QARABAĞ AZƏRBAYCANDIR!
Siyasət

QARABAĞ AZƏRBAYCANDIR!

TARiXi 44 GÜNÜN ANLARI

Regionun lider dövlətlərindən olan Azərbaycan 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarını Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi və Şanlı Ordusunun gücü ilə 44 günlük Zəfər savaşında azad etdi. Zaman keçdikcə, Vətən müharibəsində qazanılan qələbədə 44 günün hər gününün bir tarix olduğu daha aydın görünür.

Məhz buna görə də, "Respublika" qəzeti ənənəsinə sadiq qalaraq, əvvəllər "Ötən günlərin tarixi anları" adı ilə dərc etdiyi "Xronika"nı "Tarixi 44 günün anları" rubrikası ilə mövcud reallıqlar fonunda, yeni rakursda oxuculara təqdim edir.

“Respublika”.

 

(əvvəli 1, 2, 3, 5, 67, 891012,131415,1617, 19202122 oktyabr tarixli saylarımızda)

23 oktyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsində bildirib: "Müzəffər Azərbaycan Ordusu Xocavənd rayonunun Dolanlar, Bünyadlı kəndlərini, Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Veysəlli, Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli, Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!".

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Qəhrəman, Qubadlının azadlığı uğrunda şəhid olmuş Şükür Həmidovun atası Nəriman Həmidovla telefonla danışıb. Dövlətimizin başçısı Şükür Həmidovun həlak olması ilə bağlı başsağlığı verib, qeyd edib ki, Şükür Həmidov hələ Aprel döyüşləri zamanı göstərdiyi şücaətə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş, bu dəfə Qubadlı rayonunun azadlığı uğrunda döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olmuşdur. Prezident İlham Əliyev Şükürün doğulduğu və azadlığı uğrunda həlak olduğu Qubadlı rayonunda onun adının əbədiləşdiriləcəyini bildirib.

***

Fransanın TF1 televiziya kanalı cəbhə xəttindən reportaj yayımlayıb. Reportajda Azərbaycandakı vəziyyət, ordumuzun şücaəti, Ermənistan silahlı qüvvələrinin mülki insanları və infrastrukturu hədəfə alması, Gəncənin yaşayış massivini bombardman etməsindən bəhs edilir.

Reportajda cəbhə xəttinə yaxın yerlərdə insanların gündəlik həyatının çətin olduğu, onların erməni silahlı qüvvələri tərəfindən atəşə tutulduğu göstərilib. Mülki əhalinin evlərinin, mal-qarasının məhv edilməsindən, ölən və yaralananlardan danışılıb.

***

Azərbaycan Respublikasının Baş Prokurorluğu Ermənistanın təxribatları nəticəsində sentyabrın 27-dən oktyabrın 23-ü saat 17:00-dək dinc əhaliyə qarşı törədilmiş cinayətlərin statistikasını təqdim edib. Məlumatda bildirilib ki, ümumilikdə bu müddət ərzində Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində mülki şəxslərdən 63 nəfər həlak olub, 298 nəfər isə xəsarət alıb.

(davamı növbəti saylarımızda)