Sağlam həyat
Maraqlı

Sağlam həyat

Yuxu ilə ürək xəstəliyi arasındakı əlaqə

İngiltərəli alimlər tərəfindən aparılan yeni araşdırma zamanı məlum olub ki, erkəndən yatmaqla ürək xəstəliyi riskini əhəmiyyətli dərəcədə aşağı salmaq mümkündür. Elm adamları gec saatlarda yatan insanların ürək xəstəliyinə tutulma riskinin digərlərindən 25 faiz yüksək olduğunu söyləyirlər.

Exeter Universitetinin tədqiqatçıları yuxu və ürək xəstəliyi arasındakı əlaqəni araşdırmaq üçün 43-79 yaş arası 83 mindən çox insanın sağlamlıq məlumatlarını təhlil ediblər. Bundan əlavə respondentlərin həyat tərzi ilə bağlı sorğular da keçirilib. Təxminən 7 gün ərzində iştirakçıların yuxu rejimi biləklərinə taxılan cihazlar vasitəsi ilə izlənilib.

Avropa Kardiologiya Cəmiyyətinin (ESC) "European Heart Journal" jurnalında dərc edilən araşdırmalarının nəticələrinə görə, təqribən 6 illik təqib dövrü ərzində iştirakçıların 36 faizində (3172 nəfərdə) ürək-damar xəstəliyi inkişaf edib. Gecəyarısı və ya daha gec saatlarda yatanlarda ürək xəstəliyinə tutulma riskinin 25 faiz çox olduğu ortaya çıxıb. Axşam saat 22:00-23:00 arası yuxuya gedənlərdə isə bu riskin əhəmiyyətli dərəcədə aşağı olduğu məlum olub.

"Vücudumuzun fiziki və zehni fəaliyyətini tənzimləyən 24 saatlıq bioloji “saatı” var.  Dəyişkən yuxu rejimi bioloji saatın qrafikinin pozulmasına səbəb olaraq, ürək-damar xəstəliklərinə təkan verir “göstərir"--deyə araşdırma müəllifi  David Plans bildirib.

 

Koronavirusa qarşı qeyri-adi dərman: Əqrəb zəhəri!

Alimlər dünyada  milyonlarla insanın ölümünə səbəb olan COVID-19-a qarşı effektiv təsir edə bilən, qeyri-adi dərman hazırlamaqdadırlar. Misir səhralarında yaşayan bir əqrəb növünün zəhərindən istifadə edən tədqiqatçılar bu toksik maddənin koronavirusun hüceyrələrə vurduğu zərərin qarşısını ala biləcəyini iddia edirlər.

Tədqiqatlar hazırda Süveyş Kanalı və Aberdin Universitetində aparılır. Misir və İngiltərəli alimlərdən ibarət qrup əqrəb zəhərindən koronavirusa qarşı dərman hazırlamağa çalışır.

"Əqrəb zəhəri bir çox ölkədə, xüsusən Çin və Hindistan təbabətində bir sıra xəstəliklərin müalicəsində istifadə edilir. Zəhər çox güclü neyrotoksinləri olan bioloji aktiv peptidlərdən ibarət olsa da, bəziləri effektiv antibakterial və antivirial təsirə malikdir. Mürəkkəb tərkibə malik bu zəhər, tərkibində yüzlərlə peptid və digər elementləri ehtiva edir. Hazırda bu peptidlərin koronavirusa qarşı necə işlədiyini yoxlayırıq. Bu zəhərlər hələdə tam olaraq tədqiq edilməyib. Bu araşdırmamızla yeni bir dərman qaynağı tapa bilərik"--deyə molekulyar toksinologiya və fiziologiya professoru Dr. Mohammed Abdel-Rahman bildirib.

Qeyd edək ki, koronavirus insan hüceyrələrinə təsir edərək sünbül zülalı vasitəsilə hüceyrələrin səthi reseptorlarına bağlanır. Elm adamları əqrəb zəhərindəki peptidlərin reseptorlara təsirini araşdırırlar. Əgər zəhərin tərkibindəki peptidlər aktivlik nümayiş etdirərək sünbül zülalının reseptorlara bağlanmasına mane olarsa, koronavirusa qarşı güclü təsirə malik dərman ərsəyə gələ bilər.

 

Bitki mənşəli yağlar insult riskini azaldır

ABŞ-da aparılan yeni bir araşdırmada, bitki mənşəli yağların istehlakının insult riskini azaltdığı məlum olub. Amerika Ürək Dərnəyinin elmi iclasında bitki mənşəli yağlardan çox istifadə edənlərin, daha az istehlak edənlərə nisbətən insult riskinin yüzdə 12 faiz aşağı olduğu açıqlanıb.

Tədqiqat zamanı həmçinin, yüksək səviyyədə heyvan mənşəli, yəni doymuş yağ istehlakçılarının insult riskinin, bitki mənşəli yağdan istifadə edənlərlə müqayisədə  yüzdə 16 faiz çox olduğu məlum olub.

Yüz iyirmi min tibb bacısı və səhiyyə işçiləri üzərində aparılan 27 illik sağlamlıq məlumatlarına əsaslanan araşdırmada  qarğıdalı, aspir, günəbaxan, soya, kanola, zeytun kimi doymamış yağ turşuları ilə zəngin duru yağlar tədqiq edilmişdir. Doymuş və trans yağların sağlamlığa zərərli olduğunu bildirən elm adamları, həmçinin kolbasa, salam, sosiska kimi emal olunmuş qida məhsullarını da araşdırıblar.

"Tapıntılarımız yağ növlərinin və fərqli qida məhsullarının tərkibindəki yağ miqdarının ürək-damar xəstəlikləri, o cümlədən insultun qarşısının alınmasında çox vacib olduğunu göstərir. Gündəlik qida rasionunda qırmızı ət və emal olunmuş ət məhsullarından istifadənin  məhdudlaşdırılması, ümumi ölüm riskini 13, ürək-damar xəstəliklərini 14, xərçəng xəstəliyini  11, şəkərli diabeti isə 24 faiz azalda bilər"-- deyə Harvard Qidalanma Departamentinin tədqiqatçısı, aparıcı müəllif Fenglei Wang izah edib.

Elm adamları süd məhsullarının tərkibindəki yağların insult riski ilə əlaqəli olmadığını vurğulayıblar.

 

Xroniki ağrıların qarşısını alan yeni molekulyar mexanizm

Dünyada 1,5 milyarddan çox insan xroniki ağrıdan əziyyət çəkir. Cərrahiyə sonrası və travmalar səbəbindən meydana gələn ağrılar, toxumaların sağalmasından uzun müddət sonra xroniki hala keçir. Tamamilə əlacı  tapılmayan bu xəstəliyin müalicəsi ağrıkəsici dərmanlarla aparılır. Ancaq bu dərmanlar da müəyyən zaman keçdikdən sonra təsirini itirərək  asılılığa səbəb ola bilər. Sinir zədələnməsinin xroniki ağrıya keçiddə əhəmiyyətli bir faktor olduğu düşünülsə də, bu problemin ortaya çıxmasına nəyin səbəb olduğu öyrənilməmişdir. Lakin amerikalı alimlər ilk dəfə olaraq bu prosesin gedişatının molekulyar mexanizmini öyrəniblər.

"Science Advances" jurnalında dərc edilən tapıntılara görə, Kaliforniya Universitetinin alimləri ilk dəfə olaraq kəskin ağrıdan xroniki ağrıya keçidi idarə edən xüsusi molekulyar mexanizmi tapıblar. Elm adamları bu mexanizmin xəstəliyi hədəf ala biləcək yeni dərmanların inkişafında mühüm əhəmiyyət kəsb edəcəyini söyləyirlər.

Siçanlar üzərində aparılan təcrübə zamanı məlum olub ki, periferik toxuma zədələnməsindən 72 saat sonra onurğa beyində yerləşən hüceyrələrarası fermentin (N-asiletanolamin turşusu amidazosan) təsirsiz hala salınması xroniki ağrının inkişafını dayandıra bilər.

"Bu araşdırma əvvəllər naməlum olan bir fermentin fəaliyyətinin məhdudlaşdırılması ilə xroniki ağrının qarşısını ala biləcək müalicələri hədəf alan ilk tədqiqatdır"-- deyə Neyrobiologiya kafedrasının professoru Danielle Piomelli bildirib.

Hazırladı:

Elenora HƏSƏNOVA,

“Respublika”.