DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ABŞ VƏ ÇİN LİDERLƏRİ ARASINDA ONLAYN GÖRÜŞ KEÇİRİLİB

Çin Xalq Respublikasının sədri Si Cinpin və ABŞ prezidenti Cozef Bayden arasında onlayn formatda görüş keçirilib. Bu barədə “TRT” telekanalı məlumat yayıb.

Çinin Xarici İşlər Nazirliyi xəbər verib ki, 3,5 saatlıq görüş zamanı Çin-ABŞ münasibətləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşün mətbuat üçün açıq hissəsində Çinin dövlət başçısı bildirib ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri və dünyanın iki ən güclü iqtisadiyyatı olan Çin ilə ABŞ arasında təmasların və əməkdaşlığın gücləndirməsinə ehtiyac var.

Cozef Bayden iki ölkə arasında konfliktlərin yaranmasının qarşısını alan mexanizmin qurulmasının zəruriliyini qeyd edərək, vurğulayıb ki, iki ölkənin qüdrəti münaqişəyə çevrilməməlidir.

Si Cinpin tərəflərin bir-birinə hörmətlə yanaşmalı olduqlarını bildirərək, iqlim dəyişikliyi və koronavirus pandemiyası kimi qlobal çağırışlara effektiv cavab daxil olmaqla, sülhpərvər və sabit beynəlxalq mühitin təminatı üçün iki ölkənin münasibətlərini dərinləşdirməsinə ehtiyac olduğunu bəyan edib. O, Çin-ABŞ münasibətlərinin müsbət istiqamətdə irəli aparılması üçün prezident Cozef Baydenlə işləməyə hazır olduğunu diqqətə çatdırıb.

 

MİXEİL SAAKAŞVİLİ NÖVBƏTI DƏFƏ MƏHKƏMƏYƏ GƏTİRİLMƏYİB

Tbilisi Şəhər Məhkəməsində Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvilinin ölkə sərhədini qanunsuz keçməsi ilə bağlı cinayət işi üzrə məhkəmə proses keçirilib. “Report” agentliyinin verdiyi xəbərə görə, siyasətçiyə müvafiq ittiham bir ay bundan öncə irəli sürülüb.

Sabiq dövlət başçısı və onun vəkillərinin tələbinə baxmayaraq, Mixeil Saakaşvili məhkəmə iclasına gətirilməyib. Bu, artıq siyasətçinin iştirakı olmadan Tbilisi Şəhər Məhkəməsində keçirilən üçüncü iclas prosesidir.

Gürcüstanın Penitensiar Xidmətindən bildirilib ki, məhkumun məhkəməyə aparılması müəyyən risklər doğurur və kütləvi iğtişaşlar yarada bilər.

Xatırladaq ki, Mixeil Saakaşvili sentyabrın 28-də Gürcüstana qeyri-qanuni yolla daxil olub və oktyabrın 1-də Tbilisidə saxlanılıb.

 

BORİS CONSON: RUSİYA VƏ UKRAYNA ARASINDA SEÇİM ETMƏLİYİK

“Avropa tezliklə seçim etməli olacaq: ya Rusiyadan karbohidrogen tədarükündən asılılığını artıracaq, ya da Ukraynanı dəstəkləyərək, sülh və sabitliyin bərqərar olmasını müdafiə edəcək”. “Teleqraf.com”un xəbərinə görə, bunu Böyük Britaniyanın baş naziri Boris Conson bəyan edib.

Böyük Britaniyanın baş naziri Rusiyanı “böyük ölkə” adlandıraraq onu təcrid etmək cəhdlərinə etiraz edib: “Ukraynanın suverenliyini və bütövlüyünü dəstəklədiyimizi deyəndə, bunu Rusiya ilə qarşı-qarşıya gəlmək və ya bu böyük ölkəni hansısa yolla strateji cəhətdən təcrid etmək və ya sabitliyi pozmaq istədiyimiz üçün etmirik”.

Bununla yanaşı, Boris Conson rəsmi Londonun onun dəyərlərini bölüşən dövlətlərlə qarşılıqlı əməkdaşlığa diqqət yetirmək niyyətində olduğunu vurğulayıb.

 

DÜNYA ÜZRƏ TÜTÜN ISTIFADƏÇILƏRININ SAYI AZALIB

Dünyada tütün istifadəçilərinin sayı 2015-ci ildən bu yana 1,32 milyarddan 1,3 milyard nəfərədək azalıb. “Report”un verdiyi xəbərə görə, Ümumdünya Səhiyyə Təşkilatının noyabrın 16-da dərc edilmiş hesabatına əsasən ən çox irəliləyiş əldə olunmuş Şimali və Cənubi Amerika ölkələrində 2010-2020-ci illər ərzində tütün çəkənlərin xüsusi payı 21 faizdən 16 faizədək azalıb.

Bütövlükdə 2020-ci ildə tütün istifadəçilrinin sayı dünya əhalisinin 22,3 faizini, o cümlədən kişilərin 36,7 və qadınların 7,8 faizini təşkil edib. Həmçinin tütün aludəçisi qadınların xüsusi payına görə 18 faizlə Avropa birinci yerdədir.

Dünyada 231 milyon tütün çəkən qadın arasında bu zərərli vərdiş daha çox 55-64 yaş qrupunda yayılıb. Bununla yanaşı, 13-15 yaş arası yeniyetmələr arasında 38 milyon tütün çəkən var ki, bunun da 13 milyonunu qızlar təşkil edir.

Hesabatda hökumətlərin daha çox insana tütündən əl çəkməsinə yardım göstərməyə vəsait ayırmaları üçün çağırış da öz əksini tapıb.

 

CEYMS CEFRİ: TÜRKİYƏSİZ SURİYA BÖHRANININ HƏLLİ MÜMKÜN DEYİL

ABŞ-ın Suriya üzrə keçmiş xüsusi nümayəndəsi Ceyms Cefri Türkiyə olmadan Suriya böhranının həllinin mümkün olmayacağını bildirib. “Teleqraf.com”un xəbərinə görə, Ceyms Cefri Suriyanın bütün dünya üçün qeyri-adi dərəcədə ciddi və təhlükəli məsələ olduğunu bəyan edib.

“Üç ildir ki, münaqişə dondurulub, ciddi dəyişiklik olmayıb. İran və Rusiya tərəfindən dəstəklənən qruplaşmalar münaqişə yaradırlar. Bundan başqa, Türkiyənin 2018-ci ildən bəri həyata keçirdiyi əməliyyatlardan sonra vəziyyətdə heç bir dəyişiklik müşahidə olunmur”, - deyə amerikalı diplomat qeyd edib.

Rusiyanın Suriya və bölgə ilə bağlı iddiaları və istəklərinin olduğunu dilə gətirən Ceyms Cefri bunun ciddi təhlükələrə səbəb olacağını da vurğulayıb. O deyib: “Rusiya müflis olmuş dövlətdən yararlanmağa çalışır. Orada öz ordusunu qurmaq istəyir”.

Eyni zamanda, Türkiyənin təhlükəsizlik səbəbindən bölgədən çıxmaq istəmədiyini vurğulayan diplomat qeyd edib ki, Türkiyə ölkə sərhədi boyunca özünü müdafiə etməlidir. Ceyms Cefri bildirib ki, Türkiyəsiz Suriya məsələsi həll oluna bilməz.

 

RUSİYANIN PEYK ƏLEYHİNƏ RAKET SINAĞI ABŞ-IN NARAZILIĞINA SƏBƏB OLUB

Rusiya noyabrın 15-də orbitə birbaşa çıxarılmaqla peyk əleyhinə raketini sınaqdan keçirib. “TRT” telekanalının verdiyi xəbərə görə, raket “Kosmos-1408” peykini vurub və nəticədə aşağı yerətrafı orbitdə qalıqların səpələnməsinə səbəb olub.

ABŞ Kosmik Komandanlığının dəyərləndirməsinə görə, raketin peyki vurması nəticəsində monitorinq aparılması mümkün olan 1500-ə yaxın qalıq yaranıb. Lakin amerikalı hərbçilər hesab edirlər ki, sınaq nəticəsində orbitdə izlənilməsi mümkün olan yüz minlərlə xırda qalıqlar da səpələnib.

“Kosmos-1408” süni peyki 1982-ci ildə orbitə buraxılıb, peyk radiotexniki kəşfiyyat aparmaq üçün nəzərdə tutulmuşdu və çoxdandır ki, işləmirdi.

ABŞ Kosmik Komandanlığının rəhbəri, general Ceyms Dikinson bəyan edib ki, bu cür sınaqlar Rusiyanın “kosmosun təhlükəsizliyinə, stabilliyinə və bütün ölkələr tərəfindən rasional istifadəsinə laqeyd olduğunu” göstərir. Onun sözlərinə görə, süni peykin vurulması nəticəsində yaranan qalıqlar kosmik aparatlara təhlükə yaradır.

 

UKRAYNADA PEYVƏND OLUNAN VƏTƏNDAŞLARA 38 DOLLAR ÖDƏNILƏCƏK

Ukraynada koronavirusa qarşı tam peyvənd olunan vətəndaşlara min qrivna (təxminən 38 dollar) veriləcək. “Trend” agentliyinin məlumatına görə, bunu Ukrayna prezidenti Vladimir Zelenski ölkə vətəndaşlarına videomüraciətində bəyan edib.

“Yaxın gələcəkdə tətbiq ediləcək mexanizmlərdən biri də karantindən daha çox zərər çəkən sahələrə dəstəkdir. Hər iki peyvəndlə vaksinasiya olunan vətəndaşlar “Diya” tətbiqi vasitəsilə min qrivna əldə edə biləcək”, - deyə Ukrayna prezidenti vurğulayıb.

Vladimir Zelenskinin sözlərinə görə, proqrama dekabrın 19-u start veriləcək. Proqramda həm tam peyvənd olunmuş, həm də olunacaq şəxslər iştirak edə biləcək.

Qeyd edək ki, əhalisinin sayı təxminən 41,3 milyon nəfər təşkil edən Ukraynada ən azı 1 doza ilə 11,8 milyon vətəndaş, hər iki doza ilə isə 8 milyondan artıq insan peyvənd olunub.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.