Tarixə yazılan günlər
Digər xəbərlər

Tarixə yazılan günlər

“Ermənistan başa düşməlidir ki, o,  artıq yolun kənarındadır. Artıq ondan ötrü heç kim  vuruşmayacaq... Lakin biz qarşıdurma istəmirik, biz sülh istəyirik, onların bizə və xalqımıza gətirdiyi bütün  ağrı-acılara və faciələrə  baxmayaraq”. Bu da növbəti xəbərdarlıq!.. Bəli, ölkə  başçısının dediyi kimi, biz heç zaman qarşıdurma istəməmişik, sülh istəmişik. Biz müharibə istəməmişik, lakin torpaqlarımızı düşməndən  geri almaq üçün  başqa bir seçim də  buraxmadı ermənilər. Azərbaycan ordusu müharibənin elə ilk günündən, ilk saatlarından “düşmənin gözünün odunu alıb”, onun dərsini  verirdi. Hər gün qələbə xəbəri  gəlirdi.  23 oktyabr!.. Bu günün  də müjdəsi var.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin  verdiyi məlumata görə  oktyabrın 23-nə  keçən gecə  cəbhənin Ağdərə, Füzuli-Hadrut-Cəbrayıl və Qubadlı istiqamətlərində döyüş  əməliyyatları  müxtəlif intensivliklə davam edib. Prezident İlham Əliyev özünün “Twitter” səhifəsində Xocavənd rayonunun  Dolanlar,  Bünyadlı,  Cəbrayıl rayonunun Dağ Tumas,  Nüsüs, Xələfli,  Minbaşılı, Veysəlli, Zəngilan rayonunun  Vənədli və  Mirzəhəsənli, Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı,  Alaqurşaq kəndlərinin işğaldan  tam azad edildiyini açıqlayıb.

Bununla da,  Ordumuz müharibənin ilk günündən  Xocavənd rayonunun 21, Cəbrayıl rayonunun 59, Zəngilan rayonunun 38 və Qubadlı rayonunun 4 kəndini düşməndən  geri almışdır.

ABŞ-a işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikasının Xarici İşlər naziri  Ceyhun Bayramov ABŞ Dövlət katibi Mayk  Pompeo  ilə görüşüb. Nazir Ermənistan-Azərbaycan  Dağlıq Qarabağ münaqişəsində son  vəziyyətlə bağlı müzakirə aparıb, Ermənistan tərəfinin  destruktiv siyasəti, azərbaycanlı  dinc əhalinin məqsədyönlü şəkildə atəşə tutulması,  xaricdən muzdluların və terrorçuların kütləvi cəlb olunması və sair məsələlər  barədə ətraflı məlumat verib. Ceyhun Bayramov onu da  vurğulayıb ki,  Azərbaycanın haqlı mövqeyi BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsinə və digər beynəlxalq təşkilatların sənədlərinə əsaslanır.

Kimin-kim olduğu yavaş-yavaş dünyaya  bəlli olur. Dünyanın ən nüfuzlu media  qrupları haqq səsimizi eşitməyə başlayırlar,  deyəsən. Bu mənada Fransanın TF1 televiziya  kanalının cəbhə xəttindən hazırladığı reportaj da marağa səbəb olmuşdu. Azərbaycandakı  vəziyyət, ordumuzun şücaəti,  Ermənistan silahlı qüvvələrinin  mülki insanları və infrastrukturu  hədəfə alması,  Gəncənin yaşayış massivini  bombardman  etməsindən  bəhs edən  reportajda cəbhə xəttinə yaxın yerlərdə insanların gündəlik həyatının  çətin olduğu, onların erməni silahlı  qüvvələri tərəfindən  atəşə tutulduğu  göstərilib. Mülki əhalinin  evlərinin, mal-qarasının məhv edilməsindən, ölən və yaralananlardan  danışılıb.

Azərbaycan Respublikasının Baş Prokurorluğu  Ermənistanın təxribatları nəticəsində  sentyabrın 27-dən  oktyabrın 23-ü saat 17:00-dək  dinc əhaliyə qarşı törədilmiş  cinayətlərin  statistikasını  təqdim edib.  Məlumatda bildirilib ki,  ümumilikdə  bu müddət ərzində Ermənistan silahlı qüvvələrinin  yaşayış məntəqələrimizi  ağır artilleriya  qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində  mülki şəxslərdən 63 nəfər həlak olub, 298 nəfər isə xəsarət alıb.

Torpaqlarımız qarış-qarış azad edilirdi. Təəssüf ki,  itkilərimiz də vardı. Azərbaycan oğulları  canından keçirdi bu yolda.  Üzülürdük... Təbii ki,  dövlət başçısı  da  şərik olurdu acımıza,  hər çıxışında  şəhidlərimizi ehtiramla  yad edir, Azərbaycan Ordusunun  ünvanına alqışlar deyirdi. Ümidimiz artırdı, belə qəhrəman oğulları olan xalq heç vaxt məğlub olmaz. Günlərimizi sayırdıq, qulaqlarımız səsdə idi.  Sabah bizi nə gözləyirdi, görəsən? Sevimli Prezidentimizin daha bir xoş müjdəsi...

“Respublika”.