Tarixə yazılan günlər
Digər xəbərlər

Tarixə yazılan günlər

30 gündür ki, Azərbaycan əsgəri 30 il işğal altında qalan ərazilərimizi qarış-qarış, kənd-kənd düşməndən azad edir, uğrunda canından keçdiyi  vətən torpağının bir qarışını belə düşmənə haram edərək mərdlik, qəhrəmanlıq  salnaməsi yazır... Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin torpaqlarımızın işğalçılardan azad olunması ilə bağlı xalqa hər yeni qələbə müjdəli müraciəti artıq  Zəfərdən  soraq verir.

Daha bir qələbə müjdəsi... Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəsmi “Twitter” səhifəsində yazır: “Müzəffər Azərbaycan Ordusu Zəngilanın Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli, Füzulinin Mandılı, Cəbrayılın Qazanzəmi, Xanağabulaq, Çullu, Quşçular, Qaraağac, Qubadlının Qiyaslı, Əbilcə, Qilican kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır”. Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda əks-hücum əməliyyatına başlamasından artıq bir ay ötür. Dünyanın aparıcı 50 ordusu sırasında olan Azərbaycan Ordusu 30 gün ərzində 30 il düşmən tapdağı altında olan torpaqlarımızda yüksək peşəkarlıq, döyüş qabiliyyəti, ən əsası isə qəlbində bitməz-tükənməz Vətən eşqi, Vətən həsrəti ilə döyüşür.

Artıq bir ay ərzində Füzulinin Füzuli şəhəri və 30 yaşayış məntəqəsi, Cəbrayılın Cəbrayıl şəhəri, Xudafərin və Xələfli qəsəbələri və 66 yaşayış məntəqəsi, Zəngilanın Zəngilan şəhəri, Həkəri, Mincivan, Ağbənd qəsəbələri və 40 yaşayış məntəqəsi, Qubadlının Qubadlı şəhəri və 14 yaşayış məntəqəsi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 20 yaşayış məntəqəsi, Tərtər rayonunun 3 yaşayış məntəqəsi və Kəlbəcərin Murovdağ zirvəsi işğaldan azad olunub. Döyüşlər səngimək bilmir…

“Biz Ermənistan  tərəfindən onların yüksək rəhbərliyinin şəxsində öhdəlik almalıyıq ki, qoşunları işğal olunmuş ərazilərdən çıxaracaqlar. Hələlik biz bunu eşitməmişik. Erməni rəhbərliyindən bu cür öhdəlik alınandan və bu, ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən  təsdiq ediləndən dərhal sonra  biz hərbi əməliyyatları dayandırmağa hazırıq”.  Bu sözləri Prezident İlham Əliyev  Rusiyanın İnterfaks agentliyinə  müsahibəsi zamanı deyib. Ali Baş Komandanın  bu qətiyyəti, bu cəsarəti  Şanlı Ordumuzun gücünə  güc qatır, döyüş əzmini artırır, düşmənin belini sındırır..

Döyüş meydanında  hünərli  Azərbaycan əsgəri ilə üzbəüz gəlməyi bacarmayan, məğlubiyyətə uğrayan erməni isə xaincəsinə mülki əhalini, yaşayış yerlərini atəşə tutur, insanlıq əleyhinə apardıqları alçaq siyasətdən əl çəkmir,  qisasını dinc əhalidən almağa çalışır.

2020-ci il oktyabr ayının 27-28-də düşmənin silahlı birləşmələri Azərbaycanın dinc yaşayış məntəqələrinə təcavüz edib. Bərdə şəhərinin dinc sakinlərinin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin  kompakt yerləşdiyi əraziyə hər birinin  içərisində 72 ədəd 9N235 saylı, ümumilikdə 144 bombacıq olan “Smerç” tipli əməliyyat-taktiki təyinatlı 9M525 qəlpəli  böyük dağıdıcı qüvvəyə  malik ballistik “Claster” tipli 2 ədəd raket atılıb. Nəticədə 21 nəfər  həlak olub, 70 nəfər ciddi xəsarət alıb, 30-dan artıq mülki infrastruktur obyektinə, dinc sakinlərə məxsus 20-dən artıq fərdi yaşayış evlərinə və 22 nəqliyyat vasitəsinə ziyan dəyib.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva  rəsmi “Instagram” hesabında  paylaşım edib: “Silahlı münaqişələr zamanı mülki şəxslərin  qətlə yetirilməsi 1949-cu il Cenevrə Konvensiyalarının və bütövlükdə beynəlxalq humanitar hüquq normalarının  ən kobud şəkildə  pozulması deməkdir. Erməni təcavüzkarlarının  əli ilə daha neçə günahsız insan  həlak olmalıdır ki, dünya birliyi bu cinayətləri dinməzcə seyr etməyə son qoysun? Həlak olanların  doğmalarına və yaxınlarına  dərin hüznlə  başsağlığı verirəm, yaralananların tezliklə sağalmalarını arzulayıram. Biz öz torpaqlarımızı  təcavüzkarlardan  azad edəcəyik və bu cinayətlərə son qoyacağıq. Uca Tanrı Vətənimizi qorusun”.

Humanitar atəşkəs rejiminə riayət etməyən Ermənistan silahlı  qüvvələrinin bölmələri  oktyabrın 27-si gün ərzində  və 28-nə keçən gecə  cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin  yerləşdiyi mövqeləri və cəbhəboyu zonaya yaxın  yaşayış məntəqələrimizi müxtəlif silahlardan  atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən  bildirilir ki,  döyüş əməliyyatları əsasən cəbhənin  Ağdərə, Xocavənd, Füzuli, Zəngilan  və Qubadlı  istiqamətlərində davam edir. Düşmənin hücum cəhdlərinin qarşısı qətiyyətlə alınıb, o, itki verərək geri çəkilib. Gün ərzində və gecə saatlarında  cəbhənin müxtəlif istiqamətlərində düşmənin  xeyli sayda  canlı qüvvəsi, eləcə də 1 ədəd “Osa” ZRK, 3 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 6 ədəd D-30, 5 ədəd D-20 və 1 ədəd D-44 topu, 2 ədəd 2A36  “Qiasint-B” topu, 1 ədəd 120 millimetrlik minaatan, 1 ədəd “Konkurs” tank əleyhinə raket kompleksi və 6 ədəd avtomobil texnikası  məhv edilib və sıradan çıxarılıb. Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir...

Alçaq niyyətli düşmənin bütün cəhdləri boşa çıxır. Vətən torpaqları uğrunda şiddətli döyüşlər gedir, düşmən müqavimət göstərsə də,  Azərbaycan Silahlı Qüvvələri öz tarixi missiyasını yerinə yetirir. Vətən deyib  döyüşə atılan, Vətən çağırışına hay verən igid əsgərlərimiz döyüş meydanında düşmənə qan uddurur. Əzəli və əbədi torpaqlarımız işğaldan azad olunur.

Böyük Zəfərə isə sayılı günlər qalır...

“Respublika”.