DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

İTALİYA KİV-I ƏRDOĞANI “G20” SAMMİTİNİN "QALİBİ” ADLANDIRIB

İtaliya mətbuatı ötən həftə  Romada keçirilən “G20” liderləri sammitinin “qalibi”nin məhz Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan olduğunu yazıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, “Corriere della Sera” nəşri sammitə qatılan liderləri qiymətləndirərkən prezident Ərdoğanı “ən cox tələb olunan sima” kimi dəyərləndirib.

Bununla yanaşı, sammit çərçivəsində bir çox liderin Ərdoğanla görüş keçirmək istədiyini qeyd edən qəzet yazıb: “O, ev sahibi ilə birlikdə “G20”nin digər manşetçisi oldu”.

“La Verita” qəzetinə görə, “G20”nin bir “qalibi” varsa, o da böyük ehtimalla Rəcəb Tayyib Ərdoğandır. “Hesab edirsiniz ki, bu, şişirdilmiş qiymətləndirmədir? Xeyr! Romada keçirilən sammitdə Türkiyə prezidenti üç amilə görə üstün idi: ABŞ prezidenti Cozef Baydenin həm beynəlxalq səviyyədə, həm də ölkəsində siyasi zəifliyi və Çin-Rusiya tandeminin bu sammitdə iştirak etməməsi sayəsində Ərdoğanın manevr imkanı geniş idi, üçüncüsü isə onun bəzi kritik məqamlarda mərkəzi rol oynamasını önə çıxarması idi”, - deyə nəşr qeyd edib.

 

RUSİYA VƏ ABŞ KƏŞFİYYAT XİDMƏTLƏRİNİN RƏHBƏRLƏRİ GÖRÜŞÜB

Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Moskvada ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Bernslə görüş keçirib. “APA”nın xəbərinə görə, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, Amerika tərəfinin təşəbbüsü ilə keçirilən görüşdə Sergey Narışkin və Uilyam Berns Rusiya və ABŞ-ın beynəlxalq terrorçuluğa qarşı mübarizədə əməkdaşlığını müzakirə ediblər.

Bununla yanaşı, görüşdə əsas diqqət beynəlxalq terrorizmlə mübarizəyə, Rusiya-ABŞ münasibətləri kontekstində qurumlararası əməkdaşlıq məsələlərinə yönəldilib.

 

MIXEIL SAAKAŞVİLİNİN PARTİYASINDAN GÖZLƏNİLMƏZ QƏRAR

Gürcüstanın ən böyük müxalifət təşkilatı olan “Vahid Milli Hərəkat” partiyası ölkə parlamentindəki fəaliyyətini dayandırıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, partiyanın nümayəndəsi Nika Oboladzenin sözlərinə görə, iki əsas məsələ - eks-prezident Mixeil Saakaşvilinin azadlığa buraxılmayana və konstitusiyaya düzəlişlər edilməsi həll olunmayana qədər deputatlar parlamentdəki fəaliyyətinə qayıtmayacaq.

Nika Oboladze deyib: “Bu məsələlər həll olunmayana qədər parlamentdəki işimizi dayandırırıq. İndi biz diqqəti genişmiqyaslı etirazlara yönəltmişik ki, son nəticədə hökumət ölkəni idarə edərkən çoxluğun iradəsini nəzərə almağa məcbur olsun”.

Eyni zamanda, Nika Oboladzenin  sözlərinə görə, partiya mandatlarının qorunması ilə bağlı Mixeil Saakaşvili ilə məsləhətləşməyə hazırlaşır, bu səbəbdən “Vahid Milli Hərəkat” üzvləri siyasətçiyə həbsxanada baş çəkmək istəyirlər.

 

QIRĞIZ RESPUBLİKASI RUSİYAYA NOTA VERİB

Qırğız Respublikası Rusiya Federasiyasına nota verib. “Report” agentliyinin verdiyi xəbərə görə, etiraz notasını Rusiyanın Xarici İşlər Nazirliyinə Qırğız Respublikasının Moskvadakı səfiri təqdim edib.

Məlumata əsasən, notaya səbəb rus polisinin Qırğız Respublikasının vətəndaşına qarşı fiziki güc tətbiq etməsi olub. Qırğız Respublikasının diplomatları qeyd ediblər ki, sosial şəbəkələrdə Rusiya polisinin respublika vətəndaşına qarşı fiziki güc tətbiq etdiyini əks etdirən video yayılıb. Hadisənin noyabrın 2-də baş verdiyi məlum olub.

Diplomatik nümayəndəlik Rusiya tərəfinin hadisənin obyektiv və hərtərəfli araşdırılmasını təmin edəcəyinə və polis əməkdaşlarının hərəkətlərinə hüquqi qiymət veriləcəyinə inandığını bildirib.

 

BAYDEN: ABŞ ÇİNLƏ SİLAHLI MÜNAQİŞƏDƏN ÇƏKINMIR

“ABŞ Çinlə silahlı münaqişədən çəkinmir və hesab edir ki, bunun qarşısını almaq mümkündür”. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə ABŞ prezidenti Cozef Bayden Qlazqoda BMT-nin İqlim üzrə Çərçivə Konvensiyasının 26-cı Konfransı çərçivəsində dövlət və hökumət başçılarının iki günlük sammitinin yekununda keçirilən mətbuat konfransında bəyan edib.

Bununla yanaşı, Cozef Bayden qeyd edib ki, Vaşinqton və Pekinin birgə işləməsi lazım olan bir çox məsələlər mövcuddur.

Prezident jurnalistin “Çinlə silahlı münaqişə sizi narahat edirmi?” sualını belə cavablandırıb: “Xeyr, narahat deyiləm. Münaqişəyə ehtiyac olacağını proqnozlaşdırmıram. Mən açıq şəkildə bildirirəm ki, bu, sadəcə rəqabətdir. Bu, münaqişə olmamalıdır”.

 

“TALİBAN” QÜVVƏLƏRİNİN KOMANDİRİ ÖLDÜRÜLÜB

Əfqanıstanda hərbi xəstəxanaya hücum zamanı “Taliban” qüvvələrinin komandirlərindən biri Kabildə öldürülüb. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə hərəkatdakı mənbə “RİA Novosti”yə bildirib.

Məlumata görə, söhbət “Taliban” komandiri Həmdullah Möhlisdən gedir. Həmçinin qeyd olunur ki, taliblər onun ölümünü inkar edir.

Hadisənin şahidi bildirib ki, çərşənbə axşamı bir qrup terrorçu Əfqanıstanın paytaxtındakı partlayış baş verən xəstəxanaya giriblər, bundan sonra taliblərlə toqquşma baş verib.

Mənbənin açıqlamasına əsasən, hücum nəticəsində 23 nəfər həlak olub, 50 nəfər isə yaralanıb. Kabildəki xəstəxanaya hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb.

Eyni zamanda, “Frans Press” agentliyinin məlumatına görə, Həmdullah Möhlis avqust ayında hərəkatın Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən sonra taliblər arasında öldürülən ən yüksək rütbəli şəxs olub.

 

POLŞADA HƏB VƏ SPREY FORMASINDA PEYVƏNDIN SINAQLARINA BAŞLANILIB

Polşanın Qdansk laboratoriyasında koronavirusa qarşı  peyvəndin sınaqlarına başlanılıb və onun həb, eləcə də sprey formasında buraxılması planlaşdırılır. “APA”nın xəbərinə görə, bu barədə “Ukrayna-24” telekanalı məlumat yayıb.

Peyvəndi Ukrayna Milli Elmlər Akademiyasının Lvov Hüceyrə Biologiyası İnstitutunun alimləri hazırlayıb. Layihənin rəhbəri akademik Andrey Sibirnıydır. Onun sözlərinə görə, peyvənd xeyli ucuz başa gələcək.

Bildirilir ki, peyvənd hazırda siçovullar üzərində sınaqdan keçirilir. Əsas diqqət sözügedən peyvəndin sprey formasında olmasına yönəlib. Məhlulun koronavirusun müxtəlif ştammlarına qarşı təsirli olacağı gözlənilir.

 

CEFF BEZOS TƏBİƏTİN BƏRPASINA 2 MİLYARD DOLLAR AYIRACAQ

Ceff Bezos təbiətin bərpası üçün 2 milyard dollar vəsait ayırmaq niyyətindədir. “Sputnik”  agentliyinin verdiyi xəbərə görə, bu sözləri “Amazon” şirkətinin təsisçisi Ceff Bezos Böyük Britaniyanın Qlazqo şəhərində keçirilən BMT-nin İqlim Sammitində çıxışı zamanı bəyan edib.

Ceff Bezosun sözlərinə görə, təbiəti qorumaq və qida sistemlərini dəyişdirmək üçün sahibi olduğu fonddan 2 milyard dollar vəsait ayrılacaq.

“Biz hələ də əlimizdə olanları qorumalı, itirdiklərimizi bərpa etməli və gələcək nəsillərin də yaşaması üçün planetimizi alçaltmadan yaşamalıyıq”, - deyə dünyanın ən varlı insanlarından biri olan C.Bezos qeyd edib.

Milyarder kosmosa uçuşunu xatırladaraq bildirib ki, Yerə yuxarıdan baxanda atmosfer çox nazik, dünya məhdud və kövrək görünür. O əlavə edib ki, iqlim dəyişikliyi təbiətə sərmayə qoymaq üçün bizə güclü səbəb verir.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.