DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ÇİN LİDERİNİN GÖRÜŞ ZAMANI COZEF BAYDENİ HƏDƏLƏDİYİ MƏLUM OLUB

Çinin dövlət başçısı Si Cinpin amerikalı həmkarı Cozef Baydenə Tayvanı müstəqil olmağa təşviq etməyin “odla oynamaq” olduğunu bildirib. “Teleqraf.com”un verdiyi  xəbərə görə, bu, iki ölkə lideri arasında keçirilən onlayn görüş zamanı baş verib.

ABŞ-ın Tayvanın müstəqilliyini dəstəkləməkdən söz açan Si Cinpin deyib: “Belə davranışlar odla oynamaq kimi çox təhlükəlidir. Kim oynasa, yanacaq”.

Görüşlə bağlı Ağ Evin açıqlamasında isə deyilib: “Prezident Bayden status-kvonu dəyişdirəcək və ya Tayvan boğazında sabitliyi pozacaq birtərəfli addımlara qəti şəkildə qarşıdır”.

Bununla yanaşı, Tayvanla bağlı sərt bəyanatlara baxmayaraq, liderlər görüşün əvvəlində bir-birlərini səmimi qarşılayıblar.

 

ÜST PANDEMİYANIN MÜDDƏTININ UZANMASININ SƏBƏBİNİ AÇIQLAYIB

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus hesab edir ki, peyvəndlərə qeyri-bərabər əlçatanlıq və səhiyyə xidmətindəki uyğunsuzluq qlobal pandemiyanın müddətinin uzanmasına şərait yaradır. “Report” agentliyinin verdiyi xəbərə görə, o, bu fikri Koreya Respublikasının təşkil etdiyi təhlükəsizlik forumunda telekörpü formatında çıxışı zamanı bildirib.

“Peyvəndlərə çıxışla bağlı qlobal bərabərsizlik, qeyri-səlis və qeyri-ardıcıl ictimai səhiyyə tədbirləri pandemiyanın müddətini uzatmaqla virusa hərəkət etmək və mutasiyaya uğramaq üçün daha çox şərait yaradır”, -  deyə ÜST rəhbəri vurğulayıb.

Qebreyesus xatırladıb ki, rəsmi statistikaya əsasən dünyada 5 milyondan çox insan koronavirusdan dünyasını dəyişib, lakin real rəqəmlər daha çoxdur. Uzun sürən “COVID-19” problemindən danışan ÜST rəhbərinin sözlərinə görə, bu xəstəliklə yaşayan insanların sayı naməlumdur və söhbət “anlamadığımız bir xəstəlikdən” gedir.

Təşkilat rəhbəri vurğulayıb ki, indiki pandemiya həmrəyliyin böhranından irəli gəlir və qlobal səhiyyə arxitekturasının fundamental zəifliyi ilə ağırlaşıb.

 

MAKRONDAN GERİ ADDIM: FRANSA ORDUSU BÖLGƏDƏN ÇIXDI

Antiterror əməliyyatları çərçivəsində Malidə yerləşdirilmiş Fransa hərbi qüvvələri üçün geri çəkilmə qərarı verilib. “Teleqraf.com”un xəbərinə görə, bu barədə Fransa Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Prezident Emmanuel Makron və “G-5 Sahel” ölkələrinin iyul ayında qəbul etdiyi qərara uyğun olaraq, Fransanın Tessalit bölgəsindəki hərbi bazasını noyabrın 13-də Mali ordusuna təhvil verdiyi bildirilib.

Bununla yanaşı, fransız hərbçilərinin noyabrın 15-də artıq hərbi bazadan tamamilə çıxdığı qeyd olunur.

Fransa Baş Qərargahının bundan əvvəl verdiyi açıqlamada terrorçuların Kidal bölgəsindən çıxarıldığı, son logistika konvoyunun isə oktyabrın 12-də bölgəni tərk etdiyi bildirilib. Maddi-texniki və inzibati prosedurları tamamlamaq üçün bölgədə son batalyonun qaldığı qeyd edilib.

Xatırladaq ki, Emmanuel Makron əməliyyatları gələn ilin birinci rübündə bitirəcəklərini, lakin bölgədən geri çəkilməyəcəklərini açıqlamışdı.

 

DÜNYANIN ƏN BÖYÜK ÜZƏN SƏNAYE KOMPLEKSİ İNŞA EDİLƏCƏK

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman dünyanın ən böyük üzən sənaye kompleksini inşa edəcəklərini açıqlayıb. “Report”un məlumatına görə, bu barədə krallığın rəsmi “SPA” agentliyi xəbər verib.

Bildirilir ki, “Oxagon” adlanacaq kompleks Neom kimi tanınan sənaye şəhərində inşa ediləcək.

Şahzadə Məhəmməd mətbuat konfransında bunun dünyanın ən böyük üzən sənaye kompleksi layihəsi olduğunu vurğulayıb.

Bununla yanaşı, şahzadənin sözlərinə görə, “Oxagon” qlobal ticarət axını ilə yanaşı, Səudiyyə Ərəbistanının regional ticarətinə də dəstək verəcək.

Daha əvvəl açıqladığı nəhəng “Neom layihəsi” çərçivəsində Neom şəhərində tikiləcək üzən kompleks üçün işlərə başlandığını qeyd edən vəliəhd sənaye şəhərinin sürətlə böyüdülməsinin planlaşdırıldığını da əlavə edib.

 

RUSİYANIN “S-550” SİSTEMİ QİTƏLƏRARASI RAKETLƏRİ MƏHV EDƏ BİLƏCƏK

Rusiyanın yenidən inkişaf etdirməyə başladığı “S-550” raketdən müdafiə sisteminin hədəfi aşkarlama və vurma məsafəsi artırılacaq. “Teleqraf.com”un verdiyi xəbərə görə, bunu Rusiyanın dövlət müdafiə sənayesi şirkəti “Rostek”in baş direktoru Sergey Çemezov jurnalistlərə açıqlamasında bildirib.

“Bizim layihəmiz fasiləsiz olaraq həyata keçirilir və hər hansı hədəfi müəyyən etmə və aşkarlama, eləcə də vurma məsafəsini artırmaq üçün reallaşdırılır. “S-550”lərlə bağlı işlər diqqət mərkəzindədir”, - deyə baş direktor bildirib.

Seregey Çemezovun sözlərinə görə, Rusiyanın üzərində işlədiyi yeni “S-550” raketdən müdafiə sistemi qitələrarası ballistik raketləri effektiv şəkildə məhv edə bilən dünyanın ilk mobil raket və kosmik müdafiə sistemi olacaq. "Sistem “S-500”lərin bir versiyası olaraq xüsusilə raket və kosmosda müdafiə missiyaları üçün hazırlanır”, - deyə Çemezov vurğulayıb.

Bir müddət öncə Rusiyanın müdafiə naziri Sergey Şoyqu SSRİ dövründə ABŞ-la müqavilələr çərçivəsində dayandırılan “S-550” hava hücumundan müdafiə sistemini inkişaf etdirməyə başladıqlarını açıqlayıb. İlk “S-550”nin 2025-ci ilə qədər təhvil verilməsi planlaşdırılır.

 

ÇİN DÜNYANIN ƏN SÜRƏTLƏ ZƏNGİNLƏŞƏN ÖLKƏSİ SEÇİLİB

Son 100 ildə Çin gəlirlərinə görə ABŞ-ı geridə qoyaraq dünyanın ən zəngin ölkəsinə çevrilib. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bunu “McKinsey” şirkətinin hesabatı sübut edir.

Məlumata əsasən, son 20 ildə dünya sərvəti üç dəfə artıb. Qlobal gəlirlərin bu qədər kəskin artmasının əsas səbəbləri yaşayış yerlərərinin bahalaşması ilə bağlıdır.

Belə ki, qlobal gəlirin 60 faizdən çoxunu təşkil edən 10 ölkənin xalis aktivləri cəmi 20 il ərzində 156 trilyon dollardan 514 trilyon dollara yüksəlib. Eyni zamanda, artımın üçdə biri sərvəti 7 trilyon dollardan 120 trilyon dollara yüksəlmiş Çinin payına düşür.

Hesabata əsasən, ABŞ daha aşağı nəticələr göstərib. Məlumatda qeyd olunub ki, 20 il ərzində Amerika sərvətini iki dəfə artıraraq cəmi 90 trilyon dollara qədər yüksəldə bilib.

 

İŞİD-IN İLLİK GƏLİRLƏRİ 1,2 MİLYARD DOLLARA ÇATIB

İŞİD terror qruplaşmasının ən aktiv fəaliyyəti dövründə gəlirləri 1,2 milyard ABŞ dollarından çox olub. “Report”un xəbərinə görə, bu barədə “Əl-Ərəbiyyə” telekanalı terror qruplaşmasının bir ay əvvəl İraq hakimiyyəti tərəfindən saxlanılan maliyyə məsələləri üzrə məsul şəxsi Sami Casimin dindirilməsi materiallarına istinadən məlumat yayıb.

Bildirilir ki, terrorçuların əsas gəlir mənbələri soyğunçuluq, talan, adam oğurluğundan əldə edilən vəsait və neft qaçaqmalçılığından qazanılan gəlirlər olub.

Neft məhsulları əsasən kiçik neft emalı zavodlarının sahiblərinə satılıb: bəziləri qaçaqmalçılıq yolu ilə xaricə, digərləri isə İŞİD-in nəzarətində olan Suriya ərazilərində qara bazarda satışa çıxarılıb.

Qruplaşmanın 2019-cu ildə öldürülən rəhbəri Əbu Bəkr əl-Bağdadinin müavini Sami Casim istintaq tədbirləri zamanı İŞİD-in uzun müddət tacirlərdən və varlı adamlardan ümumilikdə 500 min ABŞ dollarına qədər pul aldığını bildirib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.