Tarixə yazılan günlər
Digər xəbərlər

Tarixə yazılan günlər

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə sentyabrın 27-dən etibarən zəfər yürüşünə başladı. Azərbaycan Ordusu qısamüddətli zəfər yürüşündə inanılmaz uğurlar əldə etdi. Noyabrın 8-də isə 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Hərbi ekspertlərin, elə ermənilərin özlərinin də dediyi kimi, "kim Şuşaya nəzarət edirsə, Qarabağa da o nəzarət edir". Azərbaycan Ordusu bu missiyanın öhdəsindən layiqincə gəldi.

Noyabrın 9-da səhər saatlarında paytaxtın küçələri izdihamlı idi. Dövlətçiliyin, müstəqilliyin simvolu olan Azərbaycanın və qardaş Türkiyənin dövlət bayraqları ilə bəzədilən yüzlərlə avtomobil, əllərində bayraqlar olan yüzlərlə gənc və yeniyetmə təntənəli surətdə qeyd olunan Bayraq Günü münasibətilə yürüşə çıxmışdılar. Bu gün ikiqat bayram idi. Bütün ölkə  əzəmətli üçrəngli bayrağımıza bürünmüşdü. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu 1992-ci il mayın 8-də ermənilər tərəfindən işğal edilən qədim Şuşa şəhərini azad edib. Bayram bayrama qarışıb. Avtomobil siqnalları, piyadaların "Qarabağ Azərbaycandır!", "Ali Baş Komandana eşq olsun!", "Yaşasın Azərbaycan Ordusu!", "Yaşasın Azərbaycan!" kimi şüarları bütün küçəboyu səsləndirilib. İnsanlar Dövlət Bayrağı Günü və Şuşanın işğaldan azad edilməsi münasibətilə bir-birilərini təbrik edir, Qarabağımızın tezliklə tam azad olunmasını - Böyük Qələbə Gününü səbirsizliklə gözlədiklərini bildiriblər.

Şuşa işğaldan azad olunandan sonra artıq düşmən dərk etdi ki, bundan sonra müqavimət göstərmək heç bir əhəmiyyət kəsb etməyəcək. Şuşa işğaldan azad olunandan bir gün sonra qəhrəman Azərbaycan Ordusu daha 70-dən çox yaşayış məntəqəsini işğalçılardan azad edib və əslində, bu, düşmənə vurulan son zərbə idi. Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi, Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Azərbaycan Prezidenti deyib: "Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaqdır. Çünki bu əməliyyatı yalnız yüngül silahlarla silahlanmış bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək icra ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı Qələbəmizdir". Qədim Azərbaycan şəhəri Şuşanın işğaldan azad edilməsi dünyanın əksər ölkəsində olduğu kimi, Gürcüstanda yaşayan azərbaycanlılar tərəfindən böyük sevinclə qarşılanıb. Gürcüstanın müxtəlif bölgələrində yaşayan azərbaycanlılar Şuşanın azad edilməsi və 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə paytaxt Tbilisidə Heydər Əliyev parkına toplaşıblar. Burada Azərbaycanın ümummilli lideri Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzülüb. Əllərində Azərbaycan və Gürcüstan bayraqları tutan soydaşlarımız bu qələbədən bütün dünya azərbaycanlılarının qürur duyduğunu və bütün dünya azərbaycanlılarına başucalığı gətirdiyini bildiriblər. Tbilisinin bir sıra mərkəzi küçə və meydanlarında quraşdırılmış böyük monitorlarda Azərbaycan bayrağı nümayiş etdirilib.

Noyabrın 9-da Azərbaycan Ordusu 71 kənd, 1 qəsəbə və 8 yüksəkliyi işğaldan azad edib. Xəbəri gün ərzində iki dəfə özünün "Twitter" hesabında Prezident, Ali Baş Komandan İlham Əliyev açıqlayıb. Azərbaycan Ordusu Laçın rayonunun bir neçə kəndini işğaldan azad edib. Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev twitterdəki hesabında yazıb: "Laçının Güləbird, Səfiyan, Türklər kəndləri işğaldan azad edilmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!", - deyə Azərbaycan Prezidenti qeyd edib.

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. İndiyədək Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olunub. Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar.

Bəyanata əsasən 2020-ci il dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana qaytarılmalıdır. Bəyanata uyğun olaraq, Ağdam rayonunun işğal edilmiş 73 faiz ərazisi, o cümlədən Ağdam şəhəri, Kəlbəcər rayonunun Kəlbəcər şəhəri də daxil olmaqla, 147 yaşayış məntəqəsi və Laçın rayonu Azərbaycana təhvil verilib. Bununla da üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşıb.

Ölkəmizin işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli Fərmanı ilə verilmiş tapşırıqlara əsasən  ətraf mühitin qorunması, təbii sərvətlərdən səmərəli istifadə və onların ilkin qiymətləndirilməsi məqsədilə yaradılmış Əməliyyat Qərargahlarında təmsil olunan  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli və Xocavənd rayonlarının ərazilərində monitorinqlərə başlayıb. Arazboyu ərazilərdə aparılan monitorinq və müşahidələr göstərib ki, yaşayış məntəqələrində olmuş bütün evlər, binalar, tarixi abidələr, qəbiristanlıqlar tamamilə dağıdılıb, yolların kənarındakı tut, qovaq, çinar, şam və meyvə ağacları kəsilib, bəzi yerlərdə isə tamamilə yandırılıb. Meşələrdə və yaşıllıq massivlərində qəsdən törədilmiş yanğınlar nəticəsində bitki örtüyü, münbit torpaq qatı və digər canlı aləm məhv edilib. Erməni vandallığını sübut edən faktlardan biri də, keçmiş Sovet dövründən xüsusi qorunma statusu olan unikal təbiət abidələri siyahısına daxil edilmiş minillik qədim ağacların qəsdən kəsilməsi və zəngin təbiət tarixinin bilərəkdən silinməsinə şərait yaradılmasıdır. Belə ki, bir neçə gün ərzində aparılan monitorinqlərin nəticələrinə görə, Qubadlı, Füzuli və Cəbrayıl rayonlarının ərazisində yaşı 1600, 900 və 500 il olan Şərq çinarlarının məhv edildiyi müəyyən olunub. Bu ağacların yerində bitən 2 metrə qədər pöhrələr bu qədim çinarların bir neçə il əvvəl kəsildiyini təsdiq edir.

Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini minaatan və atıcı silahlardan yenə atəşə tutub, - Azərbaycan Müdafiə Nazirliyi bildirir. Qurumun məlumatına görə, noyabrın 8-i axşam saatlarından 9-u gecə 00:50-dək Ermənistanın Berd və Çəmbərək rayonları istiqamətindən Azərbaycanın Tovuz və Gədəbəy rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri qarşı tərəfdən fasilələrlə atəşə tutulub. Silahlı Qüvvələrimiz döyüş əməliyyatına nəzarət edir.

"Respublika".