QARABAĞ AZƏRBAYCANDIR!
Siyasət

QARABAĞ AZƏRBAYCANDIR!

TARİXİ 44 GÜNÜN ANLARI

Regionun lider dövlətlərindən olan Azərbaycan 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarını Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi və Şanlı Ordusunun gücü ilə 44 günlük Zəfər savaşında azad etdi. Zaman keçdikcə, Vətən müharibəsində qazanılan qələbədə 44 günün hər gününün bir tarix olduğu daha aydın görünür.

Məhz buna görə də, "Respublika" qəzeti ənənəsinə sadiq qalaraq, əvvəllər "Ötən günlərin tarixi anları" adı ilə dərc etdiyi "Xronika"nı "Tarixi 44 günün anları" rubrikası ilə mövcud reallıqlar fonunda, yeni rakursda oxuculara təqdim edir.

“Respublika”.

(əvvəli 1, 2, 3, 5, 67, 891012,131415,1617, 19202122232426, 2728 və 29 oktyabr tarixli saylarımızda)

30 oktyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün "Twitter" hesabında bildirib: "Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı, Zəngilan rayonunun Aladin, Vejnəli, Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı kəndlərini işğaldan azad etmişdir.

Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!".

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

Dövlətimizin başçısı Türkiyənin Egey bölgəsində baş vermiş zəlzələ ilə əlaqədar xalqımızın üzüntü hissi keçirdiyini vurğulayıb.

Prezident İlham Əliyev hər zaman olduğu kimi, bu gün də xalqımızın dost və qardaş Türkiyənin yanında olduğunu qeyd edərək bildirib ki, Azərbaycan qardaş ölkəyə hər cür yardım göstərməyə hazırdır.

Prezident Rəcəb Tayyib Ərdoğan telefon zənginə və diqqətə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

***

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva, "Instagram" səhifəsində paylaşım edib. Paylaşımda deyilir: "Türkiyənin Egey bölgəsində baş vermiş güclü zəlzələ nəticəsində insan tələfatı və dağıntılar barədə xəbərləri kədər və təəssüf hissi ilə qarşıladım. Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralıların tezliklə şəfa tapmasını diləyirəm. Türkiyə xalqının kədəri bizim kədərimizdir. Bizim qardaşlığımız əbədi və sarsılmazdır! Uca Tanrı xalqlarımızı bütün bəlalardan və bədbəxtliklərdən qorusun!".

***

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Cenevrədə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb. Görüş zamanı nazir Azərbaycanın mövqeyi barədə qarşı tərəfə məlumat verib, Ermənistanın destruktiv əməlləri, mülki şəxslərin və yaşayış məntəqələrinin hədəfə alındığı, dinc əhaliyə qarşı qadağan olunmuş silahlardan istifadə edildiyi və müharibə cinayətlərinin törədildiyi diqqətə çatdırılıb.

***

Müdafiə Nazirliyi mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov Hərbi İnformasiya Mərkəzində brifinq keçirib. Brifinqdə bildirilib ki, döyüş texnikası və canlı qüvvə baxımından xeyli sayda itki verən düşmən geri çəkilməyə məcbur edilib. Bərdə və Tərtər şəhərlərinə raket hücumları həyata keçirən düşmənin üç ədəd "Smerç" yaylım atəşli reaktiv sistemi və ermənilərin qondarma özünümüdafiə ordusu adlandırdıqları Ermənistan silahlı qüvvələrinin 1-ci ümumqoşun ordusunun komandan müavini, o cümlədən düşmənin xeyli sayda canlı qüvvəsi, "Qrad" yaylım atəşli reaktiv sistemi, "Osa" zenit-raket kompleksi, P-18 radiolokasiya stansiyası, 2 ədəd "Qvozdika" özüyeriyən haubitsası, 10 ədəd artilleriya topu, piyada döyüş maşını, 3 ədəd tankı, 4 ədəd avtomobil texnikası və yeni istismara verilmiş raket-artilleriya silahları anbarı bölmələrimizin dəqiq atəş zərbələri ilə məhv edilib.

(davamı növbəti saylarımızda)