Tarixə yazılan günlər
Digər xəbərlər

Tarixə yazılan günlər

Həmin gün Azərbaycanın şanlı Ordusu 1993-cü il 23 avqust işğal tarixinin üstündən bir xətt çəkərək, üzərinə 2020-ci il 17 oktyabr zəfərini yazdı. Bəli, Ordumuz Füzuli şəhərini öz sahiblərinə qaytardı və 27 il yağı, vandal düşmənin tapdağı altında qalan qədim bölgə işğaldan tamamilə azad edildi. "Şanlı Azərbaycan Ordusu öz xilaskarlıq missiyasını uğurla davam etdirir. Son günlər ərzində mən xalqıma xəbər verərək, yeni azad edilmiş kəndlərin adlarını açıqlamışdım. Bu gün də böyük məmnunluq, böyük sevinc hissi ilə azad edilmiş növbəti yaşayış məntəqələrinin adlarını əziz xalqıma çatdırmaq istəyirəm. Bu gün Füzuli rayonunun aşağıdakı yaşayış məntəqələri işğalçılardan azad edilib - Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhəri. Füzuli şəhəri işğalçılardan azad edilib, Füzuli bizimdir, Qarabağ Azərbaycandır! Mən bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu münasibətlə əziz füzulililəri ürəkdən təbrik edirəm. Uzun illərin doğma torpaq həsrəti sona çatır", - deyə Ali Baş Komandan İlham Əliyev növbəti qələbə müjdəli xəbərin sevincini xalqımızla bölüşürdü.

Prezident İlham Əliyev oktyabrın 17-də xalqa müraciəti zamanı Füzuli şəhərinin işğaldan azad olunduğunu xəbər verərkən qeyd edib ki, Füzuli ətrafındakı bir neçə müdafiə xəttinin yarılması Azərbaycana növbəti strateji üstünlüklər verirdi. Beləliklə, 2020-ci ilin 27 sentyabrından başlamış 17 oktyabr tarixinə kimi davam edən, Füzuli rayonu və Füzuli şəhəri uğrunda Azərbaycan Silahlı Qüvvələri və Ermənistan silahlı qüvvələri arasında davam edən şiddətli döyüşlər, strateji baxımdan xüsusi əhəmiyyəti ilə İkinci Qarabağ müharibəsində yaddaşlardan silinməyən döyüşlərdən biri oldu. Azərbaycan Silahlı Qüvvələrinə aid şəxsi heyət və tank bölmələrinin raket-artilleriya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə təmas xəttində Ermənistan silahlı qüvvələrinin ön xətdə yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikası aşkar edilərək məhv edilmiş, əməliyyat sayəsində Ermənistan ordusu xeyli canlı qüvvə və texnika itirmişdir. Üstəlik, Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycan Ordusunun cənub cəbhəsi boyunca irəliləməsi üçün geniş imkanlar yaratmış, bununla da rəşadətli ordumuz ağır döyüşlərdə düşmənə sarsıdıcı zərbələr endirməklə 27 sentyabr tarixindən 18 oktyabra qədər Füzulinin Füzuli şəhəri və 17 yaşayış məntəqəsi, Cəbrayılın Cəbrayıl şəhəri və 27 yaşayış məntəqəsi, Xocavəndin 14 yaşayış məntəqəsi və Kəlbəcərin Murovdağ yüksəkliyini işğalçılardan azad etmişdir.

Füzulinin işğal olunması ilə dünya növbəti erməni vandalizminin klassik nümunəsinin şahidi olmuşdu. 51 kəndi və rayon mərkəzi ermənilər tərəfindən viran qoyulmuş, 55 min nəfərə yaxın sakin doğma yurdundan didərgin düşmüşdü. Həmin gün Füzulidən yayılan videokadrlardan da görünürdü ki, 27 il ərzində düşmən daşı daş üstündə qoymayıb. Əslində Füzulinin azad edilməsi böyük perspektivlərdən xəbər verirdi. Çünki vaxtilə bu şəhər işğal olunanda belə fikirlər deyilirdi ki, Cəbrayılın, Zəngilanın və Qubadlının mühasirəyə düşmə təhlükəsi yaranmışdır. İndi bu ərazilərin işğaldan azad olunması şanlı Ordumuza Zəngilan və Qubadlının da tezliklə işğaldan qurtarması üçün əlverişli imkanlar açırdı. Hərbi ekspertlər bildirirdilər ki, Füzulinin azad edilməsi Şuşaya daha da yaxınlaşmaq deməkdir. Oktyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində demişdir: "Bu gün tarixi bir gün idi. On yeddisi oktyabr 2020-ci il nəinki füzulililərin xatirəsində, Azərbaycan dövlətinin tarixində də əbədi qalacaqdır. Bu gün biz hamımız sarsılmaz birliyimizlə dövlətimizin ən parlaq səhifəsini yazırdıq, həmrəylik, qarşılıqlı dəstəklə bu şanlı tarixi əbədiyyətə çevirirdik. Biz döyüş meydanında gücümüzü göstərdik, həm düşmənə, həm də bütün dünyaya. Döyüş meydanında göstərdiyimiz güc və onun mənbəyi Azərbaycan xalqının iradəsidir, Azərbaycan xalqının istedadıdır və bizim əldə etdiyimiz uğurlardır. Bir daha demək istəyirəm ki, biz xoşbəxt insanıq, bizim nəslimiz xoşbəxtdir ki, bu sevincli günləri görə bilirik. Mən özümü xoşbəxt insan hesab edirəm ki, bu sevincli xəbərləri doğma xalqıma çatdırıram. Ali Baş Komandan kimi bütün işlərə rəhbərlik edirəm və Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da öz fəaliyyətimdə ölkəmizin, xalqımızın milli maraqlarını qorumaq üçün əlimdən gəlini əsirgəməyəcəyəm. Heç bir təhdid, heç bir hədə, heç bir təzyiq mənim iradəmə təsir edə bilməz. Bizim işimiz haqq işidir. Biz öz torpağımızda vuruşuruq, öz ərazi bütövlüyümüzü bərpa edirik".

Həmin günün media gündəmi bu tarixi hadisəyə münasibət ilə zənginləşmişdi. Qələbənin verdiyi qürur və iftixar hamının bütün torpaqlarımızın tezliklə azad olunmasına inamını daha da yüksəldirdi. Füzuli şəhərinin və onun ətraf ərazilərinin işğaldan azad edilməsi Vətən müharibəsində ölkəmizin hərbi-taktiki üstünlüyünü dönməz şəkildə təmin etdi. Füzulinin malik olduğu unikal coğrafi mövqe və kommunikasiya imkanları digər ərazilərimizin düşməndən təmizlənməsində təsirli rol oynadı. Bu hərbi nailiyyət Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin gücünü, qüdrətini, Azərbaycan xalqının əzmini, iradəsini bütün dünyaya nümayiş etdirdi.

"Respublika".