Elmi-texniki yeniliklər
Maraqlı

Elmi-texniki yeniliklər

Dünyanın rəqəmsal əkizi yaradılır

Avropa Kosmik Agentliyinin (ESA) tədqiqatçıları  iqlim dəyişikliyinin qarşısını almaq məqsədilə Yerin rəqəmsal əkizini yaradırlar. Bu modellərlə gələcəkdə iqlimin dəyişməsi ilə baş verə biləcək nəticələrin simulyasiyaları hazırlanacaq. Elm adamları bu layihə ilə iqlim dəyişikliyinin qarşısını almağı hədəfləyir.

"Digital Twin Earth"  (planetin rəqəmsal əkizləri) adlı layihəyədə alimlər Yerin rəqəmsal əkizini yaratmaq üçün  süni intellekt alqoritmləri və güclü super kompüterlərdən istifadə edəcəklər. Bu texnologiyalar üzərində çalışan elm adamları, eyni zamanda peyklərdən çəkilmiş şəkillərlə Yer haqqında məlumatlar da toplamağa davam edirlər.

İlk dəfə 2020-ci ildə təqdim edilən bu layihənin məqsədi, planetdə baş verən təbii və antropogen fəaliyyətlərin gələcək təsirlərinin modellərini yaratmaq idi. Yaradılan modellər baş verən proseslərin zəncirvari təsirlərini ortaya çıxara bilər. Məsələn, dünyanın hər hansı bir bölgəsində "təmiz enerji mənbələrinə” qayıdış həyata keçirildikdə, həmin regionun istixana qazlarının emissiya dərəcəsindəki dəyişikliklərin simulyasiyası yaradıla bilər.

Elm adamları Yer kürəsini fərqli aspektlərdən araşdırmaq üçün rəqəmsal okean, qida, meşə əkizləri kimi modellər yaradaraq, hər bir sahəni ayrı-ayrılıqda öyrənməyi hədəfləyirlər.

Qeyd edək ki, Antarktidanın rəqəmsal əkizi artıq yaradılıb. Dünyanın şirin su ehtiyatının 60 faizini əhatə  edən oradakı  buz tamamilə əriyərsə, okean səviyyəsində 58 metr artım olacağı hesablanıb. Bu isə bəşəriyyət üçün fəlakət ola bilər.

 

Pandemiyanı həyatımızdan silə biləcək kəşf

Dünya 2019-cu ildən bəri koronavirusun cəngindən hələ də yaxa qurtara bilmir. Virusa qarşı hazırlanmış peyvəndlər milyonlarla insanın həyatını xilas etsə də, amma bu bəla davam etməkdədir. Lakin amerikalı alimlərdən bütün dünyanı sevindirə biləcək xəbər gəlib. Belə ki, elm adamları virusun bütün variantlarına qarşı effektiv təsir edə bilən heyrətamiz kəşfə imza atıblar.

ABŞ-ın Şimali Karolina və Dyuk Univeristetinin alimləri mövcud pandemiya və gələcək virus epidemiyalarına qarşı təsirli bir antikor kəşf ediblər. Elm adamları DH1047 adı antikorun virusun hüceyrələrinə bağlanaraq onları zərərsizləşdirməklə çoxalmasının qarşısını ala biləcəyini iddia edirlər.

Tədqiqatçılar aşkar edilmiş antikorun həm infeksiyanın qarşısının alınmasında, həm də artıq koronavirusa yoluxmuş şəxsin müalicəsində təsirli olacağını bildiriblər. Mütəxəssislər həmçinin DH1047 adlı antikorun "super peyvənd" tədqiqatlarına da töhfə verəcəyinə inanırlar.

"Science Translational Medicine" jurnalında dərc edilən məqalədə tədqiqatçıların 1700-dən çox koronavirus antikoru aşkar etdikləri bildirilib. Onlardan 50-si koronavirusun ştammı  SARS ilə əlaqəlidir. Bu 50 antikor içərisində DH1047-nin bütün növ viruslara qarşı təsirli olduğu müəyyən edilib.

Mütəxəssislər antikoru siçanlar üzərində sınaqdan keçiriblər. COVID-19-a məruz qaldıqdan sonra gəmiricilərdə virusun inkişaf etmədiyi müşahidə edilib.

Komandanın Layihəsi artıq Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun 2,6 milyon dollarlıq qrantı ilə dəstəklənmişdir.

 

Sınmayan smartfon ekranları gəlir

Çox böyük ekrana sahib olan ağıllı telefon modellərinin ən zəif cəhəti çox  tez bir zamanda sınmasıdır. Lakin ingiltərəli mühəndislər bu problemin həllini tapıblar. Asanlıqla sınan smartfon ekranları alimlərin  sayəsində  tarixə çevriləcək.

Mövcud sensor ekranlı smartfonlarda şəffaf və yüksək keçirici təbəqə olan  indium qalay oksidindən istifadə edilirdi. Milyonlarla cihazların ekranlarında istifadə olunan bu material kövrək olduğu üçün tez bir zamanda zədələnirdi. Bu problemin həlli yolunu tapan tədqiqatçılar qrafen və gümüş nanohissəcikləri birləşdirərək xüsusi təbəqə yaradıblar. İstehsalı daha asan başa gələn bu yeni material, ağıllı telefon istifadəçilərinə daha sərt, həssas, enerjiyə qənaət edən və qatlana bilən elastik sensor ekranları təqdim edəcək.

Gümüş, indium qalay oksidinə alternativ olaraq uzun müddətdir ki, sınaqdan keçirilmişdir. Lakin bu texnologiyanın yüksək qiymətə başa gəlməsi istehsalçıların qarşısını kəsirdi. Amma elektrik cərəyanını ən yaxşı keçirən  qrafenin istifadəsi həm maddi,  həm də möhkəmlik baxımından səmərəli olacaq. Bu texnologiyanın kütləvi istehsalına başlanarsa, ekran qoruyucuların istifadəsi keçmişdə qala bilər.

İnformasiyanı "Tech X Plore" veb saytı yayıb.

 

Mədəni narahat edən qidaları aşkarlayan cihaz

Həzmsizlik, mədə spazmları və qəbizlik kimi problemlər irritabl bağırsaq sindromunun əlamətləridir. Dünyada hər 10 nəfərdən birinin bu problemdən əziyyət çəkdiyi təxmin edilir. Bu sindromun müalicəsi yoxdur, yalnız pəhrizlə idarə oluna bilər. Bir sıra testlər tələb edən bu xəstəliyin müalicəsi maddi baxımdan da yüksək məbləğ tələb edir. Ancaq amerikalı mühəndislər bu problemi həll etməklə yanaşı, həm də çox ucuz qiymətə başa gələn cihaz hazırlayıblar.

Nəfəsdəki hidrogen səviyyəsini ölçən  FoodMarble adlı yeni cihaz hansı qidanın orqanizmimiz üçün yaxşı olub-olmadığını müəyyən edəcək. Alkotester kimi işləyən cihaz onu üflədiyiniz zaman nəfəsinizdəki hidrogenin səviyyəsini ölçəcək. Beləliklə, yediyimiz yeməkdə hansı qidanın mədəyə mənfi təsir etdiyini təsbit edəcək.

Əslində qıcıqlanmış bağırsaq sindromunun idarə edilməsi üçün hazırlanmış başqa cihazlar da var. Bu cihazların qiyməti təxminən 1100 dollara başa gəlir. Lakin yeni hazırlanan cihaz əvvəlkilərlə müqayisədə həm keyfiyyət, həm də qiymət baxımından fərqlənir. Qiyməti 190-260 dollara satışa çıxarılacaq cihaz olduqca münasibdir.

İnformasiya “TechXplore” veb saytında yayımlanıb.

Hazırladı:

Elenora HƏSƏNOVA,

“Respublika”.