Mərdlik və şücaət nümunəsi
Region

Mərdlik və şücaət nümunəsi

Azərbaycan xalqının çağdaş tarixinə qeyrət, hünər, şərəf səhifəsi kimi yazılan 44 günlük Vətən müharibəsi 30 ildən bəri yaşadığımız yurd itkisinə son qoymaqla hamımıza sonsuz sevinc, ölkəmizə ümummilli təntənə bəxş etdi. Qarabağ zəfərinə aparan yolda Azərbaycan düşməni ağır məğlubiyyətə uğradarkən şəhidlər də verdi, xəsarət alanlar da oldu. Bu qanlı döyüşlərdə torpaqlarımızı işğaldan azad edərək xalqımıza Qələbə sevinci bəxş edən, bu yolda canından, qanından keçən qəhrəman Vətən oğulları daim böyük ehtiramla anılır. Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, RİH-in məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin doğmaları, qazilər və rayon ictimaiyyəti Şəhid Məhəmmədli İsmayıl  Mahir oğlunun il mərasimində iştirak edib.

Azərbaycan Ordusunun giziri Məhəmmədli İsmayıl  Mahir oğlu 1996-cı il yanvarın 1-də Kəlbəcər rayon Nadirxanlı kəndində anadan olub. İsmayıl  sentyabrın 27-də Murovdağ döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Uzun müddət sonra dekabrın 14-də nəşi tapılıb və Göygöl rayon Şəhidlər xiyabanında dəfn olunub. Şəhid Məhəmmədli İsmayıl  44 günlük Vətən müharibəsində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Prezidenti  İlham Əliyevin müvafiq sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub.

Mərasimdə Vətən müharibəsi şəhidi Məhəmmədli İsmayıl  Mahir oğlunun Göygöl rayon Şəhidlər xiyabanında məzarı ziyarət edilərək önünə gül dəstələri düzülüb, ruhuna dualar oxunub. Sonra, rayon rəhbərliyi və rayon ictimaiyyəti il mərasiminə qatılaraq şəhidin ailə üzvləri ilə görüşüb. RİH başçısı A.Qocayev dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərimizə olan diqqət və qayğısından söz açaraq ailənin qayğıları ilə maraqlanıb, 44 günlük şərəfli zəfər tarixmizə nəzər salaraq şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan bəhs edib. Şəhidin ailə üzvləri onlara göstərilən diqqətə görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Zabit XƏLİLOV,

"Respublika".