DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

DÖRD ÖLKƏDƏ MƏXFİ İRAN DANIŞIQLARI

ABŞ Dövlət Departamenti ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Mallinin noyabrın 29-da başlayacaq nüvə danışıqlarından əvvəl koordinasiyanı təmin etmək məqsədilə Birləşmiş Ərəb Əmirlikləri, İsrail, Səudiyyə Ərəbistanı və Bəhreynə səfər edəcəyini açıqlayıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, İran üzrə xüsusi nümayəndə dörd paytaxtda məxfi müzakirələri 11-20 noyabr tarixlərində aparacaq.

ABŞ Dövlət Departamentinin məlumatında deyilir: “Xüsusi nümayəndə İranın regionda sabitliyi pozan fəaliyyəti və anlaşmaya tam əməl olunması qarşılığında razılaşmaya qarşılıqlı qayıdılması üzrə danışıqların yeddinci raundu da daxil olmaqla, İranla bağlı geniş spektrli narahatlıqların aradan qaldırılması üçün yanaşmalarımızı əlaqələndirəcək”.

İran xarici işlər nazirinin müavini və İranın Vyana danışıqlarına rəhbərlik edən Əli Baqeri Kani noyabrın 3-də sosial media hesabındakı paylaşımda nüvə danışıqlarına noyabrın 29-da başlayacaqlarını bəyan etmişdi.

 

ÜST: 1 MİLYON UŞAQ QİDA ÇATIŞMAZLIĞINDAN ÖLƏ BİLƏR

Əfqanıstanda 5 yaşından kiçik azı 1 milyon uşaq dərhal müalicə olunmasa, qida çatışmazlığından ölə bilər. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi nümayəndəsi Marqaret Harris Cenevrədə keçirdiyi brifinqdə bəyan edib.

Rəsmi nümayəndə beynəlxalq ictimaiyyəti Əfqanıstana humanitar yardım göstərməyə çağırıb. “Əfqanıstanda qida çatışmazlığı problemi dərinləşir. Bu ilin sonuna kimi 5 yaşından kiçik uşaqların azı bir milyonu kəskin xəstəlikdən ölmək riski ilə üzləşib”, - deyə Marqaret Harris vurğulayıb.

ÜST rəsmisi həmçinin Əfqanıst

anda qızılca xəstəliyinin artmasına diqqət çəkərək, qida çatışmazlığından əziyyət çəkən uşaqlar üçün bunun çox təhlükəli olduğunu bildirib.

 

YAPONİYADA YENİ QUŞ QRİPİ EPİDEMİYASI TÜĞYAN EDIR

Yaponiyanın Kaqosima prefekturasında yeni quş qripi epidemiyası baş verib. “APA”nın “Kyodo” agentliyinə istinadən verdiyi xəbərə görə, aşkar edilmiş bir neçə ölü toyuğun genetik analizləri quş qripinin yüksək patogen “H5” ştamının olduğunu təsdiqləyib.

Quşçuluq təsərrüfatında 38,5 min quş məhv ediləcək. Ümumilikdə bu rəqəmin 143 minə çatacağı bildirilir.

Təsərrüfat ətrafında xəstəlik ocaqlarının aşkar olunduğu üç kilometrlik zonada toyuq və yumurtaların daşınması üçün karantin tətbiq edilib, 10 kilometrlik zonadan kənara toyuq və yumurtaların ixracı qadağan olunub.

Qeyd edək ki, bu, Yaponiyada cari mövsümdə ikinci epidemiyadır. Birinci epidemiya bu həftə ölkənin şimalında, Akita prefekturasında meydana gəlib. Ötən ilin payızından 50-dən çox quşçuluq təsərrüfatında 10 milyona yaxın toyuq məhv edilib.

 

ÜST AVROPADA HƏSSAS İNSANLARI PEYVƏND ETMƏYƏ ÇAĞIRIB

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus Avropa ölkələrini artıq peyvənd olunmuşların təkrar peyvəndlənməsi əvəzinə həssas qrupa daxil olan əhalinin koronavirusa qarşı peyvənd edilməsinə üstünlük verməyə çağırıb.

“Trend” agentliyinin məlumatına görə, təşkilat rəhbəri bildirib ki, dünyada hələ də vaksinin birinci dozasını gözləyən tibb işçiləri, yaşlılar və digər yüksək risk qrupuna daxil olan insanlar olduğu müddətdə sağlam böyüklər üçün “buster” dozaların vurulması və ya uşaqları peyvənd etməyin mənası yoxdur.

Bununla yanaşı, ÜST rəhbərinin sözlərinə görə, inkişaf etmiş ölkələr bütün ölkələrdə insanların peyvəndlərə əlçatanlığını təmin etmək üçün səy göstərməlidirlər.

 

ENTONI BLINKEN: ÇİN IQLIM BÖHRANI ILƏ MÜBARIZƏDƏ FƏALLIQ GÖSTƏRIR

Çin iqlim böhranının aradan qaldırılmasında fəallıq nümayiş etdirir. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken Vaşinqtonda Qətərin baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd bin Abdel Rəhman Əl-Tani ilə birgə mətbuat konfransında bildirib.

“BMT-nin İqlim Dəyişikliyi Konfransından sonra Çin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir. Bu, nəinki Çin vətəndaşlarının, eləcə də bütün dünya xalqlarının maraqlarına cavab verir”, - deyə dövlət katibi əlavə edib.

Entoni Blinkenin sözlərinə görə, ABŞ və Çin arasında münasibətlərdə həm əməkdaşlıq, həm də qarşıdurma elementləri var.

Dövlət katibinin fikrincə, iqlim böhranının aradan qaldırılması üçün tədbirlərin işlənib hazırlanması konstruktiv şəkildə həll edilməlidir.

 

TÜRKİYƏ İLƏ UKRAYNA ARASINDA RAZILAŞMA

Türkiyə Ukraynadan hava hücumundan müdafiə sistemləri alıb. “Teleqraf.com” xəbər verir ki, bunu “Ukrspecexportun” direktoru Vadim Nozdrya bəyan edib.

Məlumata əsasən, “Türkiyə-Ukrayna Müdafiə Sənayesi Əməkdaşlığı” adlı panel Saha Expo sərgisi çərçivəsində keçirilib.

Paneldə Türkiyə tərəfinin Ukraynadan tədarük edilən sistemlər haqda danışan V.Nozdrya bildirib ki, Türkiyə Ukraynadan “S-125” hava hücumundan müdafiə sistemləri alıb. “Sentyabr ayında təslim edilən sistemlər təcili ehtiyac çərçivəsində tədarük edilib”, - deyə Vadim Nozdrya əlavə edib.

Qeyd edək ki, “S-125” ortamənzilli hava müdafiə raket sistemidir. Sistemin istifadə etdiyi bərk yanacaqlı hava hücumundan müdafiə raketləri radio dalğalar vasitəsilə hədəfə yönləndirilir.

 

ALMANİYADA KORONAVİRUS SƏBƏBİNDƏN 12 MİN HƏRBÇİ SƏFƏRBƏR EDİLƏCƏK

Almaniya Silahlı Qüvvələri pandemiyanın dördüncü dalğası fonunda mülki yardım göstərmək üçün ilin sonuna kimi 12 min hərbçini səfərbər edəcək. “Report”un verdiyi xəbərə görə, bu barədə “Der Spiegel” nəşri məlumat yayıb.

Açıqlamaya əsasən, hərbçilər revaksinasiya prosesində maddi-texniki yardım göstərəcək, zərurət yaranarsa, müvəqqəti xəstəxanaların tikilməsinə kömək edəcək, eləcə də, klinikalarda sürücü kimi işləyəcəklər. Noyabrın sonuna kimi 6 min hərbçinin səfərbər edilməsi planlaşdırılır.

Bununla yanaşı, Almaniya kansleri Angela Merkel koronavirusla bağlı xalqa müraciət edib. O, hər gün “COVID-19”dan xeyli sayda ölənlərin olduğunu xatırladıb: “Xəstəxanalar doludur. Digər xəstələr başqa yerlərə aparılmalı, əməliyyatlar təxirə salınmalıdır. Mövcud vəziyyət bizi narahat edir”.

Qeyd edək ki, Almaniyada son həftələrdə koronavirusa yoluxanların sayı sürətlə artır. Son sutka ərzində 45 min yeni yoluxma və 228 ölüm qeydə alınıb.

 

“COVID-19”UN MÜALİCƏSİ ÜÇÜN DAHA İKİ DƏRMAN TƏSDİQLƏNDİ

Avropa Komissiyası koronavirusun yaratdığı xəstəliyin müalicəsi üçün “Ronapreve” və “Regkirona” dərmanlarını təsdiqləyib. “Teleqraf.com”un xəbərinə görə, bu barədə Avropa Dərman Agentliyi  məlumat yayıb.

Bildirilir ki, Avropa Komissiyası noyabrın 12-də bu dərmanlar üçün marketinq icazəsi verib.

Almaniyanın “Roche” şirkəti tərəfindən istehsal olunan “Ronapreve” oksigen dəstəyinə ehtiyacı olmayan xəstələr üçün tövsiyə olunur.

“Regkirona” preparatı isə Macarıstanın “Celltrion” şirkəti tərəfindən istehsal olunub və koronavirus infeksiyası nəticəsində xəstəliyin ağır gedişi riski olan insanlar üçün nəzərdə tutulub.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.