18 Oktyabr Dövlət Müstəqilliyi Günüdür
Siyasət

18 Oktyabr Dövlət Müstəqilliyi Günüdür

Müstəqillik xalqımızın milli sərvətidir

1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi bərpa olundu. Həmin gün Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında  Konstitusiya Aktı”nı qəbul etdi.

Azadlıq, müstəqillik əldə etmək, dövlətçiliyi qoruyub saxlamaq, onu möhkəmləndirmək hər bir xalqın arzusu, nicat yoludur. XX əsrdə iki dəfə tarixi şərait nəticəsində müstəqil Azərbaycan dövlətinin yaranması və inkişafı üçün imkanlar meydana gəlmişdir. Birinci dəfə əsrin əvvəllərində Şərqdə ilk parlamentli respublika olan AXC yarandı. 23 ay yaşamasına baxmayaraq, demokratik və mütərəqqi islahatlar keçirilməsinə nail oldu. Xalqımız XX əsrin sonlarında yenidən öz dövlət suverenliyini bərpa etdi, müstəqil  Azərbaycan Respublikası yarandı.

Lakin ilk illərdə ölkədə vətəndaş qarşıdurması yarandı, hərc-mərclik hökm sürürdü. Azərbaycan parçalanmaq təhlükəsi ilə üzləşmişdi. Dövlət o dövrün səriştəsiz hakimiyyət rəhbərinin fəaliyyəti ucbatından uçurum qarşısında qalmışdı.  Müsavat-AXC iqtidarı dövründə həm sosial-iqtisadi, həm də ictimai-siyasi istiqamətdə atılan uğursuz addımlar ölkə həyatının bütün sahələrində öz mənfi təsirini göstərirdi.

Belə bir vaxtda ölkəni yalnız siyasət aləmində böyük təcrübəyə malik, xalqın inandığı dahi şəxsiyyət xilas edə bilərdi. Bu fenomen şəxsiyyət Azərbaycan xalqının tarixində və taleyində müstəsna rolu və xidmətləri ilə ümumxalq məhəbbəti qazanan görkəmli siyasi və dövlət xadimi Heydər Əliyev idi.

Ulu öndər 1993-cü ildə xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya gəldi. Sözsüz ki,  təhlükələrlə dolu bir dövrdə belə bir addım atmaq böyük cəsarət tələb edirdi. Xalqının, ölkəsinin taleyini öz şəxsi həyatında həmişə uca tutan Heydər Əliyev yaxşı görür və bilirdi ki, Azərbaycanı parçalanmaqdan, bir dövlət kimi siyasi xəritədən silinməkdən xilas etmək üçün onun siyasi hakimiyyətə qayıtması zəruridir.

Bu böyük qayıdış xalqın ümidlərinin bərpası, onun öz xilaskarına qovuşması idi. Ölkədə özbaşınalıq, hakimiyyətsizlik hökm sürürdü. Bəzi yerlərdə separatçılıq meyilləri güclənir, cinayətkar ünsürlər meydan oxuyur, şəhər və rayonlarda özbaşınalıqlar törədilir, ziyalılar ölkəni tərk edir, silahlı qruplaşmalar arasında hakimiyyət davası gedirdi. Orduda, cəbhə xəttində hərbi intizam yox idi. Bundan istifadə edən erməni silahlı birləşmələri Qarabağı və ətraf rayonları bir-birinin ardınca işğal edirdilər.

“Heydər-xalq” birliyi ölkəmizi bütün bəlalardan xilas edib qurtardı. Heydər Əliyevin müdrik siyasəti sayəsində müstəqilliyimizi qoruyub saxlaya və onun əbədiliyini təmin edə bildik. Məhz bu dahi şəxsiyyətin hakimiyyəti dövründə demokratik dəyərlərə əsaslanan ilk Milli Konstitusiya qəbul edilmiş, milli parlament formalaşdırılmış, azad və ədalətli seçkilər keçirilmişdir. Ölkədə  iqtisadi islahatlar uğurla aparıldığından qısa müddət ərzində Azərbaycan dinamik inkişaf  yoluna çıxmışdır.

Ümummilli liderimiz Heydər Əliyev özünün zəngin biliyi və təcrübəsi əsasında Azərbaycanın yeni dövrü üçün iqtisadi inkişaf prioritetlərini müəyyənləşdirmiş, bu sahədə mövcud problemlərin həlli yollarını elmi-nəzəri və praktik əsasda göstərmişdir. Ulu öndərimiz mərkəzi planlaşdırma və bölgü prinsiplərinin hakim olduğu bir ictimai-iqtisadi formasiyadan azad bazar iqtisadiyyatına optimal keçid modelini irəli sürərək onu reallaşdırmışdır.

Müstəqil Azərbaycanın yeni neft strategiyasının həyata keçirilməsi ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında ən böyük xidmətlərindən biridir. 1994-cü ilin 20 sentyabrında “Əsrin müqaviləsi”nin imzalanmasının milli inkişafdakı misilsiz əhəmiyyəti bugünkü intensiv sosial-iqtisadi inkişaf yolunda daha qabarıq görünür. Ulu öndərin strategiyası Azərbaycana böyük uğurlar gətirdi. Bu strategiyanın əsas mahiyyəti ölkənin malik olduğu təbii sərvətlərdən Azərbaycan xalqının rifahı naminə daha uğurlu şəkildə istifadə etmək idi. Beləliklə, xalqın və dövlətin iqtisadi maraqları ilə yanaşı, ölkənin milli təhlükəsizliyi də təmin olunmağa, möhkəmlənməyə başladı. Bu gün müstəqil Azərbaycan sosial-iqtisadi inkişaf tempinə görə dünyada lider mövqeyə malik olan, regional və dünya əhəmiyyətli iri iqtisadi layihələri uğurla gerçəkləşdirən, vətəndaş cəmiyyəti quruculuğu yolunda inamla addımlayan, bütün sahələrdə bir-birinin ardınca əldə etdiyi mühüm nailiyyətlərlə öz gələcəyinin etibarlı təməlini qoyan bir ölkədir.

Müstəqil Azərbaycanın sürətli inkişafı Heydər Əliyevin müdrik, uzaqgörən siyasəti və bu kursun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməsi sayəsində mümkün olub.

Ümummilli liderimiz, dahi şəxsiyyət Heydər Əliyev əminliklə deyirdi: “Müstəqil Azərbaycan Respublikası yaşayacaq və demokratiya prinsipləri, insan azadlığı demokratik islahatlar sahəsində başqa dövlətlər üçün nümunə olacaqdır.

Qürur hissi keçiririk ki, Prezident İlham Əliyevin bütün sahələrin inkişafı üçün qətiyyətli addımları müstəqilliyimizin daha  da möhkəmlənməsinə xidmət edir. Müstəqil Azərbaycan günbəgün tərəqqi edir, dünyanın qüdrətli dövlətlərindən birinə çevrilir.

Ölkəmizdə sosial sahələrin inkişafı,  xüsusilə əhaliyə göstərilən tibbi xidmətin maksimum səviyyəyə çatdırılması, insanların sağlamlığının qorunub  saxlanılmasında birinci xanım Mehriban Əliyevanın xidmətləri danılmazdır.

30 ilə yaxın idi ki, ərazilərimizin 20 faizindən çoxu mənfur, faşist xislətli ermənilərin işğalı altında idi.  Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və əzmkarlığı sayəsində 2020-ci ildə cəmi 44 gün ərzində qəhrəman Azərbaycan ordusu işğal altında olan ərazilərimizi azad etdi. Bu gün həmin ərazilərdə geniş bərpa və quruculuq işləri aparılır. Çox keçmədən o yerlər cənnət guşəyə çevriləcəkdir.

Asiman HƏSƏNOV,

Bakı Sağlamlıq Mərkəzinin direktoru.