DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

İRANLI DEPUTATLAR HƏSƏN RUHANİNİ MƏHKƏMƏYƏ VERİBLƏR

İranın keçmiş prezidenti Həsən Ruhaninin başçılıq etdiyi hökumətin koronavirus əleyhinə mübarizəni pis aparmasına dair parlamentə sorğu verilib. “Report”un verdiyi xəbərə görə, bu barədə məlumatı İran parlamentinin orqanı olan “ICANA” agentliyi yayıb.

Bildirilir ki, parlamentin Səhiyyə Komissiyasının məsələ ilə bağlı hazırladığı hesabat qanunverici orqana təqdim edilib. Həsən Ruhaninin prezidentliyi dövründə pandemiyaya qarşı mübarizənin düzgün aparılmaması ilə bağlı ittihamların yer aldığı hesabat 235 deputatın 167-si tərəfindən qəbul edilərək araşdırma üçün məhkəməyə göndərilib.

Hesabatda qeyd olunur ki, Həsən Ruhani hökumət başçısı olduğu dövrdə koronavirusa qarşı apardığı mübarizədə cəmiyyətə düzəldilməsi mümkünsüz olan maddi və mənəvi ziyan vurub. Onun hökuməti dövründə İran “COVID-19”dan ölənlərin sayının yüksək olduğu dövlətlərdən biri olub.

 

PENTAQON RƏSMISI ANKARADAKI KRİTİK GÖRÜŞÜ MƏHSULDAR ADLANDIRIB

ABŞ-ın Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi Amerika və Türkiyə rəsmiləri arasında “F-35” proqramı ilə bağlı bir neçə gün öncə Ankarada baş tutan görüşün məhsuldar keçdiyini bildirib. “Teleqraf.com”un verdiyi xəbərə görə, Pentaqon rəsmisi görüşdə bir sıra məsələlərin müzakirə olunduğunu vurğulayıb.

“Bu, Türkiyənin “F-35” proqramdan çıxarılmasının başa çatması və bunun ikitərəfli münasibətlərin perspektivi üçün hansı anlama gəlməsi ilə bağlı müzakirə idi. Buna görə də məhsuldar görüş oldu. Türkiyə ilə hələ də bir çox ortaq maraqlarımız var. Biz Türkiyə ilə müttəfiqlik nöqteyi-nəzərindən birgə təhlükəsizlik maraqları üzərində işləməyə davam etmək istəyirik”, - deyə Con Kirbi qeyd edib.

Türkiyənin Suriyada YPG/PKK terror təşkilatına qarşı mümkün əməliyyatı ilə bağlı sualı cavablandıran mətbuat katibi buna şərh verməyəcəyini və “Suriya Demokratik Qüvvələri” adından istifadə edən YPG/PKK ilə İŞİD-ə qarşı mübarizə çərçivəsində əməkdaşlığı davam etdirdiklərini dilə gətirib.

 

BMT ƏFQANISTAN, YƏMƏN VƏ SURIYA ILƏ BAĞLI ICLAS KEÇIRƏCƏK

BMT Təhlükəsizlik Şurası bu ay Əfqanıstan, Yəmən, Suriya və ümumilikdə Yaxın Şərqdəki vəziyyətlə bağlı iclaslar keçirəcək. “Trend” agentliyinin məlumatına görə, bu barədə mətbuat konfransında Meksikanın BMT-dəki daimi nümayəndəsi, noyabrın 1-dən Təhlükəsizlik Şurasının sədri vəzifəsini icra edən Xuan Ramon de la Fuente Ramires bəyan edib.

“Noyabrın 9-da qeyri-bərabərsizlik və münaqişə mövzusu ilə bağlı açıq debatlar keçiriləcək. Buna Meksika prezidenti Andres Manuel Lopez Obrador sədrlik edəcək. Korrupsiyanın və bərabərsizliyin münaqişələrə təsirinin vaxtında təhlil edilməsi planlaşdırılır. Biz bəyanatın qəbul edilməsinə ümid edirik”, - deyə daimi nümayəndə bildirib.

Sədrin sözlərinə görə, noyabrın 16-da beynəlxalq sülh və təhlükəsizlik mövzusunda açıq debat keçiriləcək. O deyib: “Müzakirələrin məqsədi BMT təsisatları ilə Təhlükəsizlik Şurası arasında əlaqələri gücləndirməkdir”.

 

PEYVƏND EDİLMİŞ İNSANLAR DA “DELTA” ŞTAMMINI YAYA BILIR

Koronavirusa qarşı peyvənd edilmiş insanlar da “delta” ştammını həm ətraflarına, həm də peyvənd olunmayan insanlara yaya bilərlər. “Report”un xəbərinə görə, bu barədə “The Lancet Infectious Diseases” jurnalı məlumat yayıb. Nəşr iddiasına əsasən, koronavirusa qarşı peyvənd olunmuş ailədə “delta”ya yoluxma ehtimalı 25, peyvənd olunmayan ailələrdə isə 38 faiz təşkil edir.

Alimlər bunu bir il ərzində yüngül formada koronavirusa yoluxmuş 621 britaniyalını müşahidə edərək müəyyən ediblər. Təcrübənin nəticələri peyvəndlərin uğurlu nəticə göstərdiyi ölkələrdə belə koronavirusun “delta” ştamının yoluxucu olduğunu deməyə əsas verir.

Bununla yanaşı, tədqiqatçılar bildiriblər ki, peyvənd edilmiş xəstələr koronavirusa daha asan dözür və tez sağalırlar. Peyvənd olunmayanlar isə tez-tez infeksiyanın ağır formasından əziyyət çəkirlər.

 

UKRAYNANIN MÜDAFIƏ NAZİRİ İSTEFA ƏRİZƏSİNİ TƏQDİM EDİB

Ukraynanın müdafiə naziri Andrey Taran noyabrın 2-də istefa verib. “Report” agentliyinin Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə hökumətin Ali Radadakı sözçüsü Taras Melniçuk məlumat verib.

Mətbuat katibi öz teleqram kanalında qeyd edib ki, Andrey Taran istefa ərizəsini Ali Radaya təqdim edib.

Xatırladaq ki, Andrey Taran 2020-ci il martın 4-dən Ukraynanın müdafiə naziri vəzifəsində çalışır. Bir müddət öncə Ali Radadakı “Xalqın qulluqçusu” fraksiyasının rəhbəri David Araxamia bildirib ki, A.Taranın səhhətindən şikayəti var və bununla bağlı nazirliyə başqa şəxs rəhbərlik edə bilər.

 

İRAQ KÜVEYTƏ TƏZMİNAT ÖDƏNİŞİNİ GƏLƏN IL BAŞA ÇATDIRACAQ

İraq hökuməti gələn ilin əvvəlində Küveyt ərazisinə 1990-cı ildə baş vermiş təcavüz nəticəsində BMT Təhlükəsizlik Şurası tərəfindən müəyyən edilən təzminatın ödənilməsini başa çatdıracaq. “Trend”in məlumatına görə, bunu İraqın baş nazirinin maliyyə müşaviri Mazhar Məhəmməd Saleh bəyan edib.

Müşavir bildirib ki, oktyabrın sonunda İraq hökuməti Küveytə 490 milyon dollar vəsait köçürüb. Təzminatın qalan 629 milyon dollarının 2022-ci ilin əvvəlində köçürülməsi planlaşdırılır.

Qeyd edək ki, 1990-cı ilin avqustunda İraq ordusu Küveytə hücum etmişdi. 1991-ci ilin martında BMT Təhlükəsizlik Şurası İraqın Küveytə 52,4 milyard dollar təzminat ödəməsi barədə qərar vermişdi.

 

ABŞ-IN ATOM SUALTI QAYIĞININ QƏZA SƏBƏBLƏRİ AÇIQLANIB

ABŞ-ın “USS Connecticut” atom sualtı qayığı ilə baş verən insidentin təhqiqatı başa çatıb. Sualtı qayığın Cənubi Çin dənizinin sularında toqquşduğu obyektin sualtı dağ olduğu ortaya çıxıb. “Report”un məlumatına görə, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin Yeddinci Donanmanın rəsmi nümayəndəsi Heyli Sims bildirib.

“USS Connecticut” hərbi gəmisinin Hind-Sakit Okeandakı beynəlxalq sularda əməliyyat zamanı əvvəllər məlum olmayan sualtı dağ silsiləsi ilə toqquşduğu aşkarlanıb”, - deyə Heyli Sims vurğulayıb.

Bir müddət öncə verilən xəbərə əsasən, oktyabrın 2-də “USS Connecticut” atom qayığı naməlum əşya ilə toqquşub. Gəminin nüvə qurğusuna ziyan dəyməyib. Hadisə zamanı 11 dənizçi yaralanıb.

 

PANDEMİYA YAPONİYADA İNTİHAR HALLARININ SAYINI ARTIRIB

Yaponiyada 2020-ci ildə intihar hallarının sayı son 11 ildə koronavirus pandemiyasının yaratdığı problemlərə görə ilk dəfə artıb. “TRT” telekanalının verdiyi xəbərə görə, bu barədə noyabrın 2-də ölkənin Nazirlər Kabinetinin təsdiq etdiyi hesabatda bildirilib. Sənəddə qeyd edilir ki, ötən il ölkə üzrə 21 mindən çox insan həyatına qəsd edib. Bu, əvvəlki illə müqayisədə 912 nəfər çoxdur.

Yaponiyada intihar edənlər arasında işləyən qadınların böyük üstünlük təşkil etdiyi xüsusi vurğulanır. Onların əksəriyyətinin hökumət tərəfindən tətbiq edilən karantin məhdudiyyətlərinə görə ixtisar nəticəsində iş yerlərini itirənlər olduğu bildirilir.

Qeyd edək ki, 2019-cu ildə Yaponiyada bu statistikanın aparılmağa başladığı 1978-ci ildən bəri ən az intihar halı qeydə alınmışdı. Həyatına qəsd edənlərin sayı son 10 ildə ardıcıl şəkildə azaldığı halda, koronavirus pandemiyası bu müsbət tendensiyaya son qoyub.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.