DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

AVROPA İTTİFAQI BELARUSLA MÜZAKİRƏLƏR APARMAQDAN İMTİNA EDİB

Belarusun xarici işlər nazirinin müavini Sergey Aleynik bildirib ki, miqrasiya böhranını həll etmək üçün Avropa İttifaqı rəsmi Minsklə dialoq aparmaq üçün ciddi səy göstərmir. Bu barədə “Report” agentliyi “RİA Novosti”yə istinadən xəbər verib.

Nazir müavininin sözlərinə görə, Belarusun problemi birtərəfli yolla həll etmək üçün planı yoxdur. “Aprel ayından miqrasiya məsələləri ilə bağlı ən azı müəyyən qədər ünsiyyət, dialoq və məsləhətləşmələr üçün etdiyimiz israrlı cəhdlərimiz cavabsız qalır, daha doğrusu, rəsmi cavab aldıq, mənfidir. Beləliklə, biz bu gün Avropa İttifaqı tərəfindən bu problemlərin həlli üçün heç bir səy görmürük”, - deyə Sergey Aleynik vurğulayıb.

Eyni zamanda, nazir müavini qeyd edib ki, Belarus hakimiyyəti bütün mərhələlərdə dialoqa hazır olduğunu bəyan edib, lakin ilkin şərt olmadan və bərabərhüquqlu əsaslarla bu problemi birlikdə həll etmək lazımdır.

 

KUBA XİN "TWITTER"I ÖLKƏDƏKİ SABİTLİYİ POZMAQDA İTTİHAM EDIB

Kubanın Xarici İşlər Nazirliyi “Twitter” sosial şəbəkəsini ölkədəki vəziyyəti təhrif etməkdə ittiham edib. “APA”nın verdiyi xəbərə görə, nazir Bruno Rodriqes Parrilya bildirib ki, “Twitter” ölkədəki sabitliyi pozmaq üçün müxtəlif alqoritmlərdən istifadə edir.

“Alqoritmlərlə kobud manipulyasiya edilərək ölkə əhalisinin çoxunun hökumətdən narazı olduğu barədə təsəvvür yaradılır” - deyə diplomat vurğulayıb.

Məlumat üçün qeyd edək ki, bir müddət əvvəl nazir “Facebook”a qarşı da oxşar ittihamlar səsləndirmişdi.

 

KORONAVİRUSUN YENİ ŞTAMLARI ILƏ BAĞLI ANTİCİSM TESTİ YARADILIB

Koronavirusun bütün yeni ştamları ilə bağlı anticism miqdarını müəyyənləşdirmək üçün test hazırlanıb. “Report” xarici KİV-ə istinadən xəbər verir ki, yeni test barmaqdan götürülən bir damcı qana əsasən 10 dəqiqə ərzində aparılır və cavab verilir.

ABŞ və Sinqapur tədqiqatçıları tərəfindən hazırlanmış yeni test koronavirusun üst qatındakı zülalların parçaları olduğu məhlula hopdurulmuş kağız zolağının test edilən şəxsin qanı ilə islanmasıdır. Testdə həmçinin koronavirusun hüceyrənin membranına sızmasında əsas rola malik “ACE2” zülalına daxil olan işıldayan maddədən də istifadə olunur.

Test edilən qanda müxtəlif ştammların anticismləri olduğu halda “ACE2” zülalı koronavirusun üst qatı ilə birləşməyəcək. Nəticədə kağız üzərində daha az rəngli maddə çökəcək və bununla da qandakı anticismlərin miqdarına dair dürüst qənaətə gəlmək mümkündür.

 

II YEKATERİNANIN PEYVƏNDIN FAYDALARI HAQDA MƏKTUBU HƏRRACA ÇIXARILACAQ

Moskvada II Yekaterinanın peyvəndin faydaları ilə bağlı yazdığı məktub hərraca çıxarılacaq. “APA”nın məlumatına görə, bu barədə “MacDougalls” hərrac evinin direktoru Yekaterina MakDuqall bildirilib.

Verilən xəbərə əsasən, Rusiya imperatriçasının məktubu bu ölkədə ilk peyvənd kampaniyası haqqında məlum olan sənəddir. O, bunu Krıma səfəri zamanı general- feldmarşal qraf Pyotr Rumyantsevə yazıb. Məktubda o, dövlət səviyyəsində peyvəndin necə təşkil olunacağını izah edib.

Məktubda xüsusi olaraq vurğulanıb ki, peyvəndləmə sadə insanlar arasında aparılmazsa, xəstəliyə qalib gəlmək mümkünsüzdür. Qeyd edək ki, II Yekaterinanın portreti və məktubunun start qiyməti müvafiq olaraq 0,8-1,2 milyon funt-sterlinq dəyərində olacaq. Ekspozisiya noyabrın 19-dan 30-dək Moskvada Zubovların Taqankadakı malikanəsində keçiriləcək.

 

RUSİYA VƏ TÜRKİYƏ BİRGƏ SİLAH İSTEHSAL EDƏCƏK

Moskva və Ankara birgə silah istehsalını və Rusiya hərbi məhsullarının Türkiyəyə tədarükünü müzakirə edirlər. “Report” agentliyinin məlumatına görə, bunu Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin direktoru Dmitri Şuqayev “Dubai Airshow-2021” beynəlxalq aviaşousu çərçivəsində bildirib. O vurğulayıb ki, Türkiyə ilə hərbi-texniki əməkdaşlıq davamlı şəkildə inkişaf edir.

Dmitri Şuqayev “S-400” zenit-raket komplekslərinin yeni partiyasının tədarükü ilə bağlı müqavilənin imzalanmasının vaxtını da açıqlayıb. Onun sözlərinə görə, bu, 2021-ci ilin sonuna qədər baş verəcək.

Qeyd edək ki, Rusiya və Türkiyə 2017-ci ildə “S-400” zenit-raket komplekslərinin tədarükü üçün ilk müqavilə imzalayıb, Türkiyə tərəfi kompleksləri 2019-cu ilin yayı və payızında əldə edib.

 

QƏDDAFİNİN OĞLU PREZİDENTLİYƏ NAMİZƏDLIYINI IRƏLI SÜRDÜ

Liviyanın devrilərək öldürülən lideri Müəmmar Qəddafinin oğlu Seyfülislam Qəddafi ölkədə dekabrın 24-də keçiriləcək prezident seçkilərinə namizədliyini irəli sürüb. “Teleqraf.com”un verdiyi xəbərə görə, Seyfülislam Qəddafi 2011-ci ildə ölkəsinin cənubunda üsyançılar tərəfindən yaxalanıb və 6 il həbsdə saxlanıldıqdan sonra 2017-ci ildə azadlığa buraxılıb.

Müəmmar Qəddafinin 9 oğlundan ikincisi olan Seyfülislam atasının dövründə Liviya hakimiyyətində rəsmən təmsil olunmasa da, arxa səhnədə ölkənin ən təsirli fiqurlarından biri və atasının varisi kimi qəbul olunurdu.

Qeyd edək ki, dekabrın 24-də Liviyada 2011-ci ildən bu yana ilk dəfə olaraq prezident və bələdiyyə seçkiləri keçiriləcək. “Twitter”də paylaşılan videoda Seyfulislam Qəddafinin “2021-ci il prezident seçkiləri” sözləri yazılmış bəzi kağızları imzaladığı görünür.

 

PEKİN-2022: ATLETLƏR KƏNDİNDƏ "AĞILLI ÇARPAYI"LAR QURAŞDIRILACAQ

2022-ci ildə Çinin paytaxtı Pekində keçiriləcək XXIV Qış Olimpiya Oyunlarından öncə atletlər kəndində “ağıllı çarpayı”lar quraşdırılacaq. “Report”un məlumatına görə, yataqlar insan nəbzinin sayını, onun nəfəs alıb-verməsini qeyd edən sensorlarla təchiz olunacaq. Məlumatlar əsasında idmançıların sağlamlığı haqqında hesabat yaradılacaq ki, bu da məşqçilərə onların fiziki durumunu izləməyə kömək edəcək.

Bununla yanaşı, çarpayıların döşəkləri bədənin formasına uyğun tənzimlənəcək və onurğaya ən yaxşı dəstəyi təmin etmək üçün müxtəlif vəziyyətlərə gətirilə biləcək.

Olimpiya kəndinin sakinləri ağıllı çarpayılarla yanaşı, dörd dəqiqə ərzində qəhvə dənələrini üyüdən və içki dəmləyən, çəkisi 300 kiloqrama qədər olan yükləri daşıyan və idman obyektlərinə yol göstərən robotlardan da istifadə edə biləcəklər.

Qeyd edək ki, qış olimpiadası gələn il 4-20 fevralda təşkil olunacaq.

 

RUSIYADA 1200 DOLLARLIQ İTİ OĞURLAYIB ONDAN YEMƏK HAZIRLADILAR

Rusiyanın Saxalin vilayətinin sakini iti oğurlayaraq onu yeyib. “APA”nın xəbərinə görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Saxalin vilayəti üzrə İdarəsi məlumat yayıb.

Qeyd edilir ki, Saxalin vilayətinin Makarovski rayonunun 36 yaşlı sakini 90 min rubl (1250 ABŞ dolları) dəyərində iti oğurlayıb və ondan yemək bişirib.

“Faktla bağlı “oğurluq” və “heyvanlarla qəddar rəftar etmə” maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır”, - deyə DİN-in məlumatında qeyd olunub.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.