Tarixə yazılan günlər
Digər xəbərlər

Tarixə yazılan günlər

Torpaqlarımızın 30 illik işğalına son qoymaq ugrunda gedən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələri yalnız irəliyə gedərək xalqımızın Zəfər tarixinin qəhrəmanlıq dolu səhifələrini yazdı...

Azərbaycan Ordusunun azad etdiyi ilk şəhər Cəbrayıl oldu. Ölkə başçısının dediyi kimi "... bizim Böyük Qayıdışımız Cəbrayıldan başlamışdır və İkinci Qarabağ müharibəsindəki birinci ciddi uğurumuz da məhz Cəbrayıl şəhəri ilə, Cəbrayıl rayonu ilə bağlıdır".

Azərbaycan Ordusunun növbəti qələbəsi, qəhrəmanlıq salnaməmizin növbəti səhifəsi.... Oktyabrın 19-da şanlı ordumuz Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində Xudafərin körpüsünün yerləşdiyi, mühüm hərbi-strateji əhəmiyyətə malik olan Cəbrayıl rayonunun daha 13 kəndini işgaldan azad etdi.

Azərbaycan Prezidenti İlham Əliyev şanlı ordumuzun zəfərini elan edərək öz "Twitter" hesabında yazıb: "Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri azad edilmişdir. Qarabağ Azərbaycandır!".

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi həmin gün cəbhədə olan vəziyyətlə bağlı məlumat yayıb: "Oktyabrın 19-u gün ərzində və 20-nə keçən gecə cəbhənin Ağdərə-Ağdam, Füzuli-Hadrut-Cəbrayıl və Qubadlı-Zəngilan istiqamətlərində müqavimət göstərməyə cəhd edən düşmənə qarşı döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub.

Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 4 ədəd BM-21 "Qrad" YARS, 1 ədəd D-30 haubitsa topu və 5 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Qoşunlarımız bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət edir".

Ermənistanın ən böyük məğlubiyyəti və daxili siyasətinə ciddi zərbə olan Cəbrayıl döyüşlərində düşmənin canlı qüvvə, texnika və silah-sursat sarıdan itkisi çox böyük oldu. Belə ki, Ordumuzun həyata keçirdiyi ən ağır döyüşlərdən biri olan Cəbrayılın azad edilməsi uğrunda gedən döyüşlər düşmənin müdafiə potensialını zəiflətdi, əks-hücum əməliyyatları uğursuzluğa düçar oldu, həm də illərdir formalaşdırmağa çalışdıqları "yenilməz erməni ordusu" mifi dağıldı.

2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks-hücumu nəticəsində Lələtəpə yüksəkliyini işğaldan azad etmiş qəhrəman oğullarımız düz 5 il sonra yarımçıq qalmış işini tam qalibiyyətlə həyata keçirdi.

Bu il oktyabr ayının 4-də Cəbrayıl rayonunun ictimaiyyət nümayəndələri ilə görüşündə Prezident İlham Əliyev demişdir: "Oktyabrın 4-ü bizim tariximizdə əbədi qalacaq. Çünki oktyabrın 4-də Cəbrayıl şəhəri işğalçılardan azad edildi və bu Qələbənin çox böyük mənası var idi. Çünki ilk dəfə olaraq müharibənin birinci həftəsində şəhər, rayon mərkəzi azad edilmişdi. Bunun çox böyük rəmzi mənası var idi. Bu, bizim Ordumuza əlavə güc verdi, inam verdi".

Cəbrayıldan sonra Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi. Döyüşlər səngimir, qətiyyətli Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 30 ildə itirilən torpaqları bir-birinin ardınca düşməndən azad edirdi...

"Respublika".