Tarixə yazılan günlər
Digər xəbərlər

Tarixə yazılan günlər

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev 2020-ci il oktyabrın 22-də növbəti möhtəşəm qələbə müjdəli xəbəri özünün rəsmi "Twitter" səhifəsində paylaşıb: "Azərbaycan Ordusu Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli kəndlərini, Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstalıbəyli, Dərzili kəndlərini, Zəngilan rayonunun Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndlərini və Ağbənd qəsəbəsini işğaldan azad edib". Dövlət başçısı bildirib ki, Zəngilan rayonunun Ağbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycan və İran sərhədi tam nəzarətə götürülüb. Ali Baş Komandan müraciətini yenə "Eşq olsun Azərbaycan Ordusuna!, Qarabağ Azərbaycandır!" sözləri ilə tamamlayıb.

2020-ci il sentyabrın 27-dən başlayan müharibədə şanlı ordumuzun işğal bölgəsində əks-həmlə əməliyyatları davam edib. Oktyabrın 22-də Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoçu qəbul edərkən dediyi: "Əfsuslar olsun ki, 1990-cı illərin əvvəllərində xaricdən gələn dəstək hesabına onlar bizim torpaqlarımızı zəbt ediblər. İndi də, indiki şəraitdə də biz görürük ki, onlara xaricdən yardım edilir. Oraya muzdlular, pullu əsgərlər göndərilir. Oraya böyük silahlar göndərilir. Buna baxmayaraq, biz bu çirkin rejimin belini qırırıq, qıracağıq. Haqq işimizi davam etdiririk, Türkiyə kimi qardaş ölkə yanımızdadır, hər zaman birlikdəyik" sözlərini rəşadətli Silahlı Qüvvələrimiz ağır döyüşlərdə əyani nümayiş etdirir. Belə ki, 22 oktyabra qədər Füzulinin Füzuli şəhəri və 29 yaşayış məntəqəsi, Cəbrayılın Cəbrayıl şəhəri, Xudafərin qəsəbəsi və 52 yaşayış məntəqəsi, Xocavəndin Hadrut qəsəbəsi və 18 yaşayış məntəqəsi, Zəngilanın Zəngilan şəhəri, Həkəri, Mincivan, Ağbənd qəsəbələri və 30 yaşayış məntəqəsi, Tərtərin 3 yaşayış məntəqəsi və Kəlbəcərin Murovdağ yüksəkliyi işğalçılardan azad olunmuşdur. Bu döyüşlərdə Azərbaycan az itki ilə böyük irəliləyişlərə imza atdı. Başlanğıcda bir sıra kəndləri və strateji körpüləri işğaldan azad etdikdən sonra Azərbaycan Silahlı Qüvvələri oktyabrın 22-də Qarabağın İranla cənub sərhədini tamamilə azad edib, Laçın dəhlizinə doğru irəliləməyə başladı.

Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının qarşısını uğurla alması, düşmənə sarsıdıcı zərbələr endirməklə cəbhədə əldə etdiyi qələbələr Azərbaycan xalqı tərəfindən böyük sevinc və ruh yüksəkliyi ilə qarşılanır. Azərbaycan vətəndaşları, xaricdə yaşayan azərbaycanlılar, eləcə də Türkiyə vətəndaşları bu nailiyyətlərə görə Prezident, Ali Baş Komandan İlham Əliyevə çoxsaylı təbrik və minnətdarlıq məktubları göndərib. Birinci vitse-prezident Mehriban xanım Əliyeva Trend İnformasiya Agentliyinə müsahibəsində deyib: "Bu gün biz hamımız cəbhədə baş verənlər barədə fikirlərlə yaşayırıq. Azərbaycan xalqı öz Prezidentinə inanır və əmindir ki, Prezident nəyi necə, nə vaxt etmək lazım olduğunu bilir. Buna görə də biz bütün hərəkətlərimizdə və fəaliyyətimizdə həmişəkindən daha çox həmrəyik. Şübhəsiz, bizim əsgərlərimiz bu dəstəyi hiss edirlər. Bilirlər ki, onların arxasında bütün Azərbaycan xalqı dayanır". Həmin gün Müdafiə Nazirliyinin rəsmi məlumatında rəşadətli ordumuzun uğurlu döyüş əməliyyatları, düşmənə sarsıdıcı zərbələri barədə bildirilirdi ki, oktyabrın 21-i gün ərzində və 22-nə keçən gecə cəbhənin Ağdərə-Ağdam, Füzuli-Cəbrayıl və Zəngilan-Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub. Azərbaycan Ordusunun keçirdiyi əməliyyat nəticəsində cəbhənin Qubadlı istiqamətində Ermənistan silahlı qüvvələrinin müdafiə olunan bölmələri şəxsi heyət və hərbi texnikada itki verərək vacib yüksəklik və bir sıra mövqelərdən geri çəkilməyə məcbur edilib.

Cəbhənin Xocavənd istiqamətində mövqe tutan Ermənistan silahlı qüvvələrinin 155-ci artilleriya alayının D-20 batareyasının şəxsi heyəti arasında çoxlu sayda yaralanan var. Onların təxliyəsi üçün nəqliyyat vasitəsinin çatışmazlığı və yolların bağlı olması məlum olub. Hadrut qəsəbəsindən şimalda yerləşən düşmənin artilleriya bölmələrinə yeni gətirilmiş könüllülər atəş mövqelərini tərk edərək qaçıb. Ağdərə istiqamətində yerləşən 5-ci dağatıcı alayın müdafiə sahəsinə endirilən artilleriya zərbələri nəticəsində düşmən ölən və yaralanan olmaqla, çoxlu sayda itki verib. Alayın 3-cü taborunun komandiri Robert Hambartsumyan itkin düşüb, taborun qərargah rəisi isə məhv edilib. Yeraltı sığınacağın sıradan çıxarılması nəticəsində düşmənin şəxsi heyəti arasında xeyli itki olub. 543-cü alayın müdafiə sahəsinə vurulan atəş zərbələri nəticəsində şəxsi heyət arasında xeyli itki var. Alay komandiri yaralanıb, onun müavini, tabor komandiri Araik Hovakimyan, onun müavinləri, minaatan batareyası və bölüyünün komandirləri məhv edilib. 1-ci taborun bir bölüyünün şəxsi heyəti döyüşə girməkdən imtina edib.

Xəbərlər bu inamlı sözlərlə tamamlanırdı: "Hazırda bütün cəbhəboyu döyüşlər davam edir. Qoşunlarımız əməliyyat şəraitinə nəzarəti əldə saxlayır".

"Respublika".