Tariximizin zəfər salnaməsi
Siyasət

Tariximizin zəfər salnaməsi

Vətən müharibəsində qazanılan hərbi-siyasi qələbədən sonra dövlətimiz və xalqımız öz tarixinin tamamilə yeni və həm də qürur doğuran mərhələsinə qədəm qoymuşdur. İndi dünya birliyi, beynəlxalq ictimaiyyət Azərbaycanı yalnız müxtəlif sahələrdə uğurlara imza atan bir məmləkət deyil, həm də işğal olunmuş torpaqlarını güc yolu ilə azad edən qüdrətli dövlət kimi tanıyır. Bəli, vaxtilə Heydər Əliyevin qurtuluş bəxş etdiyi, inkişaf yoluna çıxardığı Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmlənərək, yüksələrək, ən ağrılı problemini belə həll etməyə qadir olan mütləq gücə çevrilmişdir.

Azərbaycan maraqlarını qətiyyətlə qorudu

1991-ci ildə dövlət müstəqilliyimizin bərpasından sonra beynəlxalq ictimaiyyət Qarabağı da Azərbaycan ərazisi kimi tanımış və sonrakı dövrdə ayrı-ayrı təşkilatların qəbul etdiyi sənədlərdə bu amil dəfələrlə təsbit olunmuşdur. Lakin Ermənistanın işğal siyasəti nəticəsində Azərbaycanın beynəlxalq miqyasda tanınmış və təsbit olunmuş hüquqlarının tapdalanması, eləcə də respulikamızın ərazi bütövlüyünün pozulmasına beynəlxalq ictimaiyyət tərəfindən etinasız yanaşılması nəticəsində Qarabağ və Şərqi Zəngəzur 30 ilə yaxın işğal altında qalmışdı. Artıq Azərbaycanın ədalətli güc yolu ilə, Ermənistanı cəzalandıraraq yoluna qoyduğu keçmiş Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq üçün təsis edilmiş ATƏT-in Minsk qrupu bu illər ərzində qətiyyətli və obyektiv mövqe ortaya qoymadı. İşğalçının da, işğala məruz qalanın da hansı tərəf olduğu aydın şəkildə bəlli olsa da, problemin danışıqlar yolu ilə həllində birbaşa iştirak edən dövlətlər və təşkilatlar daim ikili standartlardan çıxış etdilər. Hətta 1993-cü ildə BMT tərəfindən qəbul edilmiş 4 qətnamənin icrası da Ermənistandan tələb edilmədi.

O da məlumdur ki, son onilliklərdə məhz BMT Təhlükəsizlik Şurasının qərarlarına əsasən bir sıra dövlətlərə qarşı hərbi müdaxilə formasında təzyiq göstərməklə sərt tədbirlər həyata keçirilmişdir. Azərbaycan torpaqlarının işğalına gəldikdə, nə BMT, nə də ATƏT-in Minsk qrupu tərəfindən Azərbaycanın pozulmuş hüquqlarının təmin olunması, ərazi bütövlüyünün bərpası üçün Ermənistana təsirli təzyiqlərin edilməsinə təşəbbüs göstərilmədi. Bu isə beynəlxalq səviyyədə bir sıra dövlətlərə münasibətdə müxtəlif məsələlərin, o cümlədən ərazi münaqişələrinin həllində ikili standartların mövcud olmasını təsdiq edirdi.

Bütün bunlara baxmayaraq, Azərbaycan dövləti atəşkəsin elan olunduğu 1994-cü ildən bəri aparılan danışıqlarda hər zaman ləyaqətlə davrandı. Ermənilərin tarixi torpaqlarımıza qarşı əsassız iddialarının ATƏT-in Minsk qrupu tərəfindən ciddi cəhdlə müdafiə olunması fonunda gedən bu prosesdə dövlətimizin maraq və mənafelərinin, xalqımızın milli heysiyyatının tapdalanmasına imkan verilmədi. Azərbaycanın hələ indiki qədər güclü olmadığı bir vaxtlarda ulu öndər Heydər Əliyev müdrikcəsinə sülh danışıqları prosesində respublikamızın milli mənafeyinin təmin edilməsinə nail olmuşdu. Məsələn, hələ 1996-cı ilin Lissabon sammitində Qarabağ münaqişəsinin nizama salınmasının baza formulu müəyyən edilmişdi. Belə ki, həmin sammitdə qəbul olunmuş bəyanatın ən mühüm bəndi münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı müddəa idi. Təbii ki, bu kimi diplomatik nailiyyətlər sonrakı dövrdə danışıqlar prosesində Ermənistanın maraqlarını ifadə edən təkliflərin qarşısını tamamilə almışdı.

27 sentyabr 2020-ci il: tarixi anın yetişdiyi gün

Ulu öndər Heydər Əliyevin layiqli siyasi davamçısı kimi Prezident İlham Əliyevin 2003-cü ildən sonra həyata keçirdiyi fəaliyyət dövlətimizin həyatında tarixdə görünməmiş inkişafı reallığa çevirmişdir. Bu inkişaf yalnız iqtisadi sfera ilə məhdudlaşmayaraq cəmiyyət həyatının bütün sahələrinə sirayət etmiş, kompleks xarakter daşımışdır. Azərbaycanın inkişaf baxımından öz dövlətçilik tarixinin ən qüdrətli dövlətinə çevrilməsi bu yüksəlişin əsas gerçəkliyidir.

Prezident İlham Əliyevin fəaliyyətində əsas prioritet təbii ki, işğala məruz qalmış torpaqlarımızın azad olunması, respublikamızın ərazi bütövlüyünün təmin edilməsi olmuşdur. Cənab İlham Əliyev respublikamıza rəhbərliyinin ilk günündən danışıqlar prosesinə tərəfdar olmaqla yanaşı, ərazilərimizin işğaldan azad olunması istiqamətində kompleks fəaliyyət strategiyası müəyyən etmişdi. Təcavüzə son qoyulmasından sonra xalqımız gördü ki, bu strategiyanın reallaşması istiqamətində Prezident İlham Əliyev 2003-2020-ci illərdə necə müdrik və çoxşaxəli siyasət yürütmüşdür. Azərbaycanın inkişafı və yüksəlişi isə bu strategiyanın əsas tərkib hissəsidir. Möhtərəm İlham Əliyev ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının təntənəsini təmin etməklə, Azərbaycanın iqtisadi inkişafına, maliyyə imkanlarının çoxalmasına nail olmaqla, Ermənistanı iqtisadi blokada vəziyyətinə salmaqla həm də ərazi bütövlüyümüzün təmin edilməsi üçün münbit zəmin formalaşdırdı. Bu siyasət, nail olduğumuz hər bir siyasi-ictimai və sosial-iqtisadi uğur torpaqlarımızın işğaldan azad ediləcəyi günü yaxınlaşdırdı.

Azərbaycan ərazilərində ikinci erməni dövlətinin qurulmayacağını dəfələrlə bəyan edən Prezident İlham Əliyev müharibə variantını da heç vaxt istisna etmədi. Respublikamızın iqtisadi inkişafına paralel olaraq, bu illərdə ən müasir döyüş hazırlığına nail olmaq üçün Silahlı Qüvvələrdə həyata keçirilən hərbi quruculuq və islahatlar yeni mərhələyə qaldırıldı. Həyata keçirilən silahlanmada kəmiyyətlə yanaşı, əsasən keyfiyyətə üstünlük verildi. Ordumuzun arsenalına xüsusən müasir hərbi sənayenin ən son texnologiyaları cəlb olunub ki, bununla da Azərbaycan Silahlı Qüvvələrinin modern hərbi gücə çevrilməsi baş verdi. Bütün bunların nəticəsində Cənubi Qafqazın ən qüdrətli hərbi potensialına malik Azərbaycanın Silahlı Qüvvələri öz döyüş hazırlığına görə bir çox ölkələrdən əhəmiyyətli dərəcədə fərqləndi. Həmçinin beynəlxalq reytinq agentliklərinin hesabatlarında Silahlı Qüvvələrimiz dünyanın güclü, müasir standartlara uyğun yenidən qurulan və təchiz edilən orduları ilə bir sırada yer aldı.

Hələ 2008-ci ildə keçirilən hərbi paradda ictimaiyyət Silahlı Qüvvələrimizin döyüş hazırlığının yüksəldilməsi üçün qısa müddətdə hansı işlərin görüldüyünə şahidlik etmişdi. 2013, 2018-ci illərdə keçirilən paradlarda isə ordumuzun, bütün qoşun növlərinin tamamilə ən müasir döyüş imkanlarına və hazırlığına malik olmasını böyük qürur hissi ilə seyr etdik.

Bu illər ərzində hərbi təlimlərdə qoşunların hazırlığı, hərbçilərimizin döyüş vərdişləri daha da artırıldı, bütün bunlar həm də torpaqlarımızın azad edilməsi üçün hazırlıq idi. Xalqımız da əmin idi ki, bir gün torpaqlarımızın azadlığı uğrunda müharibə başlayarsa, Azərbaycan Ordusun öz tarixi missiyasını layiqincə yerinə yetirəcək. 2016-cı ilin aprel döyüşlərindən sonra bu əminlik daha da güclənmişdi. Çünki hərb tariximizə həkk olunan 2016-cı ilin aprel hadisələri, cəbhə xəttində erməni hərbi birləşmələrinin təxribatlarının qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun həyata keçirdiyi cavab tədbirləri Silahlı Qüvvələrimizin gücünün praktik təsdiqi olmuşdu.

Azərbaycan dövləti danışıqlar prosesinə daim sadiq olsa da, Ermənistan hər zaman destruktivlik nümayiş etdirdi, bu prosesdə vasitəçilik edən tərəflərin haqqa və ədalətə göz yummaları isə işğalın 30 ilə qədər davam etməsinə səbəb oldu. Lakin xalqımızın da səbri tükənməz deyildi. Digər tərəfdən Ermənistanın yeni rəhbərliyinin 2018-ci ildən bəri yürütdüyü siyasət danışıqlar prosesinin tamamilə mənasız olduğunu göstərdi. N.Paşinyanın əvvəl danışıqların formatına qarşı çıxması, daha sonra danışıqların mahiyyəti ilə ziddiyyət təşkil edən sərsəm bəyanatlar verməsi, vaxtilə Ermənistanın müdafiə naziri olan, indi isə barəsində cinayət işi başlanmış David Tonoyanın Azərbaycanı hədələyən hərbi doktrina ilə çıxış etməsi, Şuşada qondarma separatçı rejimin andiçmə mərasiminin keçirilməsi, işğal olunmuş Azərbaycan ərazilərində xarici ölkələrdən gətirilən ermənilərin qanunsuz məskunlaşdırılması və 2020-ci ilin iyul ayında dövlət sərhədinin Tovuz rayonu istiqamətində baş verən döyüşlər müharibəni tamamilə qaçılmaz etmişdi.

Bütün bunların baş verdiyi ərəfədə Prezident İlham Əliyev dəfələrlə beynəlxalq ictimaiyyəti Ermənistanın təcavüzkar planları barədə xəbərdar etdi. Eyni zamanda Ermənistanın hərbi-siyasi rəhbərliyini də xəbərdar etdi. 2020-ci il sentyabrın 25-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edən Prezident İlham Əliyev demişdi: "Bizdə başqa bir məlumat var. Kəşfiyyat mənbələrimizdə məlumat var ki, çox ciddi hərbi hazırlıqlar gedir, onların hərbi qüvvələri təmas xəttində, dövlət sərhədində cəmləşir. Biz vəziyyəti izləyirik və özümüzü müdafiə edəcəyik, Tovuzda etdiyimiz kimi, başqa bir çox hallarda etdiyimiz kimi. Əgər onlar bizə hücum etsələr, peşman olacaqlar".

Prezident İlham Əliyev dediyi kimi də etdi. 2020-ci il sentyabrın 27-də cəbhə xəttinin müxtəlif istiqamətlərində hərbi təxribatlar törədən Ermənistan sözün əsl mənasında peşman edildi. Həmin gün başlayan Vətən müharibəsi xalqımızın çoxdan gözlədiyi tarixi anın yetişməsi idi. Əks-hücum əməliyyatlarına başlayan ordumuz olduqca mükəmməl taktika ilə müxtəlif istiqamətlərdə cəbhəni yararaq işğalçı ordunu darmadağın etdi. Ermənistanın keçilməz hesab etdiyi müdafiə xətləri ilk həmlədəcə dəf edildi. Düşmən cəbhənin heç bir istiqamətində ordumuzun qarşısında duruş gətirə bilmədi. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin iradəsi, qətiyyəti və ordumuzun qəhrəmanlığı, hərbçilərimizin igidliyi, cəsarəti ilə 30 ilə yaxın işğal altında olan torpaqlarımız sürətlə azad edildi.

Azərbaycan xalqı müharibə günlərində hər gün səbirsizliklə Ali Baş Komandandan qələbə xəbərlərini gözlədi. Cənab İlham Əliyev tərəfindən verilən hər bir müjdə, Cəbrayılın, Suqovuşanın, Hadrutun, Füzulinin, Zəngilanın, Qubadlının və digər yaşayış məntəqələrinin azad olunmasının elan edilməsi bütün dünya azərbaycanlıları tərəfindən böyük coşqu ilə qarşılandı, bayrama çevrildi. Çünki xalqımız 30 illik həsrətinə qovuşmuşdu, torpaqlarımız işğaldan azad edilmişdi.

Vətən müharibəsinin ən böyük qələbəsi Şuşanın azad edilməsi oldu. Prezident İlham Əliyev hələ müharibə günlərində bəyan etmişdi ki, Şuşasız bizim işimiz yarımçıq olar. Şuşanın azad olunması həm də milli məsələ idi. Danışıqlar prosesində ermənilər bildirirdilər ki, Şuşa şəhəri Azərbaycana qaytarıla bilməz. Ona görə Vətən müharibəsində əsas hədəfi Şuşanın azad edilməsi idi. Hadrutun, Füzulinin azad edilməsindən sonra Şuşaya doğru irəliləyən ordumuz döyüşlərin 42-ci günündə milli mədəniyyətimizin beşiyini, Qarabağın tacını xilas etdilər. Şuşa əməliyyatı Azərbaycan Ordusunun Vətən müharibəsində yazdığı möhtəşəm qəhrəmanlıq səhifəsi oldu. Hərbçilərimiz çətin relyefi olan bu şəhəri qayalardan dırmaşaraq, yüngül atıcı silahlarla döyüşərək azad etdilər. Dünyanın aparıcı hərbi mərkəzlərinin öyrəndiyi Şuşa əməliyyatı ordumuzun yüksək döyüş hazırlığının, hərbçilərimizin peşəkarlığının, vətənpərvərliyinin, ən ekstremal şəraitlərdə belə döyüşərək qalib gəlmək əzminin nümayişi oldu.

Beləliklə, İlham Əliyevin "dəmir yumruğu" düşmənin başını əzərək, ona tarixi boyu unutmayacağı layiqli cəzanı verdi. Cənab Ali Baş Komandan sərkərdə qətiyyəti ilə işğalçı dövləti döyüş meydanında darmadağın etdi.

Şuşanın azad edilməsi Vətən müharibəsinin taleyinin həlledici hadisəsi oldu. Bundan sonra müharibə etməyin mənasız olduğunu anlayan düşmən kapitulyasiya aktına imza atmağa məcbur edildi. Prezident İlham Əliyevin şərtləri əsasında hazırlanan üçtərəfli bəyanat həm də Azərbaycanın siyasi-diplomatik qələbəsi oldu. Çünki bu bəyanatla Azərbaycan Ordusu bir güllə də atmadan Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan azad etdi.

Şuşanın azad olunduğu gün - 8 noyabr tarixi Prezident İlham Əliyevin sərəncamı ilə Zəfər Günü kimi təsis edilib. Zəfər Günü dövlətimizin əsas əlamətdar günlərindən biri kimi həmişə tariximizi şərəfləndirəcək, Vətən müharibəsində qazanılan tarixi qələbəni gələcək nəsillərə ötürəcək, xalqımızın qəhrəmanlığını, dövlətimizin qalibiyyətini əbədiyyətə qədər dünyaya bəyan edəcək.

Vətən savaşındakı qələbəni şəhidlərimizin qanı, qazilərimizin canı bahasına qazandıq. Qəhrəman oğullarımız bu müharibədə qəhrəmanlıq dastanları yazdılar, torpaqlarımızın azadlığı uğrunda mübarizənin nümunələrini yaratdılar. Bu yolda onlar ölümdən belə qorxmadılar, mübarək şəhidlik zirvəsinə ucaldılar. Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq. Azərbaycan Prezidentinin sərəncamı ilə sentyabr ayının 27-nin Anım Günü kimi təsis olunması şəhidlərin xatirəsinə ehtiramın ali nümunəsidir.

Qarabağ və Şərqi Zəngəzur sürətlə bərpa edilir

Vətən müharibəsində torpaqlarımızın azad edilməsi yeni reallıqlar yaratdı. Artıq "Dağlıq Qarabağ" adlı coğrafi vahid yoxdur, "status kvo", "sülh danışıqları" kimi ifadələr tarixə qovuşub. Azərbaycanın qələbəsi "Qarabağ iqtisadi rayonu", "Şərqi Zəngəzur iqtisadi rayonu", "Zəngəzur Dəhlizi" kimi yeni ifadələri siyasi leksikonumuza daxil edib.

Bu gün Azərbaycan dövlətinin milli prioriteti işğaldan azad edilmiş bütün rayonlarımızın, şəhərlərimizin, kəndlərimizin, qəsəbələrimizin bərpası, 30 ilə yaxın məcburi köçkün vəziyyətində yaşamış insanların öz doğma torpaqlarına qayıdışının təmin edilməsidir. Bir il böyük zaman kəsiyi deyil. Amma bu müddət ərzində Qarabağ və Şərqi Zəngəzurda icra olunan layihələrin əzəməti onilliklərə bərabərdir. Hazırda azad olunmuş ərazilərdə geniş yol-nəqliyyat şəbəkəsinin yaradılması, etibarlı enerji təchizatının təmin olunması istiqamətində görülən işlər Qarabağ və Şərqi Zəngəzura qayıdışın ilkin təməlləridir.

Ağdamın, Cəbrayılın, Füzulinin baş planlarının təsdiq olunması, "ağıllı kənd" konsepsiyası ilə kəndlərin bərpasına başlanılması, cəmi 8 ay ərzində Füzulidə hava limanının inşası, Zəfər yolunun çəkilməsi, yarımstansiyaların istifadəyə verilməsi göstərir ki, azad olunmuş bütün ərazilərimiz ən qısa müddətdə yenidən qurulacaq. Ən əsası, qısa müddətdə nəhəng bərpa işlərinin həyata keçirilməsi Azərbaycan hökumətinin iqtisadi gücündən və dərin iradəsindən xəbər verir.

Ermənistan müharibə cinayətlərinə görə cavab verəcək

Ermənistan həm işğal, həm də müharibə günlərində çoxsaylı hərbi və insanlıq əleyhinə cinayətlər törətmişdi. Hələ birinci Qarabağ müharibəsi dövründə Xocalıda, Qaradağlıda soyqırımları həyata keçirən Ermənistanın 1993-cü ildə Kəlbəcər rayonunun Başlıbel kəndində də soyqırımı cinayəti törətdiyi məlum olmuşdur.

Müharibə günlərində Ermənistan Azərbaycanın şəhər və kəndlərini atəşə tutmaqla, Gəncə, Bərdə, Tərtər, Naftalanda çox saylı mülki vətəndaşlarımızı qətlə yetirməklə növbəti müharibə cinayətlərinə rəvac verdi, terror dövləti olduğunu bir daha sübut etdi. Bu zaman Ermənistanın başqa bir müharibə cinayəti qadağan olunmuş silahlardan istifadə etməsi idi. Ermənistanın bu cinayətləri 1949-cu il Cenevrə Konvensiyasının və onun Əlavə Protokollarının, 1977-ci il Terrorçuluqla Mübarizə üzrə Avropa Konvensiyasının və BMT Nizamnaməsinin tələblərinin kobud şəkildə pozulmasıdır. Bu hərbi təcavüzlər nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla, 93 mülki şəxs həlak olmuş, 454 mülki vətəndaş yaralanmış, ümumilikdə 12 min 292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəymişdir.

İşğal dövründə ermənilərin Qarabağ və Şərqi Zəngəzurda müharibə cinayətləri törətdiyi məlum idi. Ərazilərimizin azad edilməsindən sonra isə işğalçıların bütün əməlləri bütün miqyası ilə aydın oldu. Şəhər və kəndlərimizin dağıdılması Azərbaycana qarşı törədilən hərbi cinayətlərin bir hissəsidir. Bununla yanaşı, Ermənistan tarixi torpaqlarımızdan xalqımızın tarixi izlərini itirmək üçün də ağır müharibə cinayətləri həyata keçirib. Düşmən Qarabağın və Şərqi Zəngəzurun mədəni irsini, təbiətini talan edib. Hazırda Ermənistanın hərbi cinayətlərinə və bu prosesdə iştirak edən xarici şirkətlərin fəaliyyətinə beynəlxalq məhkəmələrdə lazımi hüquqi qiymətin verilməsi üçün Azərbaycan dövləti tərəfindən iş aparılır.

Belə ki, bu ilin yanvarında Azərbaycan Ermənistana qarşı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə dövlətlərarası şikayət vermişdir. Bu şikayətdə Azərbaycan vətəndaşlarının İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında 1950-ci il Konvensiyasında nəzərdə tutulmuş hüquqlarının Ermənistan tərəfindən davamlı şəkildə pozulduğunu sübut edən faktlar təsbit olunub. Şikayətdə həm Birinci Qarabağ müharibəsindən başlayan və davam edən, hərbi işğal dövründə başlayan və davam edən, eyni zamanda, Vətən müharibəsi zamanı törədilmiş hüquq pozuntuları əksini tapır.

Cari ilin sentyabrında isə Azərbaycan BMT-nin 1965-ci il tarixli "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" beynəlxalq konvensiya əsasında Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı uzun müddət ərzində etnik təmizləmə siyasətinin aparılması faktları ilə bağlı Haaqa şəhərində yerləşən BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etmişdir.

Ermənistanın ən dəhşətli müharibə cinayətlərindən biri də ərazilərimizi minalamasıdır. Ötən ilin noyabrından başlayaraq bu günədək mina partlaması nəticəsində 160-dan çox soydaşımız həlak olmuş və ya xəsarət almışdır, onların 65-i mülki şəxsdir. Əlbəttə, düşmən bütün bunların hamısına görə cavab verəcək.

Ermənistan Azərbaycana qarşı terror və hərbi təxribatlarını müharibənin başa çatmasından sonra da törətməkdə davam etmişdir. Üçtərəfli bəyanatın imzalanmasından sonra Azərbaycan ərazilərinə qanunsuz olaraq gizli yollarla keçən erməni silahlı dəstələrinin üzvləri hərbi qulluqçularımıza və mülki şəxslərə qarşı terror-təxribat və digər cinayət əməlləri törətmişdilər. Həyata keçirilən əməliyyatla yaxalanan həmin silahlılar barəsində Azərbaycan məhkəmələri tərəfindən ədalətli hüquqi mühakimə aparılmışdır.

Birinci Qarabağ müharibəsi dövründə əsir götürülmüş azərbaycanlılara qarşı amansız işgəncələr verməkdə təqsirləndirilən erməni hərbçilər - Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyan İkinci Qarabağ müharibəsi zamanı ələ keçirildikdən sonra Azərbaycan qanunvericiliyi ilə mühakimə olunmuşlar. Bakı Hərbi Məhkəməsi tərəfindən keçirilən prosesdə Azərbaycan ərazisində qanunsuz fəaliyyət göstərən erməni separatçı rejiminin silahlı birləşmələrinin üzvləri olan bu şəxslərin azərbaycanlılara qarşı törətdikləri əməllər və müharibə cinayətləri tam sübuta yetirilmiş, onlara layiq olduqları cəzalar verilmişdir.

Məhkəmə-hüquq və ədliyyə sisteminin fəaliyyətində yeni keyfiyyət mərhələsi başlanmışdır

Respublikamızda gedən inkişaf proseslərinə uyğun olaraq hüquq və ədliyyə sisteminin təkmilləşdirilməsi, ədalət mühakiməsinin səmərəliliyinin artırılması da diqqət mərkəzində saxlanılmışdır. Bundan irəli gələrək müxtəlif dövrlərdə məhkəmə-hüquq islahatları da uğurla həyata keçirilmiş, məhkəmələrin fəaliyyəti təkmilləşdirilərək müasir tələblər səviyyəsinə çatdırılmış, həmçinin yeni məhkəmələr yaradılmışdır. Məhkəmə-hüquq islahatları çərçivəsində əhalinin müraciət imkanlarının asanlaşdırılmasına xüsusi diqqət yetirilmiş, yeni nəsil hakim korpusu formalaşdırılmışdır. Bütün bunlar ədalət mühakiməsinin effektiv həyata keçirilməsinə, vətəndaşların məhkəmələrə müraciət imkanlarının asanlaşdırılmasına, keyfiyyətli xidmətlərin göstərilməsinə öz müsbət təsirini göstərmişdir.

 Respublikamızın siyasi və iqtisadi həyatında dərin islahatlar dövrü kimi yaddaqalan 2019-cu il aprelin 3-də Prezident İlham Əliyevin imzaladığı "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Fərmanla islahatlar həm də məhkəmə-hüquq sistemini, ədliyyə orqanlarını da əhatə etmişdir. Fərmana əsasən müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədilə məhkəməyə müraciət imkanlarının daha da genişləndirilməsi, məhkəmələrin fəaliyyətində şəffaflığın artırılması, məhkəmə icraatının effektivliyinin yüksəldilməsi, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsinin təmin olunması yeni islahatların prioriteti istiqamətləri olmuşdur. Fərmanda nəzərdə tutulmuş tədbirlərin icrası çərçivəsində digər mühüm tədbirlərlə yanaşı, sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən və çevik baxılmasını təmin etmək məqsədilə yeni regional kommersiya və inzibati məhkəmələr yaradılmışdır.

Fərmanın icrası istiqamətində əhəmiyyətli işlərin görülməsi nəticəsində məhkəmə-hüquq və ədliyyə sisteminin fəaliyyətində yeni keyfiyyət mərhələsi başlamışdır. Xüsusilə qeyd etmək istərdim ki, bu islahatlar zamanı Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilməsi nəzərdə tutulan bütün tədbirlərin icrası ən yüksək səviyyədə təmin olunmuşdur. Nəticə etibarilə bütün bunlar Azərbaycanın yüksəlişinə, modernləşməsinə və vətəndaş məmnunluğunun təmin olunmasına böyük töhfələr vermişdir.

Ulu öndər Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli sərəncamı ilə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi gün - 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən olunmuşdur.

Son iki ildə ədliyyə işçiləri bu tarixi daha yüksək əhval ruhiyyə ilə qeyd edirlər. Ötən il ədliyyə işçilərinin peşə bayramı günü Vətən müharibəsindəki Qələbənin təntənəsinin yaşandığı günlərə təsadüf etdi. Bu il isə xalqımız cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurun sürətli bərpasının, dövlətimizin bütün dünyada nüfuzunun daha da yüksəlməsinin təntənəsini yaşayır. Ona görə 22 noyabr peşə bayramı gününü ədliyyə işçiləri ikiqat bayram əhval-ruhiyyəsi ilə qarşılayırlar.

Torpaqlarımızın azad edilməsi ilə əlaqədar olaraq Azərbaycanın hüquq sistemini, o cümlədən məhkəmələri yeni və məsul vəzifələr gözləyir. Əminik ki, məhkəmələr və digər dövlət orqanları bu vəzifələrin öhdəsindən layiqincə və şərəflə gələcəklər.

Həbib HƏSƏNOV,

Bakı Hərbi Məhkəməsinin sədri.