QARABAĞ AZƏRBAYCANDIR!
Siyasət

QARABAĞ AZƏRBAYCANDIR!

TARİXİ 44 GÜNÜN ANLARI

Regionun lider dövlətlərindən olan Azərbaycan 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarını Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi və Şanlı Ordusunun gücü ilə 44 günlük Zəfər savaşında azad etdi. Zaman keçdikcə, Vətən müharibəsində qazanılan qələbədə 44 günün hər gününün bir tarix olduğu daha aydın görünür.

Məhz buna görə də, "Respublika" qəzeti ənənəsinə sadiq qalaraq, əvvəllər "Ötən günlərin tarixi anları" adı ilə dərc etdiyi "Xronika"nı "Tarixi 44 günün anları" rubrikası ilə mövcud reallıqlar fonunda, yeni rakursda oxuculara təqdim edir.

“Respublika”.

(əvvəli 1, 2, 3, 5, 67, 891012,131415,1617, 19202122232426, 27282930 və 31 oktyabr, 23 və 4 noyabr tarixli saylarımızda)

5 noyabr 2020-ci il

Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev KİV-ə açıqlamasında deyib: "Sərhədsiz reportyorlar" təşkilatının 80 nəfər yerli və xarici jurnalistin Xankəndidən təhlükəsiz çıxa bilməməsinə dair açıqlaması ilə əlaqədar bildirilir ki, Laçın dəhlizi vasitəsilə Xankəndi və Ermənistan arasında yolu bağlayan məhz Ermənistandır. Dünən Ermənistan tərəfi açıqlama verərək yolu bağladığını bildirmişdi".

Prezidentin köməkçisi onu da deyib ki, ümumiyyətlə, Xankəndidən Ermənistana iki yol var. Biri Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonu ərazisindən keçərək Ermənistanın Vardenis rayonuna doğru gedir. Digər yol isə Laçın dəhlizi vasitəsilədir. Bu günə olan məlumata görə, hər iki yol Ermənistan silahlı qüvvələrinin nəzarətindədir.

***

Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatda deyilir ki, parlamentin sədri Sahibə Qafarova Latviyanın ölkəmizdəki səfiri Daynis Qarançs ilə görüşüb. Parlamentin sədri Azərbaycan dövlətinin dost və tərəfdaş Latviya ilə həyatın müxtəlif sahələrində əlaqələrin inkişafına böyük önəm verdiyini deyib. Söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan Milli Məclisin sədri cəbhə bölgəsindəki vəziyyətdən danışıb, erməni tərəfinin təxribatları barədə geniş məlumat verib.

Səfir qeyd edib ki, Cənubi Qafqazda baş verən proseslər onların da diqqət mərkəzindədir. O, regional münaqişələrin həllində beynəlxalq hüququn norma və prinsiplərinə əməl olunması barədə dövlətinin mövqeyini bir daha səsləndirib.

***

Müdafiə Nazirliyi mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov Hərbi İnformasiya Mərkəzində brifinq     keçirib. Brifinqdə deyilib ki, əsasən Ağdərə və Xocavənd istiqamətlərində davam edən döyüşlərdə düşmənin hücumlarının, Ermənistan-Azərbaycan dövlət sərhədinin Zəngilan rayonu hissəsində diversiya cəhdlərinin qarşısı qətiyyətlə alınıb. Tərtər istiqamətində endirilən artilleriya zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının Tonaşen kəndində yerləşən 7-ci dağatıcı alayının qərargahı, əsgər kazarmaları, sursatla dolu avtomobil texnikaları və digər hərbi infrastrukturu darmadağın edilib.

***

Xəbər verildiyi kimi, sentyabrın 27-dən noyabrın 5-dək Ermənistan silahlı qüvvələri tərəfindən dinc əhalinin ağır artilleriyadan atəşə tutulması nəticəsində 405 mülki şəxs yaralanıb, onlardan 43 nəfər ağır vəziyyətdə reanimasiyada stasionar müalicə olunur. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 28-də Bərdə şəhərinin mərkəz hissəsinin düşmən tərəfindən raket atəşinə tutulması nəticəsində ağır dərəcəli bədən xəsarətləri almış 1995-ci il təvəllüdlü Paşayev Niftalı Səlim oğlu göstərilmiş tibbi yardımlara baxmayaraq, noyabrın 5-də stasionar qaydada müalicə olunduğu xəstəxanada vəfat edib.

***

Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər rayonu ərazisinə atılan 10-a yaxın raketin qalığı toplanaraq Tarix-Diyarşünaslıq Muzeyinə gətirilib. Raket qalıqları muzeydə sərgilənəcək. Məqsəd ermənilərin dinc əhaliyə qarşı törətdiyi vəhşilikləri gələcəkdə rayona gələn qonaqlara göstərməkdir.

(davamı növbəti saylarımızda)