar Kölnün ayrılmaz bir hissəsidir.

“Şəhərimizdə kilsə zənglərinin yanında azanı eşitmək Kölndə müxtəlifliyə dəyər verildiyini göstərir”, - deyə Henrietta Reker vurğulayıb.

Bununla yanaşı, Kölndə oxunacaq cümə namazı ilə bağlı bəzi qaydalar da müəyyən edilib. Belə ki, azanın müddəti 10 dəqiqəni keçməməli, səsi isə çox yüksək olmamalıdır.

Qeyd edək ki, Avropada Fransadan sonra ən çox müsəlman Almaniyada yaşayır. Ölkə müsəlmanlarının 76,4 faizi türk mənşəlidir. Bundan başqa, ölkədə İran, Bosniya və Albaniyadan köçən çoxsaylı müsəlman icmaları mövcuddur.

Hazırladı:

Vamiq ABBASOV,

"Respublika".