DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

BAYDEN ƏFQANISTANLA BAĞLI GÖRÜŞÜ SƏMƏRƏLİ HESAB EDİR

ABŞ prezidenti Cozef Bayden “G20”nin Əfqanıstan üzrə virtual görüşünün səmərəli keçdiyi qənaətindədir. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu Ağ Evin mətbuat katibi Cen Psaki keçirdiyi brifinqdə bildirib.

“Bu görüşdə İŞİD-in qolu olan “İslam Dövləti-Xorasan”ın təhdidləri ilə mübarizə və Əfqanıstanlı tərəfdaşların təhlükəsiz çıxışı məsələləri müzakirə edilib. Bu baxımdan Cozef Bayden görüşün məhsuldar keçdiyini bəyan edib”, - deyə mətbuat katibi vurğulayıb.

Bununla yanaşı, Rusiya və Çinin liderlər səviyyəsində təmsil olunmaması ilə bağlı şərhə gəldikdə isə, Cozef Bayden sözügedən məsələ ilə bağlı görüşün təşkilatçısı olan İtaliya ilə əlaqə saxlamağı tövsiyə edib.

Qeyd edək ki, sammitdə Rusiyanı xarici işlər nazirinin müavini İqor Morqulov, Çini isə Dövlət Şurasının üzvü, xarici işlər naziri Van İ təmsil edib. Görüşdə beynəlxalq humanitar və maliyyə təşkilatlarının nümayəndələri də iştirak ediblər.

 

GÜRCÜSTAN VƏ RUSİYA ARASINDA DANIŞIQLARIN 54-CÜ RAUNDU BAŞLAYIB

Cenevrədə Rusiya və Gürcüstan arasında Qafqazda təhlükəsizlik və sabitliyə dair danışıqların 54-cü raundu keçirilib. “Teleqraf.com”un xəbərinə görə, bu danışıqlarda Gürcüstan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Laşa Darsaliya rəhbərlik edib.

Məlumata əsasən, Cenevrə müzakirələri Avropa İttifaqı, BMT və ATƏT-in vasitəçiliyi ilə 2008-ci ilin oktyabr ayından bəri keçirilir.

Cenevrə görüşlərində Gürcüstan, Rusiya, ABŞ nümayəndə heyəti, Abxaziya və Cənubi Osetiya tərəfinin nümayəndələri iştirak edib.

 

İRAN VƏ PAKİSTAN ARASINDA REGİONAL MƏSƏLƏLƏR MÜZAKİRƏ OLUNUB

Pakistanın paytaxtı İslamabadda səfərdə olan İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi briqada generalı Məhəmməd Baqeri Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Qamar Caved Bacva ilə görüşüb. Bu barədə “Report” agentliyi məlumat yayıb.

Bildirilir ki, görüşdə Pakistanla İran arasında ikitərəfli əlaqələr, müdafiə sahəsində əməkdaşlıq və Əfqanıstan da daxil olmaqla regional məsələlər müzakirə edilib.

Məhəmməd Baqeri Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Raza ilə də görüşəcək.

İran nümayəndə heyəti ilə Pakistan təmsilçiləri arasında terrorçuluğa qarşı mübarizədə əməkdaşlığın genişləndirilməsi, dövlət sərhədlərinin mühafizəsinin gücləndirilməsi, informasiya mübadiləsinə dair məsələlər müzakirə olunacaq. Tərəflər eyni zamanda, müdafiə sahəsinə dair məsləhətləşmələr aparacaqlar.

 

RUSİYANIN XARİCİ BORCU 489 MİLYARD DOLLARA YÜKSƏLİB

Rusiyanın xarici borcunun həcmi 1 oktyabr tarixinə 489,2 milyard dollar təşkil edib. İlin əvvəlindən ölkənin xarici borcunun həcmi 21,9 milyard dollar artıb. “APA”nın məlumatına görə, bu barədə Rusiya Mərkəzi Bankının açıqlamasında bildirilir.

“Göstəricinin dinamikasında həlledici rolu Rusiyanın III rübdə Beynəlxalq Valyuta Fondu tərəfindən müəyyən olunmuş yanaşmalara uyğun olaraq ölkələrə verildiyi 17,5 milyard dollar məbləğində xüsusi borcalma hüquqlarının alması oynayıb”, - deyə açıqlamada qeyd olunur.

Yanvar-sentyabr aylarında dövlət idarəçilik orqanlarının borcu üzrə öhdəliklər 2,5 milyard dollar artaraq 67,8 milyard dollara yüksəlib. Mərkəzi Bank bunu qeyri-rezidentlərin suveren qiymətli kağızlara investisiyalarının həcminin artması ilə izah edir. Özəl sektorun xarici borc öhdəlikləri isə faktiki olaraq dəyişməyib.

 

EMMANUEL MAKRONU SARSIDAN NÖVBƏTİ ANLAŞMA

Ərəb mətbuatı Pakistanın Fransa istehsalı olan sualtı gəmilərin modernləşdirilməsi üçün Türkiyə ilə razılaşmasının AUKUS-dan sonra Fransaya ikinci zərbə olduğunu yazıb. Bu barədə “Teleqraf.com” xəbər verib.

Məlumata görə, ərəb mətbuatı Türkiyənin müdafiə sənayesi naziri İsmayıl Dəmirin Pakistan Hərbi Dəniz Qüvvələrinə məxsus “AGOSTA 90B” tipli sualtı gəmilərinin modernizasiyası ilə bağlı verdiyi açıqlamanı gündəmə gətirib.

“Müdafiə sahəsində siyasi təzyiqlər var. Biz bu müqaviməti qırırıq. Məsələn, fransızlar Pakistanın Fransadan aldığı sualtı gəmilərin modernizasiyası tenderinə təzyiq göstərdi, lakin layihə bizim oldu”, - deyə İsmayıl Dəmir qeyd edib.

Eyni zamanda, ərəb mətbuatı bunun ABŞ, Avstraliya və Böyük Britaniya ilə imzalanmış “AUKUS” anlaşmasından sonra Fransaya və prezident Emmanuel Makrona ikinci sarsıdıcı zərbə olduğunu bildirib.

 

BİTKOİN HASİLATININ HƏCMİNƏ GÖRƏ LİDER ÖLKƏLƏR

ABŞ bitkoin mayninqinin (hasilatının) həcminə görə, dünya ölkələri arasında birinci yerə yüksəlib. “Trend”in məlumatına görə, bu barədə Kembric Universiteti nəzdində Biznes Məktəbinin hesabatında qeyd olunur.

Hesabata əsasən, ABŞ-ın avqust ayında bitkoin mayninqində payı 17,8 faizdən 35,4 faizədək artıb. Buna qədər liderliyini qoruyan Çində isə bir müddət kriptovalyutalarla aparılan əməliyyatların qadağan edilməsi ilə əlaqədar bitkoin hasilatı sıfıra enib.

Dünya reytinqində ikinci yerə isə Qazaxıstan yüksəlib. Bu ölkənin dünya bitkoin hasilatınada payı 13,8 faizdən 18,1 faizədək yüksəlib. İlk üçlüyü isə 11,2 faiz payla Rusiya tamamlayır.

Məlumat üçün qeyd edək ki, Azərbaycanın bitkoin mayninqində payı avqust ayında 0,01 faizdən 0,03 faizədək artıb.

 

ÇİN KİBER RƏQABƏT SAHƏSİNDƏ ABŞ-I ÜSTƏLƏYİR

ABŞ Çinə qarşı kiber rəqabətdə məğlub olub. “Teleqraf.com”un verdiyi xəbərə görə, bunu Pentaqondan istefa verən yüksək səviyyəli kiber təhlükəsizlik mütəxəssisi Nikolas Çayllan bildirib.

2018-ci ildə Hərbi Hava Qüvvələrinin Baş Proqram Direktoru kimi çalışmış Çayllan “Financial Times” qəzetinə verdiyi açıqlamada ABŞ-ın kibertəhlükəsizlik qabiliyyətini sərt tənqid edərək bildirib ki, Çin bu sahədə ölkəsindən qabaqdadır. O deyib: “15 il ərzində Çinlə toqquşma şansımız olmayacaq. Hazırda iş onsuz da bitib. Mənə görə, kiber rəqabət çoxdan başa çatıb”.

Nikolas Çayllan ABŞ-ın bəzi strukturlarının süni zəka və kiber qabiliyyəti baxımından Çinlə müqayisə edildikdə “orta məktəb” səviyyəsində qaldığını vurğulayıb.

 

“WHATSAPP” İSTİFADƏÇİLƏRİ ÜÇÜN YENİ FUNKSİYA HAZIRLANIB

Məşhur messencerlərdən olan “WhatsApp” istifadəçilər üçün məlumatların yeni şəkildə saxlanılmasına imkan verəcək yeni funksiya hazırlayıb. Bu barədə “Report” agentliyi məlumat yayıb.

Verilən xəbərə görə, messencerə hansı məlumatların saxlanılacağını konfiqurasiya etmək quraşdırılacaq. Bu yolla “WhatsApp” istifadəçiləri smartfonda problem yarandığı halda lazım olan ehtiyat nüsxədəki məlumatları seçə biləcəklər. Fərdiləşmə funksiyasının ortaya çıxması nəticəsində, istifadəçilər həmçinin proqramın yaddaşında yer saxlaya biləcəklər.

Bununla yanaşı, “WhatsApp” istifadəçilərdən nəyin ehtiyat nüsxəsini çıxarmağı istəyəcək. Bölmələr arasında fotoşəkillər, audio və videoqeydlər, sənədlər var.

Hazırladı:

Vamiq ABBASOV,

"Respublika".