Cəsur döyüşçü       
Region

Cəsur döyüşçü       

İmişlidə şəhidlərimizin, Vətən  müharibəsində  adlarını  hərb  tariximizə  qızıl  hərflərlə  yazdıran  igid  oğullarımızın  xatirəsi  əziz  tutulur.  Vətən  uğrunda  canından  keçən  oğul  və  qızlarımız, onların  ailələri  daim  yad  olunur. Şanlı  Zəfər  yürüşündə  qəhrəmanlıq göstərərək canından  keçmiş  şəhid  oğullarımızdan  biri  də  Teymurov Şaiq Vidadi  oğludur.

Yaşasaydı,  bu  gün  qələbə  sevincini  və  doğum  gününü  öz  ailəsi  ilə  birlikdə  qeyd  edəcəkdi. Şaiq Teymurov   1992-ci  il  noyabrın   6-da  İmişli  rayonunun  Aranlı  kəndində  anadan  olub. Vətən  müharibəsi   zamanı   Füzulinin  azadlığı  uğrunda  gedən  döyüşlərdə  iştirak  edib. Sentyabrın  29-da  Füzuli  istiqamətində gedən  ağır  döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.   

İmişli  Rayon İcra Hakimiyyətinin  məsul  əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri,  məktəblilər və şəhidin  yaxınları   tərəfindən  Şaiqin  məzarı  ziyarət  olunub, üzərinə gül-çiçək  dəstələri  düzüldü.  Tədbir  iştirakçıları  Qəhrəman  şəhidimizin  doğulduğu  Aranlı  kənd qəbiristanlığı  yanında  adını  əbədiləşdirən  bulaq  kompleksi  də  açıldı. Açılış mərasimində  çıxış  edənlər   şəhidimizə  Allahdan  rəhmət,  ailəsinə  səbir  dilədilər. Vurğulandı  ki, bu  gün  dövlət  səviyyəsində  şəhid  ailələrinə,   qazilərimizə böyük  diqqət  və  qayğı  göstərilir. Azərbaycan  xalqının  qüruru, fəxri  olan  şəhidlərimizin,  Şaiq Teymurov  kimi  oğullarımızın  xatirəsi daim əziz tutulacaq. Tədbirdə  məktəblilərin  iştirakı ilə şəhidlərimizə həsr olunmuş  şeirlər  səsləndirilib. Şəhidin  ailəsi  dövlət  tərəfindən  onlara  göstərilən  diqqət  və  qayğını  hər  zaman  hiss  etdiklərini,  bu  qayğını  yüksək  qiymətləndirərək   Azərbaycan  Prezidenti İlham  Əliyevə   və  Birinci  vitse-prezident  Mehriban  xanım  Əliyevaya  dərin minnətdarlıqlarını  bildirdilər.

Azərbaycan Prezidenti İlham  Əliyevin  müvafiq sərəncamlarına  əsasən  ölkəmizin  ərazi  bütövlüyünün  təmin  edilməsi   uğrunda  döyüş  əməliyyatlarında  iştirakına,  hərbi  hissə  qarşısında  qoyulmuş  tapşırıqların  icrası  zamanı  vəzifə  borcunu   şərəflə  yerinə  yetirdiyinə  görə   Teymurov  Şaiq  Vidadi  oğlu   ölümündən  sonra  “Vətən  uğrunda”,  “Füzulinin  azad  olunmasına  görə” və  “Cəsur  döyüşçü”  medalları  ilə təltif  edilib.

Ərəstun ABDULOV,

“Respublika”.