QÜRUR MƏNBƏYİMİZ
Siyasət

QÜRUR MƏNBƏYİMİZ

8 noyabr 2020-ci il Qarabağa qovuşduğumuz tarixi gündür. Böyük Qələbə Günüdür! Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən noyabrın 10-da imzalanan üçtərəfli bəyanat Azərbaycan tarixinin ən böyük diplomatik qələbəsidir. Bu bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır. Döyüş meydanında darmadağın edilən Ermənistan rəhbəri Azərbaycan Prezidentinin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etməkdən başqa çıxış yolu qalmadı.

Bəyanatda əsasən Dağlıq Qarabağa hər hansı statusun verilməsindən söhbət getmir və Azərbaycanın ərazi bütövlüyü tam təmin olunur. Bu, Azərbaycanın tam və şərtsiz qələbəsinin əyani sübutudur. 8 noyabr 2020-ci il Ali Baş Komandan və şanlı Azərbaycan əsgərinin yazdığı şanlı tarix, 28 illik həsrətə 44 gün müddətində son qoydu. Bu müddət ərzində millətimiz daim Vətən həsrəti, sevgisini ürəyində daşıdı, cənab İlham Əliyevə arxalandı və qələbə qazandı. Liderimiz daim çıxışlarında "Biz Qarabağımıza qayıdacağıq, Qarabağ tarixi Azərbaycan torpağıdır" deyirdi. O, ulu öndər Heydər Əliyevə və xalqına verdiyi sözləri tutdu. Ata vəsiyyətini yerinə yetirdi. Ordumuza, eləcə də möhkəm iradəli xalqına inanaraq zəfər qazandı. Bu zəfər asan başa gəlmədi. Daim danışıqlara üstünlük verən dövlətimiz öz hünərini döyüş meydanında da göstərdi.

Böyük qələbəni al-qanı ilə yazan şəhidlərimizin intiqamının alınması ilə əldə edilən zəfəri, qalibiyyəti Azərbaycan xalqına bəxş etməklə Ali Baş Komandanımız İlham Əliyev həm də həyatını Azərbaycana həsr edən, "Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur" - deyən ulu öndərin arzusunu reallaşdırdı: "Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, ulu öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!".

Ölkə Prezidenti İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi bu sözlər hər bir azərbaycanlıda böyük sevinc və qürur hissləri yaratdı.

44 günə sona çatan bu qısa müharibə dünya hərb tarixinə misli görünməmiş savaş kimi düşdü. Azərbaycan Ordusunun gücünü, Azərbaycan xalqının qüdrətini bəşəriyyətə sübut etdi. Ona görə 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq.

Azərbaycan Respublikasının II Qarabağ savaşında zəfər çalması tarixi əhəmiyyət kəsb edir. Azərbaycana qarşı qərəzli mövqe tutan bəzi dünya dövlətləri Azərbaycanın hansı gücə malik olmasını bir daha görmüş oldu. Qüdrətli Azərbaycan ordusu cənab Ali Baş Komandanın rəhbərliyi ilə əzəli torpaqlarımızı - Qarabağı mənfur erməni işğalından azad etdi. Vətən yolunda şəhidlik zirvəsinə ucalanlar da oldu, qazi adını alanlar da.

27 sentyabr 2020-ci il tarixdən davam edən hərbi əməliyyatlarda Azərbaycan ordusu böyük şücaət göstərərək üstünlük əldə etdi. Üçtərəfli bəyanatın imzalanmasına qədər 44 günlük müharibə ərzində təqribən 300 yaşayış məntəqəsi, 5 şəhər və 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər düşməndən azad edildi. Düşmən dövlət müharibə gedişində hər cür çirkin əməllərə əl atdı, mülki əhalini atəşə tutdu, Gəncədə, Bərdədə və digər yerlərdə insan tələfatı ilə nəticələnən terror aktı törətdi, yaşayış mənzilləri bombalandı. Əslində baş verən bütün bu hadisələr düşmənin olduqca rəzil, gücsüz durumda olduğunu göstərirdi. Azərbaycan dövləti isə tam əksi olaraq beynəlxalq hüquq normalarına, müharibə qaydalarına riayət edərək, öz torpaqları uğrunda haqq savaşı apardı. Azərbaycana qarşı qərəzli mövqe sərgiləyən bəzi dövlətlər bir daha gördülər ki, Azərbaycanda xalq-dövlət birliyi mövcuddur. Bu birlik yumruq halında birləşmişdir. Cənab Prezidentin dediyi kimi, "bu yumruq düşmənin başını əzən yumruqdur, qələbəni dəmir yumruq hesabına qazandıq, düşməni qova-qova dayandıq torpağımızda. Düşmən diz çökdü". Müharibə nəticəsində Ermənistan təkcə hərbi cəhətdən sarsılmadı, iqtisadiyyatı da çökdü, ölkəni xaos bürüdü, xalq və dövlət qarşıdurması baş verdi. Ermənistan bir ölkə olaraq təkcə regionda deyil, dünyada nüfuzunu itirdi.

 "Qarabağ Azərbaycandır!" şüarı ilə döyüşə girən, qəhrəmanlıq nümayiş etdirən xalqımızın mərd oğulları üçrəngli bayrağımızı işğaldan azad olunmuş ərazilərdə sancaraq bütün dünyaya Azərbaycan ordusunun nə qədər güclü olduğunu göstərdilər. Bu tarix neçə illər keçsə də, yaddaşlardan silinməyəcək.

Bu qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır. Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir.

Azərbaycan xalqı bundan sonra da öz liderinə böyük etimad göstərərək, - onun ətrafında daha sıx birləşəcək və yeni zəfərlərə inamla addımlayacaq.

Ramiz HÜMBƏTOV,

31 saylı notariat ofisinin xüsusi notariusu.