Sağlam həyat
Maraqlı

Sağlam həyat

Arzuolunmaz xatirələri yaddaşımızdan silmək mümkün ola bilər

Ömrümüz boyu bir çox məlumat və ya qarşılaşdığımız hadisələri yaddaşımızda saxlayaraq həyatımıza davam edirik. Bunlardan bəziləri yaddaşımızdan silinsə də, bəziləri ömürlük bizimlə qalır. Əslində bunun həyatımıza təsir edə biləcək həm mənfi, həm də müsbət tərəfləri var. Ən pisi, unutmaq istədiyimiz hadisələrin və ya acı xatirələrin zamanla beynimizdə bir travmaya çevrilərək ruhi sağlamlığımızı riskə ata bilməsidir. Yəqin ki, çoxlarınız yaşadığınız bu cür xatirələrin yaddaşınızdan silinməsini xəyal etmisiniz. Sizlərə bir az inandırıcı gəlməsə də, bu xəyalın yaxında gerçəyə çevrilmə ehtimalı yüksəkdir. Belə ki, amerikalı alimlər beyində arzuolunmaz xatirələrin silinməsinə kömək edə biləcək bir protein tapıblar.

Kembric Universitetinin bir qrup tədqiqatçısı yaddaşdakı məlumatların dəyişdirilməsi ehtimalı ilə bağlı araşdırma aparıb. Elm adamları beyindən pis xatirələri silməyə kömək edə bilən bir zülal tapıblar. Alimlər diz qapağında tapdıqları bu zülalın pis xatirələri yaddaşdan silə bilməklə yanaşı, travma sonrası yaranan psixoloji xəstəliklərin müalicəsinə də kömək edəcəyini düşünürlər.
Araşdırma zamanı ürək xəstəliklərində istifadə edilən bir dərmanın, bu zülalın quruluşunu dəyişdirə bilməsi məlum olub. Alimlər bu yolla, yəni zülalın quruluşuna müdaxilə etməklə, xatirələri dəyişdirə biləcəklərinə inanırlar. Ancaq bu üsulla, elmi-fantastik filmlərdəki kimi insanların xatirələrini tamamilə silmək mümkün deyil. Alimlər yaddaşı dəyişdirə biləcək faktorları müəyyən etmək üçün heyvanlar üzərində sınaq aparmağı düşünürlər. Onlar heyvan beyninin insanınkına bənzəməsinə baxmayaraq, insan beyninin daha mürəkkəb olduğunu da vurğulayıblar.

 

Emal olunmuş qidalar buna da səbəb olurmuş

Ultra-emal olunmuş duzlu qəlyanaltı, dondurulmuş yemək və konservantlardan tutmuş şirniyyatlara kimi raf ömrü uzadılaraq  qablaşdırılmış hazır qida məhsullarının piylənməyə səbəb olmaqla bir sıra xəstəliklərin inkişafına yol açması artıq məlumdur. Bu yaxınlarda edilən yeni araşdırma bu xəstəliklərin siyahısına birini də əlavə etdi. Belə ki, amerikalı alimlər bu qidaların yaşlı insanlarda yaddaş funksiyasına ciddi zərər verdiyini açıqlayıblar.
Ohio Dövlət Universitetinin alimləri bir ay ərzində siçovullar üzərində təcrübələr aparıblar. Onlar emal olunmuş qidaların gəmiricilərin beynində güclü iltihab reaksiyasına səbəb olduğunu müşahidə ediblər. Tədqiqatçılar gəmiricilərin beynində güclü yaddaş itkisinə səbəb olan iltihab reaksiyasını geri çevirmək məqsədilə omeqa-3 yağ əlavələrini sınayıblar. Nəticədə yağ turşuları heyvanlarda meydana gələn yaddaş geriləməsinə maneə olmaqla iltihablı təsirləri müəyyən qədər aradan qaldırıb.
"Bu tapıntılar emal edilmiş qida məhsullarının istehlakının kəskin yaddaş çatışmazlığı yarada biləcəyini göstərir. Daha çox yaşlı insanlarda Alzheimer kimi neyrodegenerativ xəstəliklərə səbəb olma ehtimalı yüksəkdir. Gələcəkdə yaddaş itkisi ilə üzləşməmək üçün mütəmadi olaraq skumbriya, sardina, seld, losos balıqları və qoz, mərcimək, kətan toxumu kimi omeqa-3 yağları ilə zəngin qida məhsullarının istehlakını artırmaq məsləhətdir" -- deyə tədqiqat rəhbəri Ruth Barrientos qeyd edib.
Tədqiqat işi "Brain, Behavior and İmmunity" jurnalında dərc olunub.

 

Ağrıkəsicilərə son qoyacaq yeni müalicə üsulu

Xroniki ağrılar dünyada milyonlarla insanın həyat keyfiyyətinə mənfi təsir edən ciddi problemlərdən biridir. Bu problemdən yaxa qurtarmaq üçün çıxış yolunu ağrıkəsicilərə müraciət etməkdə görürük. Təəssüf ki, bu cür dərmanlar sağlamlığımıza ciddi zərər verə biləcək bir sıra yan təsirlərə malik olmaqla müəyyən xəstəliklərə də səbəb olur. Amma xoşbəxtlikdən elm adamları bu problemin də öhdəsindən gəlməyin yolunu tapıblar. Belə ki, İsveçrənin Lund Universitetinin tədqiqatçıları şiddətli ağrılarla mübarizə aparmaq üçün ultrabənövşəyi mikroelektrodlardan istifadə edərək tamamilə yeni bir stimullaşdırma metodu hazırlayıblar. Yeni üsul heç bir yan təsiri olmadan ağrılara son qoyacaq.
"Science Advances" jurnalında dərc olunan məqalədə xroniki ağrıların müalicəsində istifadə ediləcək Lund metodu təqdim edilib. Metod beyinə bir qrup elektrodların implantasiya edilməsi ilə gerçəkləşdirilir. Heç bir yan təsirləri olmayan spesifik ağrıkəsici elektrodlar implantasiya yolu ilə beyinə yerləşdirilir. Bu şəkildə beyinin ağrıya nəzarət mərkəzləri aktivləşdirilərək ağrı yolları boyunca siqnal ötürülməsinə maneə törətməklə problemə son qoyur.
"Bu elektrodlar beyinə qarşı çox yumşaq və son dərəcə zərifdir. Yan təsirlərə səbəb olan sinir hüceyrə dövrələrini aktivləşdirmədən, beyinin ağrıya nəzarət mərkəzlərini hərəkətə gətirir. Bu proses inanılmaz dərəcədə dəqiq və fərdiləşdirilmiş stimullaşdırma terapiyasına yol açır," -- deyə tədqiqatçılardan biri Matilde Forni bildirib.
Qeyd edək ki, metod hələ ki, siçanlar üzərində sınaqdan keçirilib. Elm adamları yaxında insanlar üzərində də təcrübələr aparmağı planlaşdırırlar. Onlar bu üsulun Parkinson, epilepsiya və depressiya kimi bir sıra nevroloji xəstəliklərin müalicəsində istifadə edilə biləcəyinə ümid edirlər.

 

Siqaret tüstüsünün yeni zərəri ortaya çıxıb

Siqaretin ağciyərlərə birbaşa təsiri hər kəsə məlumdur. Elm adamları sağlamlığımıza ciddi zərər verə biləcək bu məhsulun orqanizmimizin demək olar ki, hər bir hissəsinə dolayı yolla təsirini və psixoloji problemlərə qədər gətirib çıxara biləcəyini söyləyirlər.
Yaponiyanın Gifu Əczaçılıq Universitetinin alimləri bu dəfə də siqaret tüstüsünün gözə təmas edərək korneaya (buynuz qişa) zərər verdiyini ortaya çıxarıblar.
Alimlər siqaret tüstüsünün gözlə təmasda olduğu müddətdə kornea hüceyrələrini məhv etdiyini söyləyiblər. Onlar bu təmasın davamlı olaraq yaşandığı təqdirdə katarakta və hətta korluğa qədər gətirib çıxara biləcəyini qeyd ediblər.
Siqaretin gözün daxilindəki optik sinir retina və lens kimi hissələrinə təsir etdiyi əvvəllər bilinirdi. Yeni araşdırma nəticəsində məlum olub ki, tüstü birbaşa buynuz qişaya toxunaraq oradakı hüceyrələri öldürür. Laboratoriya mühitində nikotin tərkibli və qeyri-nikotinli elektron siqaret tüstüsünə məruz qalan buynuz qişa hüceyrələri ətraflı şəkildə araşdırılıb. Əsl siqaret tüstüsünün vurduğu zərər elektron siqaretlərdən daha çox olsa da tədqiqatçılar bu məhsulların da gözlərə xeyli ziyan vura biləcəyini bildiriblər.
Təcrübələr həqiqi insan gözləri yerinə, kornea hüceyrə mədəniyyətləri üzərində aparılıb. Buna görə də tüstünün gözlərə vurduğu zərərin uzun müddət hansı xəstəliklərə səbəb ola biləcəyi təyin edilməyib.
Elm adamları gələcəkdə sınaqların heyvanlar üzərində aparılacağını planlaşdırdıqlarını vurğulayıblar.

Hazırladı:

Elenora HƏSƏNOVA,

“Respublika”.