QARABAĞ AZƏRBAYCANDIR!
Siyasət

QARABAĞ AZƏRBAYCANDIR!

TARİXİ 44 GÜNÜN ANLARI

Regionun lider dövlətlərindən olan Azərbaycan 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarını Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi və Şanlı Ordusunun gücü ilə 44 günlük Zəfər savaşında azad etdi. Zaman keçdikcə, Vətən müharibəsində qazanılan qələbədə 44 günün hər gününün bir tarix olduğu daha aydın görünür.

Məhz buna görə də, "Respublika" qəzeti ənənəsinə sadiq qalaraq, əvvəllər "Ötən günlərin tarixi anları" adı ilə dərc etdiyi "Xronika"nı "Tarixi 44 günün anları" rubrikası ilə mövcud reallıqlar fonunda, yeni rakursda oxuculara təqdim edir.

“Respublika”.

(əvvəli 1, 2, 3, 5, 67, 891012,131415,1617, 19202122 23 oktyabr tarixli saylarımızda)

24 oktyabr 2020-ci il

Mülki Azərbaycan vətəndaşlarına, xüsusilə uşaqlara və yeniyetmələrə qarşı Ermənistanın dövlət səviyyəsində terroru və müharibə cinayətləri davam edir. Bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev KİV-ə açıqlamasında bildirib. Prezidentin köməkçisi deyib: "Ermənistandan fərqli olaraq Azərbaycan mülki insanları və mülki obyektləri hədəfə almır. Xankəndidə olmuş xarici jurnalistlər tərəfindən də qeydə alındığı kimi, Ermənistan tərəfi atəş nöqtələrini mülki obyektlərin içərisində və yaxınlığında yerləşdirərək terrorçulara məxsus taktikadan istifadə edir... Mülki insanlara qarşı törədilmiş müharibə cinayətlərinə, hərbi avantüraya görə məsuliyyəti tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyi daşıyır".

***

Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda deyilir: Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) döyüş aviasiyası cəbhənin Ağdərə və Ağdam istiqamətlərində Ermənistan silahlı qüvvələrinin 3 tankını, 2 sığınacağını və bölüyün 4 dayaq məntəqəsini dəqiq aviasiya zərbələri ilə məhv edib.

Azərbaycan Hərbi Hava Qüvvələri düşmənin hərbi infrastrukturuna hava zərbələri endirməkdə davam edir.

***

Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri üçün növbəti brifinq keçirib.

Brifinqdə Ermənistanın münaqişədə birbaşa iştirakı, Ermənistanın Gorus və Qafan rayonlarından Azərbaycanın Qubadlı və Laçın rayonlarının ərazilərinin, Ağdərə rayonunun işğal altında olan ərazilərindən Goranboy, Tərtər və Naftalan rayonlarında yaşayan Azərbaycan mülki əhalisinin və infrastrukturunun raket zərbələrinə məruz qalması, eləcə də humanitar atəşkəs rejimini kobud şəkildə pozması haqqında məlumat verilib.

***

Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi Gəncədə Artur Mayakovun həlak olması ilə əlaqədar rəsmi "Twitter" səhifəsində paylaşım edib. Paylaşımda deyilir: "Oktyabrın 17-də raket hücumu nəticəsində yaralanaraq Gəncə Şəhər Xəstəxanasına gətirilmiş 2007-ci il təvəllüdlü Rusiya vətəndaşı Artur Mayakovun oktyabrın 24-də vəfat etməsi barədə Azərbaycanın hakimiyyət orqanları tərəfindən səfirliyə məlumat verilib. Səfirlik Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri, mərhumun qohumları və yaxınları ilə əlaqə saxlayır, onlara lazım olan köməyi göstərir".

25 oktyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə operativ müşavirə keçirilib.

Müdafiə naziri Zakir Həsənov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib. Dövlətimizin başçısı operativ müşavirədə çıxış edib. Prezident deyib: "Biz döyüş meydanında uğurlar qazanmışıq. Ancaq eyni zamanda, bu döyüşlər onu göstərdi ki, hələ qüsurlar da var, çatızmazlıqlar da var və biz onları operativ qaydada aradan qaldırırıq... Baxmayaraq ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır, biz bundan sonra ordu quruculuğu işində daha müasir metodlardan istifadə etməliyik".

***

Oktyabrın 10-da Moskvada humanitar atəşkəs razılığının əldə edildiyi vaxtdan etibarən əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyevin və digər səlahiyyətli şəxslərin Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXR) Azərbaycan nümayəndəliyinin başçısı ilə görüşlərində Azərbaycan Respublikasının həlak olmuş hər iki tərəfə aid hərbçilərin meyitlərinin qarşılıqlı mübadiləsinə, hətta erməni hərbçilərinin meyitlərinin bir hissəsinin birtərəfli qaydada geri qaytarılmasına, eləcə də Azərbaycanda saxlanılan 2 erməni hərbçisinin və 2 mülki şəxsin qarşı tərəfdəki 2 azərbaycanlı girovla dəyişdirilməsinə hazır olduğu bildirilib.

Komissiyadan bildiriblər ki, eyni zamanda, Azərbaycan tərəfinin Ermənistan silahlı qüvvələrinin geri çəkilərkən döyüş bölgəsində qoyub getdiyi 85 yaşlı erməni qadının da birtərəfli qaydada azad edilməsinə hazır olduğu diqqətə çatdırılıb. Qeyd olunanlara baxmayaraq, Ermənistan Azərbaycanın təkliflərinə indiyədək cavab verməyib.

***

Azərbaycan Respublikası Baş Prokurorluğu Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə qarşı törətdiyi cinayət əməlləri barədə dünya ictimaiyyətinin daha geniş məlumatlandırılması məqsədilə fransız, ispan, alman, rus, ingilis və ərəb dillərində növbəti dəfə maarifləndirici videoçarxlar hazırlayıb.

Videoçarxlarda işğalçı Ermənistan Respublikası silahlı qüvvələrinin oktyabrın 4-də, 11-də və 17-də raket və ağır artilleriya hücumları nəticəsində Gəncə şəhərində 10-u qadın, 6-sı uşaq olmaqla 26 nəfərin həlak olduğu, 138 nəfərin yaralandığı diqqətə çatdırılıb.

***

Müdafiə Nazirliyi məlumat yayıb. Günün ikinci yarısında cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlərdə Azərbaycan Ordusunun bölmələri düşmənə dəqiq zərbələr endirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilib ki, zərbələr nəticəsində düşmənin 6 D-30 və 1 D-1 haubitsa topu, 2 PDM-2 zirehli texnikası, 1 avtomobil texnikası və xeyli sayda döyüş sursatı məhv edilib.

(davamı növbəti saylarımızda)