Tarixə yazılan günlər
Siyasət

Tarixə yazılan günlər

Azərbaycana ərazi iddiaları ermənilərin elə bu torpaqlara ayaq basdıqları gündən başlayıb. Onların "böyük Ermənistan" yaratmaq arzusu və bu istiqamətdə işğalçılıq fəaliyyəti isə XX əsrin sonlarında daha da genişləndi. Nəticədə torpaqlarımızın 20 faizi işğal edildi. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi bu işğala son qoydu. Tariximizin şanlı salnaməsi yazıldı. Bu salnamənin hər səhifəsi əlamətdar hadisələrlə zəngindir.

"Azərbaycan əsgəri döyüş meydanında göstərir ki, kim haqlıdır, kim haqsızdır. Biz gücümüzü, xalqımızın iradəsini döyüş meydanında göstəririk. Paşinyanın digər təxribatları da cavabsız qalmır və qalmayacaq. Azərbaycan xalqının ləyaqəti bərpa olunur. Şəhidlərimizin qanı yerdə qalmır və qalmamalıdır. Bu gün azad etdiyimiz şəhərlər, kəndlər Paşinyana və onun kimilərə bizim ən gözəl cavabımızdır".

Azərbaycan Prezidenti İlham Əliyevin söylədiyi bu fikirlər əslində hər bir azərbaycanlının düşündüyünün ifadəsidir. Vətən müharibəsinin ilk anından döyüş üstünlüyünü ələ alan Azərbaycan Ordusu hər kənd, hər qəsəbəni, hər bir strateji yüksəkliyi ələ keçirdikcə xalqımızın qələbəyə inamını artırır, onun mübarizə ruhunu gücləndirirdi. Adətən müharibələr əsas mərhələləri, taktiki gedişləri, həlledici döyüşləri ilə tarixin səhifələrində özünə yer alır. Azərbaycanın 30 ildən bəri işğal altında qalan torpaqlarının azad edilməsi məqsədilə aparılan haqq savaşında bir qarış torpaq uğrunda gedən döyüşün belə öz əhəmiyyəti vardı. Xalq Prezidentindən hər gün yeni müjdələr gözləyirdi.

Oktyabrın 16-da Azərbaycan Prezidentinin rəsmi "Twitter" səhifəsində verdiyi xəbər də xalqımız üçün az əhəmiyyətli deyildi. Ölkə başçısı yazırdı: "Rəşadətli Azərbaycan Ordusu tərəfindən Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!".

Onu da deyək ki, sentyabrın 27-dən oktyabrın 16-dək Azərbaycan Ordusu Xocavənd rayonunun ümumilikdə 14 kəndini işğaldan azad etmişdi. İlk olaraq Xocavəndin Hadrut qəsəbəsi, daha sonra Sur, Bulutan, Məlikcanlı, Qırmızıqaya, Dağdöşü, Tağaser, Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri azadlığına qovuşub.

Ümumiyyətlə, yalan, iftira, böhtanla özünə ad çıxaran Ermənistanın Xocavəndin Hadrut qəsəbəsinin azad edilməsi ətrafında yalanları da səngimirdi. Prezident İlham Əliyev oktyabrın 16-da Türkiyənin "A Haber" televiziya kanalına verdiyi müsahibəsində müxbirin: "Bu arada "Hadrut hələ də bizdədir" - deyə hazırda yalan təbliğat aparılır, qəbul edə bilmirlər" - açıqlamasına münasibət bildirərək demişdir: "Bəli, bu günə qədər bu yalan təbliğatı aparırlar. Hadrutda artıq neçə gündür ki, Azərbaycan bayrağı dalğalanır. Hadrutun ətrafındakı yüksəkliklərin, təpələrin mütləq əksəriyyəti bizim nəzarətimizdədir. Əgər Hadrut götürülməsəydi, Xocavənd rayonunun kəndləri də götürülə bilməzdi, o zaman Füzuli rayonunun kəndləri də götürülə bilməzdi. Biz ancaq Hadrut istiqamətindən oraya irəlilədik".

Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə də ölkə başçısı ümumiyyətlə, İkinci Qarabağ müharibəsindəki əməliyyatlar sırasında xüsusi əhəmiyyət daşıyan Hadrut əməliyyatı barədə danışmışdır: "Həm hərbi nöqteyi-nəzərdən, həm strateji nöqteyi-nəzərdən bu əməliyyatın çox böyük əhəmiyyəti var idi. Bu əməliyyatın uğurla başa çatması bizə imkan verdi ki, öz hədəfimizə - Qarabağın azad edilməsinə nail olaq".

Bu hədəfə çatmaq üçün bütün Azərbaycan ayağa qalxmışdı. Xalq öz Prezidentinə, Ordusuna inanır, ona dəstək olurdu. Xalqın dəstəyindən ruhlanan Azərbaycan əsgəri cəbhədə qəhrəmanlıq dastanı yazırdı. Bütün bunlardan ilham alan Prezident, Ali Baş Komandan isə digər cəbhələrdə mətinliklə döyüşür, Azərbaycanın haqq səsini dünyaya çatdırırdı. Cəbhədə isə döyüşlər davam edirdi...

"Respublika".