“Zəfər salnaməsi” - zaman haqqında monoloq...
Siyasət

“Zəfər salnaməsi” - zaman haqqında monoloq...

Vaxtın da sərhədləri var və bu sərhədləri zamanın heç bir bölgüsü məhdudlaşdıra bilmir. Tarix keçmişin ənənələrinə söykənib bu gündən gələcəyə doğru istiqamətlənmirsə hansı məqamdasa durub-dayanan ani, mənasız vaxt axınından başqa bir şey deyildir.

Bu gün qarşımızda duran möhtəşəm faktların maraqlılığına və ardıcıllığına görə irihəcmli böyük bir əsər - “Zəfər salnaməsi” kitabında isə əsl tarix yaşayır.

Bəli, dünya qloballaşdıqca, yazılı mənbələrin əhəmiyyətini daha aydın şəkildə dərk etməkdəyik. Bu gerçəklik bəzən bizə bir qədər təəssüf hissi də yaşadır. Bəllidir ki, biz min illər boyunca yaşadığımız geniş coğrafiyada möhtəşəm tarix yaratmışıq. Bu tarixi yaradan əcdadlarımız elə bir qüdrətə sahib olublar ki, hətta zamanın özü onlara son dərəcə cılız görünmüşdür. Bəlkə elə bu səbəbdən də ulularımız nəğmələrə, şeirə, sənətə, hikmətə üstünlük vermiş, salnaməçiliyi sonraya saxlamış, at çapıb qılınc oynatmaq, meydanda hünər göstərmək, yeni-yeni zəfərlər sorağına çıxmaq qədər maraqlı olmayan bu işi əksər hallarda başqa soylardan olanların öhdəsinə buraxmışlar.

Bunun acılarını isə əsrlər sonra çəkmişik. Məhz bu biganəliyimiz üzündən “bizə tarix yazanlar” da gücü qələmə verib tariximizi saxtalaşdırdıqca saxtalaşdırıblar. Bununla da keçmişimizə qarşı yönəlmiş məkrli əməllərlə şanlı tariximizi ört-basdır edəcəklərini düşünüblər. 30 il erməni işğalı altında qalan torpaqlarımızın ağrı-acıları əslində tarixin bizə verdiyi dərslərdir. Bu dərslərdən nəticə çıxarmaq üçün, yaxın, ya uzaq, fərq etməz, Azərbaycan tarixinə aid hər bir kəlmə indi yüksək dəyərləndirilməlidir.

“Zəfər salnaməsi” kitabının əsas qəhrəmanı Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və rəşadətli Azərbaycan Ordusudur. Bu ad ətrafında təkcə bir şəxsiyyətin fəaliyyəti deyil, Azərbaycanın ən yeni tarixinin bütöv və parlaq mənzərəsi dolğun ifadəsini tapır.

Kitabın strukturu qarşıya qoyulmuş məqsədlərin ardıcıllığını, rəvanlığını təmin etmişdir. Burada Azərbaycan Prezidentinin tarixdəki rolu fəlsəfi-politoloji kontekstdə izah olunur, onun rəhbərliyi altında ölkəmizin yaşadığı tarixi mərhələ barədə fikirlər böyük maraq doğurur və reallığı tam əks etdirir.

Azərbaycanın İkinci Qarabağ müharibəsindəki şanlı Qələbəsinə həsr olunmuş “Zəfər salnaməsi” kitabı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin ön sözü ilə başlayır. Onun dəyərini artıran əsas məqamlardan biri də elə budur. Ön sözün müəllifi kimi dövlət başçısı, Ali Baş Komandan yaxın tarixə qısa bir nəzər salaraq yazır: “Dahi Azərbaycan şairi və görkəmli dövlət xadimi Molla Pənah Vaqifin dağıdılmış məqbərəsi önündə dayanarkən 1982-ci ildə Şuşada baş vermiş hadisələri xatırlayıram. Şairin yaradıcılığına həsr olunmuş festivalın açılışına o zaman ulu öndər Heydər Əliyev gəlmişdi, yazıçılar, şairlər, tarixçilər, ədəbiyyatşünaslar və şairin poeziyasının vurğunları toplaşmışdı. Qonaqlar öz dövrünün görkəmli siyasi xadimi olan şairin yaradıcılığını xatırlayır, onun faciəli ölümünə təəssüflənirdilər. O zaman onlar bir-birini azərbaycanlılara və ermənilərə ayırmır, cəmi bir neçə ildən sonra Qarabağda separatizmin baş qaldıracağını, Ermənistanın Azərbaycana qarşı təcavüzə başlayacağını ağıllarına belə gətirmirdilər...”.

Bundan sonra baş verən hadisələrin xronoloji ardıcıllığı fonunda ermənilərin bu yerlərə köçürülməsi mərhələsi tarixi faktlar əsasında xatırladılır: “Azərbaycanlılar onları mehribanlıq və səmimiyyətlə qəbul edir, sığınacaq verir. Lakin zaman keçdikcə qonaqlar özlərini ev sahibləri kimi aparmağa başlayır”. Sonrakı mərhələlərdə ermənilərin azərbaycanlıların başlarına gətirdikləri müsibətlər, torpaqlarımızın 20 faizini işğal etmələri, yeni-yeni ərazi zəbt etmək iddiaları və s. məqamlar, 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurasının Azərbaycanın ərazi bütövlüyünü bir daha təsdiqləyərək erməni qoşunlarının işğal olunmuş torpaqlardan çıxarılmasını tələb edən 4 qətnaməsinə etinasızlığı, tez-tez təxribatlar törədib, sülh və danışıqlar prosesini ləngitdiyi və nəhayət, Vətən müharibəsinin qaçılmaz olduğu diqqətə çatdırılır, yaddaşlarımızı bir daha təzələyir: “Biz Ermənistanın növbəti təxribatına cavab verməyə məcbur olduq. Bizim apardığımız müharibə ədalətli idi. Çünki həm tarix, həm də beynəlxalq hüquq baxımından biz haqlı idik...”.

“Zəfər salnaməsi” kitabının əsas ideyası Vətən müharibəsinin gedişini, həmin ərəfədə baş verən prosesləri, müharibədən sonrakı qayıdışı günbəgün xronika formatında izləməkdir və kitabı oxuyarkən Zəfərin əsas formulu kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dönməz siyasi iradəsi, proseslərə strateji baxışı və sistemli yanaşması, son 18 ildə yürütdüyü daxili və xarici siyasət, ölkənin illər ərzində toplanmış iqtisadi gücünün siyasi, diplomatik və hərbi gücə transformasiyası, erməni işğalı ilə barışmayan xalqımızın və yetişmiş gənc nəslin torpaqlarımızı azad etmək əzmi, Prezident-Xalq-Ordu birliyinin vahid dəmir yumruqda birləşdiyini görürük. Elə qələbəmizi də təmin edən bu qüvvədir: “Azad olunmuş torpaqlar bütöv və yeni Azərbaycanın rəmzinə çevriləcək. Qarabağ Azərbaycandır! Və biz həmişəlik qayıtmışıq!..”.

Əsrimiz informasiyanın əldə edilməsi üçün çeşidli vasitələrlə rəngarəng olsa da, müasir informasiya texnologiyaları ilə ən kəskin rəqabət şəraitində də kitab bu gün sosiomədəni amil kimi öz əhəmiyyətini qorumaqdadır. Məlumat vasitələrinin çeşidliliyinə rəğmən, günü bu gün də insanların böyük əksəriyyəti informasiyaları ən etibarlı mənbə kimi məhz kitablardan almağa meyillidir. Belə bir şəraitdə dəyərli kitab o kitab hesab edilir ki, oxucu üçün etibarlı qaynaq rolunu oynamaqla yanaşı, ona lazım olan məlumatları da təmin edə bilsin.

Son illər baş vermiş hadisələr, proseslərin intensivliyi və mahiyyəti Azərbaycan Prezidentinin bütün fəaliyyətinin məhz torpaqların işğaldan azad olunmasına yönəldiyini bir daha göstərir və “Zəfər salnaməsi” də bu deyilənləri tam əks etdirir. Bu baxımdan proseslərin gedişini və ardıcıllığını daha müfəssəl təqdim etmək üçün kitab üç hissəyə bölünüb.

“Ərəfə” adlanan birinci hissə 2016-cı il Aprel döyüşlərindən 2020-ci ilin sentyabrınadək olan dövrü əhatə edir. Bu müddət ərzində Azərbaycanın şanlı Qələbəsinə aparan addımlar təsvir edilir, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ordunun möhkəmləndirilməsi, ölkənin iqtisadi gücünün daha da artırılması, Azərbaycanın haqlı mövqeyinin beynəlxalq səviyyədə ortaya qoyulması istiqamətində gördüyü işlər əks olunur.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatında deyilir: “Aprelin 1-də erməni qoşunları Azərbaycan mövqelərini, eləcə də arxa cəbhədə yerləşən yaşayış məntəqələrini intensiv artilleriya atəşinə məruz qoyub. Dinc əhali arasında tələfat var”. Azərbaycan Ordusu bu təxribatın qarşısını almaq məqsədilə əks-hücum əməliyyatlarına başladı.

Azərbaycan Ordusunun əməliyyat üstünlüyünü neytrallaşdırmağa cəhd göstərən erməni komandanlığı işğal altındakı Ağdərə şəhəri və Madagiz kəndi (indiki Suqovuşan) yaxınlığında yerləşdirilmiş hissələrin köməyi ilə hücuma keçdi. Lakin hücum dəf edildi. Düşmən 300 nəfərdən çox itki verdi. Aprel döyüşləri nəticəsində Cəbrayıl, Füzuli və Ağdərə rayonlarının 2 min hektardan artıq ərazisi azad edildi. Ermənistan ordusuna 1994-cü ildə atəşkəs əldə olunduqdan sonrakı dövr ərzində ilk dəfə belə zərbə vuruldu. Ermənistan tərəfindən daim atəşə tutulan Cocuq Mərcanlı kəndi dinc yaşayış qazandı. Döyüşlərdə fərqlənmiş hərbiçilər qarşısında çıxış edən Prezident İlham Əliyev Azərbaycan Ordusunun istənilən tapşırığı icra etməyə qadir olduğunu qeyd edərək deyib: “Biz öz ərazi bütövlüyümüzü bərpa etməliyik və edəcəyik. Bu, bizim əzəli torpağımızdır, tarixi torpağımızdır və biz bu gün hələ də işğal altında olan bütün torpaqlarımıza qayıdacağıq... Aprel döyüşləri bizim şanlı qələbəmizdir!”.

2018-ci il 20 may. “Ermənistan tərəfinin təxribatı nəticəsində Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda baş vermiş atışma zamanı Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub”.

Ermənistan silahlı qüvvələri birləşmələrinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun hissələri Ermənistan tərəfindən 1992-ci ildə işğal olunmuş Günnüt kəndini və bir sıra strateji yüksəklikləri azad etdilər. Hərbi ekspertlər bu əməliyyatı “Bakının son xəbərdarlığı” adlandırdılar.

Kitabın bu hissəsində Azərbaycan-Türkiyə əlaqələrinin əbədiliyi də bir daha diqqətə çatdırılır: “Azərbaycan paytaxtında Qafqaz İslam Ordusu tərkibində Azərbaycan və türk hərbi hissələri tərəfindən Bakının işğalçılardan azad edilməsinin 100 illiyinə həsr olunmuş parad keçirilib. Paradı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul ediblər”.

Hərbçilərə və qonaqlara müraciət edən Azərbaycan Prezidenti deyib: “Bu gün sözün əsl mənasında, tarixi bir gündür, Türkiyə-Azərbaycan birliyi, Türkiyə-Azərbaycan qardaşlığı günüdür”. Öz növbəsində Türkiyə Prezidenti qeyd edib: “Azərbaycanın sevinci bizim sevincimizdir, qüruru bizim qürurumuzdur, dərdi, ağrısı, problemi də bizim problemimizdir...”.

Təbii ki, bu hissədə tariximizin digər reallıqları da öz əksini tapıb, oxucu ölkə başçısının hakimiyyətə gəldiyi ilk gündən beynəlxalq səviyyəli tədbirlərdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində fəaliyyətini aydın görür.

2020-ci il 20 sentyabr. “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının nümayəndələri qarşısında çıxış etdi. O, müasir şərait nəzərə alınmaqla beynəlxalq təşkilatlarda islahatların aparılması, BMT Təhlükəsizlik Şurası qətnamələrinin icrasını təmin edə biləcək mexanizmin tətbiqi, azərbaycanlı məcburi köçkünlərin doğma torpaqlarına qayıtması üçün səy göstərilməsi və COVİD-19 virusuna qarşı vaksinin ədalətlə bölüşdürülməsi ilə bağlı çağırış etdi. O vurğuladı ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir, lakin həmin qətnamələr icra olunmur. Ermənistan bu yaxınlarda təcavüzkar və hücum xarakterli hərbi doktrina və milli təhlükəsizlik strategiyası qəbul edib. Azərbaycanın mühüm infrastruktur obyektlərinə — Mingəçevir su anbarı və dövlətin enerji təhlükəsizliyini təmin edən Səngəçal terminalına zərbə endirməklə hədələyir... İyulun 17-dən etibarən sentyabr ayına qədər biz hərbi yük təyyarələri ilə Ermənistana min tondan artıq hərbi avadanlığın daşınmasının şahidi olduq. Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanı növbəti hərbi təcavüzdən çəkindirməyə dəvət edirik”.

Kitabda öz əksini tapmış məsələlər oxucuya müxtəlif kütləvi informasiya vasitələrindən bu və ya digər dərəcədə tanış olsa da kitab bu tanışlığın ötəri xarakterini aradan qaldırır. Kitabda müxtəlif məsələlərin hər birinin müfəssəl şərhi verilir, təhlilin əhatəliliyi, ardıcıllığı, sistemliliyi oxucunu yeni-yeni biliklərlə zənginləşdirir.

“Vətən müharibəsi”. Kitabın bu ikinci hissəsi 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan qısa dövr ərzində həm döyüş meydanında, həm arxa cəbhədə, həm diplomatiya müstəvisində və həm də informasiya məkanında Azərbaycanı Qələbəyə aparan mübarizə əks olunur, burada Ali Baş Komandanın dünya liderləri ilə danışıqlar zamanı, xarici media nümayəndələrinə verilən müsahibələrdə prinsipial mövqeyi, Azərbaycanı 44 gün ərzində qələbəyə aparan yol təsvir edilir.

2020-ci il 27 sentyabr. “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin səhər saat 7:30-da yaydığı məlumata görə yerli vaxtla saat 6:00-da Azərbaycanın Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki yaşayış məntəqələri artilleriya qurğuları və minaatanlardan atəşə tutulub. Nəticədə dinc əhali və hərbçilər arasında həlak olan və yaralananlar var”.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tank, artilleriya, raket sistemləri və aviasiyadan istifadə edilməklə əks-hücum əməliyyatı haqqında əmr verdi. Düşmənin ön müdafiə xətti yarıldı və artıq günün ikinci yarısında Azərbaycan Respublikası Müdafiə Nazirliyi düşmənin böyük itkilər verərək geri çəkilməsi barədə məlumat yaydı.

Sentyabrın 27-də Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi. Dövlətimizin başçısı iclasda çıxış edərək vurğuladı: “Bizim mübarizəmiz haqq mübarizəsidir və bu gün Azərbaycan vətəndaşları dövlətə tam dəstək göstərirlər, bu dəstəyi biz daim hiss edirik. Azərbaycan vətəndaşı Azərbaycan Ordusunun yanındadır”. Prezident Azərbaycanın bütün ərazisində hərbi vəziyyətin elan edilməsi haqqında fərman imzalayıb. Türkiyə Prezidenti Azərbaycan Prezidenti ilə telefon əlaqəsi saxlayıb, Azərbaycan xalqına itkilərə görə başsağlığı verdi və Türkiyənin hər zaman olduğu kimi, Azərbaycanın yanında olduğunu vurğuladı.

Dövlət başçısının bir sıra dövlətlərin rəhbərləri, nüfuzlu təşkilatların rəsmi nümayəndələri ilə telefon danışıqlarının, online formatda görüşlərinin nəticələri ilə bağlı məlumat, hər gün qazanılan uğur, qələbə xəbərləri ilə zəngin olan bu hissədə Prezidentin dünyanın aparıcı media agentliklərinə verdiyi müsahibələrin məzmunu ilə də tanış olmaq mümkündür.

2020-ci il oktyabrın 5-də BBC NEWS yaydığı məlumatda deyilir: “Azərbaycan öz şəhərlərinin raket zərbələrinə məruz qaldığını bildirir: bazar günü Gəncə və Mingəçevir kimi iri şəhərlərə, hətta Bakının yaxınlığına raketlər atılıb; bazar ertəsi Bərdə, Ağcabədi və Beyləqan şəhərləri atəşə tutulub. Azərbaycan tərəfinin məlumatına görə nəticədə 24 dinc sakin həlak olub, 121 nəfər yaralanıb. Mingəçevir yaxınlığında Qafqazın ən böyük su anbarı yerləşir, Azərbaycanın havadan müdafiə qüvvələri erməni raketlərini vura bilməsəydi, ekoloji faciə baş verərdi...”.

2020-ci il 8 noyabr. “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qarabağ xanlığının paytaxtı, Qarabağın inzibati mərkəzi olan qədim Şuşa şəhərinin işğaldan azad olunması barədə məlumat verdi. Ali Baş Komandan, Prezident İlham Əliyev Şuşanın azad edilməsində qəhrəmanlıq göstərmiş rəşadətli Silahlı Qüvvələrin bütün şəxsi heyətini təbrik etdi: “2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır”.

2020-ci il 10 noyabr. Bu gün Ermənistanın məğlubiyyətini təsdiq edən üçtərəfli bəyanat imzalandı. Xalqa müraciətini Azərbaycan Prezidenti belə bitirdi: “Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!”.

Dünya siyasətinin transmilliləşməsi bəşəri səviyyədə praqmatizm və fərdlilik meyillərini qabarıq şəkildə üzə çıxarsa da, humanizmə, insanpərvərliyə əsaslanan yüksək dəyərlər insanlığın ali zinəti kimi aktuallığını, mənəvi təsir gücünü daim qoruyub saxlamışdır. Ədalətlilik, dürüstlük, xeyirxahlıq və mənəvi saflıq hər bir insanın özündən sonra qoyub getdiyi ən böyük ad, ən ülvi, müqəddəs dəyərlərdir. Kamil və yetkin insanın dünyanın xilası barədə düşüncələri də məhz bu kimi ülvi, saf dəyərlərdən qaynaqlanır. Belə insanların yeganə təmənnası başqalarına yaxşılıqdan alınan mənəvi rahatlıqdır.

Azərbaycan Respublikası Prezidenti də bütün fəaliyyətində də məhz bu keyfiyyətlərə əsaslanır. Müharibə dövründə də o, xalqımızın humanistliyini bir daha nümayiş etdirdi. Xalqa müraciətində deyirdi: “Dinc əhaliyə atəş açmaq, özü də əməliyyat operativ raket kompleksləri vasitəsilə atəş açmaq hərbi cinayətdir. Onlar bu cinayətə görə məsuliyyət daşımalıdırlar və daşıyacaqlar. Biz isə onların cavabını döyüş meydanında veririk. Şəhidlərin, günahsız insanların qisasını döyüş meydanında alırıq və alacağıq. Biz heç vaxt mülki əhaliyə qarşı mübarizə, müharibə aparmamışıq, bundan sonra da aparmayacağıq. Biz ermənilər deyilik. Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib”.

“Qayıdış” adlı hissədə isə Bakının Azadlıq meydanında Qələbəyə həsr olunmuş Zəfər paradına xüsusi yer ayrılır, habelə işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Prezidentinin qısa müddət ərzində start verdiyi quruculuq və bərpa işləri barədə məlumat təqdim edilir.

2020-ci il 10 dekabr. Vətən müharibəsində Zəfərin qeyd edilməsi münasibətilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanda rəsmi səfərdədir. Azadlıq meydanında təşkil olunmuş hərbi paradı yenə birlikdə qəbul edən dövlət başçıları bu dəfə böyük Zəfərimizin sevincini hər iki xalqla birgə yaşadılar. Bu, “Bir millət, iki dövlət” ifadəsinin daha bir təsdiqi, Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığının nümayişi idi.

Azərbaycan Prezidentinin dediyi kimi: “İndi isə bizim üçün yeni dövr başlayır - quruculuq dövrü”.

Onu da qeyd edək ki, “Zəfər salnaməsi” xronika formatında olduğu üçün Böyük Qayıdışla bağlı nəşrin davamı nəzərdə tutulur.

Dövrünün digər uğurlu nəşrləri kimi, bu kitab da içində yaşadığımız vaxtın salnaməsidir. İnanırıq ki, kitab illər sonra Azərbaycan tarixinin bəlli bir mərhələsinin öyrənilməsinə maraq göstərən tədqiqatçılar üçün ən qiymətli məxəzlərdən biri rolunu oynayacaqdır. Zamanın özü haqqında monoloqunu, bu qədər həssaslıqla dinləyib qələmə almağa müvəffəq olduğuna görə kitabın tərtibçilərinə, nəşrinə kömək edən hər kəsə minnətdarıq...

Zümrüd QURBANQIZI,

“Respublika”.