QARABAĞ AZƏRBAYCANDIR!
Siyasət

QARABAĞ AZƏRBAYCANDIR!

TARİXİ 44 GÜNÜN ANLARI

Regionun lider dövlətlərindən olan Azərbaycan 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarını Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi və Şanlı Ordusunun gücü ilə 44 günlük Zəfər savaşında azad etdi. Zaman keçdikcə, Vətən müharibəsində qazanılan qələbədə 44 günün hər gününün bir tarix olduğu daha aydın görünür.

Məhz buna görə də, "Respublika" qəzeti ənənəsinə sadiq qalaraq, əvvəllər "Ötən günlərin tarixi anları" adı ilə dərc etdiyi "Xronika"nı "Tarixi 44 günün anları" rubrikası ilə mövcud reallıqlar fonunda, yeni rakursda oxuculara təqdim edir.

“Respublika”.

(əvvəli 1, 2, 3, 5, 67, 891012,131415,1617, 19202122232426, 27282930 və 31 oktyabr, 234 5 və 6 noyabr tarixli saylarımızda)

7 noyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi "Twitter" hesabında bildirib: "Müzəffər Azərbaycan Ordusu Füzulinin Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar, Divanalılar, Cəbrayılın Yuxarı Məzrə, Yanarhac, Qubadlının Qəzyan, Balasoltanlı, Mərdanlı, Zəngilanın Beşdəli, Xocalının Qarabulaq, Moşxmaat, Xocavəndin Ataqut, Tsakuri kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!".

***

"Erməni terrorunun daha bir günahsız qurbanı. 16 yaşlı gənc Şahmalı bu gün Ermənistanın Azərbaycanın dinc sakinlərinə məqsədyönlü şəkildə hücumu nəticəsində Bərdədə öldürülüb. Bərdə döyüş əməliyyatları zonasından uzaqdır. Hərbi hücuma zərurət yox idi".

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "Twitter" hesabında yazıb.

Hikmət Hacıyev UNİCEF-ə və Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurasına bununla bağlı müraciət edib.

***

Ermənistan silahlı qüvvələri Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli, Arasbar, Qaraxanlı və Hacılar kəndlərini ağır artilleriyadan atəşə tutub. Nəticədə sakinlərə məxsus yaşayış evlərinə, yardımçı binalara, təsərrüfatlara ziyan dəyib.

Ötən sutka ərzində düşmən bölmələri cəbhənin müxtəlif istiqamətlərində və Ermənistan ərazisindən Qubadlıda yerləşən bölmələrimizin mövqelərini, o cümlədən Tərtər, Ağdam və Ağcabədi rayonları daxil olmaqla, bir sıra yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlardan, top və minaatanlardan atəşə tutub. Düşmənin atəş nöqtələrinin susdurulması üçün ordumuz tərəfindən yalnız sərhədlərimiz çərçivəsində adekvat tədbirlər görülüb.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov Hərbi İnformasiya Mərkəzində keçirilən brifinqdə məlumat verib.

***

Estoniya KİV-lərinin verdiyi məlumata görə, ermənilər Azərbaycanın Tallindəki səfirliyinə qarşı təxribat törədiblər. Maskalı naməlum kişi Tallindəki islam mərkəzinin, habelə bu ölkədəki Azərbaycan və Türkiyə səfirliklərinin qarşısına donuz başları qoyub. Hər üç hadisə barədə polisə məlumat verilib.

***

Tərtər rayonunun Səhləbad kəndində Ermənistan silahlı qüvvələri tərəfindən atılmış bir ədəd zenit raketi və 9N235 bombacığı aşkar edilib.

ANAMA-nın əməkdaşı Şahin Allahverdiyev bildirib ki, 206 millimetrlik 9N33 raketi "OSA" zenit raket kompleksindən, 9N235 bombacığı isə 9M525 raket sistemindən atılıb. Partlamamış raket və bombacıq ANAMA-nın əməkdaşları tərəfindən partlatma yolu ilə zərərsizləşdirilib.

8 noyabr 2020-ci il

A zərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda və Şəhidlər xiyabanında olublar.

Əvvəlcə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin xatirəsinə ehtiramlarını bildiriblər. Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil qoyub. Dövlət himni səsləndirilib. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhidlər xiyabanına gəliblər. Dövlətimizin başçısı və birinci xanım Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları önünə gül dəstələri düzüblər. Prezident İlham Əliyev "Əbədi məşəl" abidəsinin önünə də əklil qoyub, dövlət himni səsləndirilib.

Dövlətimizin başçısı Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciət edib:

–Əziz həmvətənlər, əziz bacılar və qardaşlar!

Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

***

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev birlik komandiri general-leytenant Hikmət Mirzəyevə zəng edib.

Ali Baş Komandan Şuşa şəhərinin işğalçılardan azad edilməsi münasibətilə Hikmət Mirzəyevi təbrik edib. Dövlətimizin başçısı Şuşanın azad edilməsində qəhrəmancasına və rəşadətlə iştirak etmiş hərbi qulluqçulara, Silahlı Qüvvələrimizin bütün şəxsi heyətinə təbriklərini çatdırıb.

General-leytenant Hikmət Mirzəyev şəxsi heyət adından Ali Baş Komandana dərin təşəkkürünü ifadə edib. O, Ali Baş Komandanın əmrlərini yerinə yetirmək və etimadını doğrultmaq üçün şəxsi heyətin hər zaman hazır olduğunu məruzə edib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunu və milli müdafiə naziri Hulusi Akarı qəbul edib. Prezident İlham Əliyev qonaqları salamlayaraq deyib: "Xoş gəlmisiniz, əziz qonaqlar. Bildiyiniz kimi, bu gün xalqımız üçün çox əziz bir gündür, tarixi bir gündür. Bu gün Şuşa şəhərinin azad edilməsi günüdür. Belə bir gündə bizimlə bərabər olmağınız xüsusi önəm daşıyır. Bu, növbəti qardaşlıq nümənəsidir".

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib: "Bizi qəbul etdiyiniz üçün çox təşəkkür edirik, cənab Prezident. Biz hər zaman Bakıda və sizin qəbulunuzda olmaqdan böyük məmnunluq hissi keçiririk. Amma bu gün xüsusilə çox məmnunuq. Çünki qəhrəman Azərbaycan Ordusu Ali Baş Komandan, Zati-alinizin rəhbərliyi ilə qədim Şuşa şəhərini işğalçı Ermənistandan geri alıb... Beləliklə, qəhrəman Azərbaycan Ordusunu, Ali Baş Komandan sizi və bu çətin günlərdə, xüsusilə də Ermənistanın atdığı raketlərə baxmayaraq, ayaqda dayanan, Ali Baş Komandanının və onun qəhrəman ordusunun arxasında dayanan qardaş Azərbaycan xalqını can-dildən təbrik edirik".

9 noyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyev Şuşa zəfərindən dərhal sonra xalqımıza yeni böyük müjdə verib.

Dövlət başçısı rəsmi "Twitter" hesabında noyabrın 9-da 71 kənd, 1 qəsəbə, 8 strateji yüksəkliyin işğaldan azad edildiyini bildirib.

***

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib. Paylaşımda deyilir: "Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə bütün həmvətənlərimizi səmimi-qəlbdən təbrik edirəm! Bizim qəlblərimiz öz bayrağımıza və Vətənimizə görə həmişə qürur hissi ilə dolu olacaq! Qoy bizim üçrəngli bayrağımız suveren, qüdrətli Azərbaycanın səmasında əbədi dalğalansın!".

 

9 noyabr 2020-ci il

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Şuşa şəhərinin işğaldan azad edilməsi münasibətilə xalqımızı təbrik edib. Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində tarixi qələbə ilə bağlı paylaşım edib. Paylaşımda deyilir: "Bu anlarda bütün xalqımız təsvirəgəlməz qürur və sevinc hissləri keçirir! Şuşa işğaldan azad edilib. Bu münasibətlə bütün həmvətənlərimizə səmimi təbriklərimi çatdırıram!".

***

Noyabrın 9-da Yunanıstanın Avropa Şurası (AŞ) Nazirlər Komitəsində sədrliyi çərçivəsində üzv dövlətlərin ədliyyə nazirlərinin "Ədliyyənin müstəqilliyi və qanunun aliliyi" mövzusunda videoformatda konfrans keçirilib.

Konfransın birinci sessiyasında ilk məruzə ilə çıxış edən Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov ölkəmizdə pandemiyanın qarşısının alınması istiqamətində görülən qəti tədbirlərin əhəmiyyətindən danışaraq, həm də çıxışının əsas hissəsini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə həsr edib. Avropa ədliyyə nazirlərinin və Avropa Şurasının rəhbərliyinin diqqətinə çatdırılıb ki, Ermənistan beynəlxalq humanitar hüquq normalarını kobud surətdə pozaraq dinc əhalini məqsədyönlü şəkildə atəşə tutub, bu zaman qadağan olunmuş kassetli və fosforlu bombalardan, ballistik raketlərdən istifadə edib. Nəticədə uşaqlar və qadınlar daxil olmaqla, 100-ə yaxın mülki vətəndaşın həlak olduğu, 400-dən çox insanın yaralandığı bildirilib.

10 noyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Dövlət başçıları Qarabağ müharibəsində Azərbaycanın qazandığı parlaq qələbə münasibətilə bir-birini təbrik ediblər. Prezident İlham Əliyev müharibə dövründə Türkiyə Prezidenti və Türkiyə xalqının Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyə görə bir daha minnətdarlığını bildirib.

Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidentinin ölkəsinin dəstəyinə verdiyi yüksək qiymətə görə təşəkkür edib. Azərbaycan və Türkiyə prezidentləri dost və qardaş ölkələrimiz və xalqlarımızın bundan sonra da bir-birinin yanında olacağını bildiriblər.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin videokonfrans formatında görüşüblər.

Prezident Vladimir Putin deyib: "Bu gün biz sizinlə Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin üçtərəfli bəyanatını imzalayırıq.

Mən çox ümid edirəm ki, bizim birgə bəyanatımızda şərh edilmiş bu qərar nəinki Ermənistan ilə Azərbaycan arasında çoxillik qarşıdurmaya son qoyacaq, bu torpaqlarda qan tökülməsinə son qoyacaq, həm də bizim bugünkü bəyanatda təsbit etdiyimiz razılaşmalara etibarlı nəzarət mexanizmi yaradacaq, ən başlıcası, uzunmüddətli tarixi perspektiv üçün, regionda münasibətlərin, ilk növbədə, həm Azərbaycan, həm də erməni xalqlarının mənafeyi naminə Azərbaycan Respublikası ilə Ermənistan arasında dostluq münasibətlərinin inkişafı üçün əlverişli şərait yaradacaq.

Azərbaycan Prezidenti İlham Əliyev deyib: "Sağ olun, hörmətli Vladimir Vladimiroviç. Mən öz tərəfimdən demək istərdim ki, bu gün Ermənistan ilə Azərbaycan arasında çoxillik münaqişənin nizamlanması işinə nöqtə qoyulur, Azərbaycan torpaqlarının işğalına son qoyulur... Sizin şəxsi iştirakınıza görə təşəkkür edirəm və əminəm ki, bu gün baş verənlər Rusiya, Azərbaycan və Ermənistan xalqlarının tarixində çox mühüm tarixi gün kimi qalacaq!".

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib.

Prezident deyib: "Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır.

Ölkə başçısı çıxışının sonunda deyib: "Xoşbəxtəm ki, bu tarixi sənədə imza atmışam. Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq! Bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz!".