QARABAĞ AZƏRBAYCANDIR!
Siyasət

QARABAĞ AZƏRBAYCANDIR!

TARİXİ 44 GÜNÜN ANLARI

Regionun lider dövlətlərindən olan Azərbaycan 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarını Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi və Şanlı Ordusunun gücü ilə 44 günlük Zəfər savaşında azad etdi. Zaman keçdikcə, Vətən müharibəsində qazanılan qələbədə 44 günün hər gününün bir tarix olduğu daha aydın görünür.

Məhz buna görə də, "Respublika" qəzeti ənənəsinə sadiq qalaraq, əvvəllər "Ötən günlərin tarixi anları" adı ilə dərc etdiyi "Xronika"nı "Tarixi 44 günün anları" rubrikası ilə mövcud reallıqlar fonunda, yeni rakursda oxuculara təqdim edir.

“Respublika”.

(əvvəli 1, 2, 3, 5, 67, 891012,131415,1617, 19202122232426 27 oktyabr tarixli saylarımızda)

28 oktyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsində bildirib: "Müzəffər Azərbaycan Ordusu Zəngilanın Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli, Füzulinin Mandılı, Cəbrayılın Qazanzəmi, Xanağabulaq, Çullu, Quşçular, Qaraağac, Qubadlının Qiyaslı, Əbilcə, Qılıcan kəndlərini işğaldan azad etmişdir.

Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!".

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın İnterfaks agentliyinə müsahibə verib. Dövlət başçısı müxbirin: "Yəni, belə çıxır ki, erməni hərbçiləri işğal edilmiş bütün ərazilərdən çıxarılmayınca Bakı dayanmayacaq?" - sualını belə cavablandırıb: "Biz Ermənistan tərəfindən onların yüksək rəhbərliyinin şəxsində öhdəlik almalıyıq ki, qoşunları işğal olunmuş ərazilərdən çıxaracaqdır. Hələlik biz bunu eşitməmişik. Erməni rəhbərliyindən bu cür öhdəlik alınandan və bu, ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən təsdiq ediləndən dərhal sonra biz hərbi əməliyyatları dayandırmağa hazırıq. Bu şərtlə ki, erməni tərəfi də onları dayandırsın. Çünki atəşkəs üç dəfə pozulub və hər üçü erməni tərəfin təqsiri üzündən baş verib".

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsində paylaşım edib. Paylaşımda deyilir: "Erməni silahlı qüvvələrinin raketlərlə hücumu nəticəsində Bərdədə həlak olanlara Allahdan rəhmət diləyir, ailələrinə başsağlığı verir, yaralıların şəfa tapmasını diləyirəm. Bərdə sakinlərinin qisası yerdə qalmayacaq və döyüş meydanında işğalçılara layiqli cavab veriləcək".

***

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Ermənistan silahlı qüvvələrinin Bərdəyə növbəti dəfə raket hücumu ilə əlaqədar rəsmi "Instagram" səhifəsində paylaşım edib. Paylaşımda deyilir: "Bu gün Ermənistan silahlı qüvvələri dinc Azərbaycan şəhəri Bərdəyə növbəti dəfə qəddarcasına, qeyri-insani zərbə endiriblər. Zərbə nəticəsində 21 nəfər həlak olub, 70 nəfər ciddi xəsarət alıb. Təəssüf ki, qurbanların sayı artmaqda davam edir. Bu cür vəhşicəsinə hücumlar onu göstərir ki, ermənilərin qəddarlığının həddi yoxdur... Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmalarını arzulayıram.

Azərbaycan Ordusu düşməni döyüş meydanında sıxışdırdığı bu günlərdə biz həmrəyliyimizi qoruyub saxlamalı və Prezidentimizin ətrafında möhkəm birləşməliyik".

***

Türkiyənin Xarici İşlər Nazirliyi ermənilərin Azərbaycanda dinc əhalini hədəfə almasına dair açıqlama verib. Açıqlamada deyilir: "...Ermənistanın uşaq, gənc, yaşlı demədən mülki əhaliyə qarşı həyata keçirdiyi bu alçaq hücumları lənətləyirik. Ermənistanın mülki əhalini terrora məruz qoymaq və qətlə yetirmək üçün apardığı xain siyasət Xocalı soyqırımının arxasındakı xəstə zehniyyətin təzahürüdür. İşğal etdiyi torpaqlardan çıxmamaq üçün hər yola baş vuran Ermənistanın hakimiyyəti ağıl və vicdanını itirmiş şəkildə hərəkət etməkdədir. Başda Minsk qrupunun həmsədrləri olmaqla beynəlxalq ictimaiyyətin Ermənistana lazımi reaksiya verməsinin vaxtı çoxdan gəlib çatıb".

(davamı növbəti saylarımızda)