QARABAĞ AZƏRBAYCANDIR!
Siyasət

QARABAĞ AZƏRBAYCANDIR!

TARİXİ 44 GÜNÜN ANLARI

Regionun lider dövlətlərindən olan Azərbaycan 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarını Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi və Şanlı Ordusunun gücü ilə 44 günlük Zəfər savaşında azad etdi. Zaman keçdikcə, Vətən müharibəsində qazanılan qələbədə 44 günün hər gününün bir tarix olduğu daha aydın görünür.

Məhz buna görə də, "Respublika" qəzeti ənənəsinə sadiq qalaraq, əvvəllər "Ötən günlərin tarixi anları" adı ilə dərc etdiyi "Xronika"nı "Tarixi 44 günün anları" rubrikası ilə mövcud reallıqlar fonunda, yeni rakursda oxuculara təqdim edir.

“Respublika”.

 

(əvvəli 1, 2, 3, 5, 67, 891012,131415,16 və 17 oktyabr tarixli saylarımızda)

19 oktyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Qəbul zamanı Azərbaycan Prezidenti deyib: "Döyüş meydanında biz düşməni məğlub edirik. Hər gün cəbhədən çox gözəl xəbərlər gəlir. Azərbaycan Ordusu zəfər marşındadır və qarşımızda duran bütün vəzifələr yerinə yetirilir".

***

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyevi Xudafərin körpüsündə Azərbaycan bayrağının qaldırılması və DSX-nin iştirakı ilə bir neçə yaşayış məntəqəsinin azad edilməsi münasibətilə təbrik edib və təbriklərinin bütün şəxsi heyətə çatdırılmasını tapşırıb. General-polkovnik Elçin Quliyev DSX-nin şəxsi heyətinin Ali Baş Komandanın bütün tapşırıqlarını bundan sonra da layiqincə yerinə yetirəcəyini bildirib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinə videomüsahibə verib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsində paylaşım edib: "Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar. Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!".

***

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında Müstəqillik günü ilə bağlı paylaşım edib. Paylaşımda deyilir: "Bu günlərdə bütün dünya ictimaiyyəti Azərbaycan xalqının yenilməz iradəsinin, qətiyyətinin, əzminin, birlik və həmrəyliyinin, Vətənə sadiqliyinin şahididir, əminəm ki, xalqımızın məhz bu xüsusiyyətləri bizə qarşımızda dayanan bütün vəzifələrin öhdəsindən uğurla gəlməyə, o cümlədən müstəqilliyimizi qoruyub saxlamağa hər zaman kömək edəcəkdir. Qoy Azərbaycanın müstəqilliyi əbədi olsun! Uca Tanrı xalqımızı, Vətənimizi qorusun!

***

"Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçin Veysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri azad edilmişdir. Qarabağ Azərbaycandır!”. Bu məlumatı da Azərbaycan Prezidenti İlham Əliyev rəsmi "Twitter" səhifəsində bildirib.

***

Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Bakıda jurnalistlərə müsahibə verib. Bütün Türkiyə xalqının Azərbaycan Ordusu üçün dua etdiyini deyən M.Şentop bildirib: "Ötən əsrin əvvəlində Türkiyənin 34 şəhərindən insanlarımız burada döyüşüblər. Türkiyədən gələrək Azərbaycanda döyüşüb şəhid olanların Şəhidlər Xiyabanında abidələri var. Bu gün Azərbaycanın işğal olunmuş ərazilərini azad etmək üçün apardığı savaşı Türkiyədə insanlarımız ölkənizin vətəndaşları qədər həyəcanla izləyirlər".

(davamı növbəti saylarımızda)