DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

BƏŞƏR ƏSƏD: ABŞ YENİ MÜHARİBƏLƏRƏ SƏBƏB OLACAQ

ABŞ-ın Əfqanıstan və İraqda məğlubiyyəti yeni müharibələrə səbəb olacaq. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu Suriya prezidenti Bəşər Əsəd ölkə ordusunun yüksək komandanlığı və qərargahının kurslarını bitirmiş zabitlər qarşısında çıxış edərkən bəyan edib.

Bəşər Əsəd qeyd edib ki, ölkəsi 2011-ci ildən bu günədək müharibədə on minlərlə itki verib, xeyli sayda insan yaralanıb.

Bununla yanaşı, Suriya prezidentinin sözlərinə görə, ordu xalqın inamı sayəsində güclü qalıb.

Məlumat üçün qeyd edək ki, bir müddət öncə ABŞ-ın minlərlə muzdlunu Suriya-İraq sərhədinə yerləşdirməsi barədə xəbərlər yayılıb.

 

AVROPADA KORONAVİRUSA YOLUXMA VƏ ÖLÜM HALLARI YENİDƏN ARTIB

Avropa koronavirusa yeni yoluxma hadisələrinin və xəstəlikdən ölənlərin sayının artmağa davam etdiyi dünyanın yeganə qitəsi olmaqda davam edir. “Trend” agentliyinin məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib.

Məlumata əsasən, oktyabrın 18-dən 24-dək olan müddət ərzində dünyada “COVID-19” infeksiyasına yeni yoluxma hallarının sayı 4 faiz artıb. Bundan əlavə, koronavirusa yeni yoluxma hadisələrinin yarıdan çoxu (57 faiz) Avropa regionunda qeydə alınıb. Dünyanın bu qitəsi ötən həftə ilə müqayisədə yoluxmanın artdığı yeganə bölgədir.

Digər bölgələrdə həftəlik “COVID-19”a yoluxma hallarında azalma qeydə alınıb.

Dünyada ümumilikdə xəstəlikdən ölənlərin sayı ötən həftə ilə müqayisədə 5 faiz artıb. Avropa regionunda (14 faiz) və Cənub-Şərqi Asiyada (13 faiz) artım qeydə alınıb.

 

DÜNYADA MƏCBURİ KÖÇKÜNLƏRİN SAYI REKORD HƏDDƏ ÇATIB

Dünyada münaqişələr nəticəsində məcburi köçkünlərin sayı 48 milyon nəfərə çatıb ki, bu da rekord göstəricidir. “Report”un verdiyi xəbərə görə, bunu çərşənbə günü BMT-nin məcburi köçkünlər üzrə xüsusi məruzəçisi Sesilya Ximenez-Damari beynəlxalq təşkilatın Baş Assambleyasının Üçüncü Komitəsində çıxışı zamanı bildirib.

“Silahlı münaqişə və zorakılıq nəticəsində öz yerlərindən didərgin düşmüş insanların sayı dünyada indiyə qədər qeydə alınan ən yüksək göstərici olmaqla 48 milyon nəfərə çatıb”, - deyə BMT-nin xüsusi məruzəçisi vurğulayıb.

Bununla yanaşı, BMT rəsmisi əlavə edib ki, getdikcə mürəkkəbləşən silahlı münaqişə və geniş yayılmış zorakılıq şəraitində beynəlxalq humanitar qaydalara və insan hüquqlarına riayət olunmasını təmin etmək daha da çətinləşir.

Məruzəçinin sözlərinə görə, münaqişə vəziyyətləri və qlobal zorakılıq təbii fəlakətlər səbəbindən əhalinin yerdəyişməsi və 2020-ci ildən başlayan pandemiya  nəticəsində daha da kəskinləşə bilər.

 

UÇAN MOTOSİKLETLƏR SATIŞA ÇIXARILDI

Yaponiyada bir texnologiya şirkətinin hazırladığı uçan motosiklet satışa çıxarılıb. “TRT” telekanalının verdiyi xəbərə görə, bu az sayda motosikletə sahib olmaq üçün sadəcə 680 min dollar ödəmək kifayət edir.

Bildirilir ki, uçan motosikletin 5 mühərriki olacaq (1-i daxili yanma, 4-ü akkumulyatorlu). Tək batareya ilə tam yüklənmə ilə motosiklet 100 kilometr sürətlə 40 dəqiqə ucmaq qabiliyyətinə malikdir.

Yaponiya texnologiya nəhənglərinin dəstəklədiyi şirkət 2022-ci ilin ortasına qədər tək adamın idarə edəcəyi uçan motosikletlərdən 200 ədəd satışa çıxarılacaq.

Qeyd edək ki, Yaponiyadakı mövcud qanunlar uçan motosikletlərin işlək yollarda istifadə edilməsinə icazə vermir. Bu səbəbdən uçan motosikletlərin hələlik yarış meydanları sahələrində istifadə ediləcəyi nəzərdə tutulub.

 

CEN PSAKİ: ABŞ ÇİNİN HƏRBİ MODERNİZASİYASINDAN NARAHATDIR

ABŞ Çinin hərbi modernizasiyasını narahatlıqla izləyir və bunu regional sabitliyə təhlükə kimi görür. “Report”un verdiyi xəbərə görə, bunu Ağ Evin mətbuat katibi Cen Psaki ənənəvi brifinqdə çıxışı zamanı bildirib.

Cen Psaki ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Millinin Çinin hipersəsli silahlarının sınağı ilə bağlı bəyanatını şərh edib: “Düşünürəm ki, Çinin hərbi modernizasiya səyləri ilə bağlı hamımızın narahatlığı var. ABŞ regionda gərginliyi artıran amillərlə bağlı araşdırmaları davam etdirir”.

Bu ərəfədə “Financial Times” nəşri məlumat verib ki, Çin cari ilin avqust ayında nüvə silahı daşıya bilən hipersəsli raketini sınaqdan keçirib və bu, ABŞ kəşfiyyatının narahatlığına səbəb olub. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Zao Lijian bildirib ki, Çin hipersəsli raketi yox, kosmik gəmini sınaqdan keçirib.

 

FRANSA VƏ İNGİLTƏRƏ ARASINDA “BALIQ MÜHARİBƏSİ” DAVAM EDİR

“Böyük Britaniya hökuməti sadəcə güc dilindən anlayır”. “Teleqraf.com”un xəbərinə görə, bunu Fransanın Avropa İttifaqı  üzrə dövlət naziri Klement Bon iki ölkə arasında davam edən “balıq müharibəsi” ilə bağlı danışarkən bəyan edib.

Nazir qeyd edib ki, İngiltərəyə məxsus gəmilərin əksəriyyətinin Fransadakı limanlara daxil olması mümkün olmayacaq. Onun sözlərinə görə, İngiltərədən gələn və ya ora gedən yük maşınları və gəmilərinə sistematik olaraq nəzarət ediləcək.

Klement Bon həmçinin bu mövzuda xoş rəftar göstərilməyəcəyini də açıqlayıb. Nazir qaydalara əməl etməyən bir “tərəfdaş”la güvən mühitində ola bilməyəcəklərini ifadə edib. O deyib: “İndi güc dili ilə danışmaq məcburiyyətindəyik, çünki İngiltərə hökuməti yalnız bunu başa düşür”.

Fransa hökumətinin sözçüsü Qabriel Attal da davam edən balıq tutmaq problemi səbəbindən İngiltərəyə qarşı 2 noyabr tarixindən cavab tədbirləri görəcəklərini açıqlayıb.

 

SEPARATÇILAR "BAYRAKTAR"IN QARŞISINDA ACİZ QALDIQLARINI ETİRAF EDİBLƏR

Ukraynanın şərqindəki, Donetsk və Luqanskdakı separatçılar Türkiyə istehsalı olan “Bayraktar TB” pilotsuz uçuş aparatından narahatdırlar. “Report”un verdiyi xəbərə görə, bu, “RİA Novosti” agentliyinin separatçıların nəzarəti altında olan ərazidə “Bayraktar”ın uçuşu ilə bağlı yaydığı məqalədə etiraf olunub.

Rusiyalı pilotsuz uçuş aparatları üzrə mütəxəssis Denis Fedutinovun sözlərinə görə, Donbasda “Bayraktar”ın qarşısını almaq üçün separatçıların heç bir vasitəsi yoxdur.

Məlumata görə, “Bayraktar” separatçıların nəzarəti altında olan ərazinin 15 kilometr dərinliyinə daxil olub. Təhlilçilərin fikrincə, Donbasda genişmiqyaslı antiterror əməliyyatı aparmaq üçün 50-yə yaxın zərbə aparatı lazımdır.

 

"DELTA" ŞTAMMININ YÜKSƏK YOLUXUCULUĞUNUN SƏBƏBİ MƏLUM OLUB

Koronavirusun "Delta" ştammının yüksək yoluxuculuğu onun insan hüceyrə membranı ilə birləşmə qabiliyyətinin uyğunlaşması ilə izah olunur. “APA”nın “Science” jurnalına istinadən verdiyi xəbərəgörə, bu nəticəyə Harvard Tibb Məktəbinin alimləri gəlib.

Tədqiqatçılar insan hüceyrəsi üzərində təcrübə aparıblar. Məlum olub ki, “SARS-CoV-2” “delta” ştammının S-zülalı ACE2 reseptoru ilə bağlandıqdan sonra virusun və insan hüceyrəsinin membranlarının birləşməsinə digər infeksiya növləri ilə müqayisədə daha yaxşı uyğunlaşıb.

Tədqiqat qrupunun üzvü Bin Çen bildirib ki, müxtəlif variantlar arasında “delta” ştammı membranların birləşməsini sürətləndirmək qabiliyyəti ilə seçilir. “Bu xüsusiyyət sayəsində “delta” ştammı insan hüceyrələrini daha sürətli və effektiv yoluxdurur”, - deyə Bin Çen bildirib.

Hazırladı:

Vamiq ABBAOSV,

"Respublika".