SAĞLAM HƏYAT
Səhiyyə

SAĞLAM HƏYAT

Tarixdə bir ilk: insan beyni kənarda 12 saat canlı saxlanıldı

Alzheimer və insult kimi nevroloji xəstəliklərin həlli yolunda əhəmiyyətli bir addım atılıb. Belə ki, insan beyninin bir parçası analiz üçün 12 saat müddətində petri qabında canlı saxlanılıb. Danimarkalı elm adamlarının bu heyrətamiz nailiyyətləri  tarixdə bir ilkdir.

Daha öncə insanlar üzərində təcrübə aparılmasına icazə verilməyən bu sınaqda, heyvanlarla müqayisədə uğurlu nəticələr əldə edilib. Alimlər bir xəstənin korteksindən götürdükləri  beynin 1 santimetrlik parçasını bir sıra prosedurlar sayəsində kənarda  12 saat canlı saxlaya biliblər.  Saatlarca canlı saxlanılan toxumalar dondurma və daha sonra onurğa-beyin mayesində olan komponentlərin bir qarışığa yerləşdirilməsi üsulu ilə baş tutub. Dondurma sayəsində toxumaların oksigenlə zəngin qalması hüceyrələrin canlı saxlanılmasını  təmin edib.

"Siçanlar üzərində tədqiqat aparmaq bir İphone-nu təmir etməyə çalışarkən Nokia 3310-a baxmaq kimi bir şeydir. İnsanların beyni siçanlarınkı ilə bənzər funksiyalara sahib olsa da,  daha çox mürəkkəb quruluşa malikdir. Belə ki, insanların hüceyrə tiplərində və müəyyən reseptorlarında böyük dəyişikliklər var. Bu səbəblə də birbaşa insan toxumasında test edə bilmək unikal bir fürsətdir", - deyə tədqiqat rəhbəri Emma Louise Louth bildirib.

Alim gələcək araşdırmaların insanlar və siçanlarda neyronlar arasında dopaminlə gücləndirilmiş əlaqələrə yönələcəyini və beynimizdəki ötürücülərin neyronlarla  rabitəsinin gücləndiriləcəyini ifadə edib.

İnformasiyanı "Medical Xpress" veb saytı yayıb.

 

Arı südünün daha bir faydası

Hər gün daşıdıqları polenlər (çiçək tozu) sayəsində bitkilərin çoxalmasını təmin edən zəhmətkeş arıların istehsal etdikləri  məhsulların faydaları saysız-hesabsızdır. Həm təbiət, həm də insanlar üçün faydaları saymaqla bitməyən bu   məhsullardan  birinin - arı südünün  yeni bir faydası üzə çıxıb.

Sloveniya Elmlər Akademiyasından bir qrup alim  arı südünün yaraların sağalmasını təmin edən bir molekula sahib olduğunu kəşf ediblər.

Dəridə yaralar meydana gəldiyi  zaman fibroblastlar və keratinositlər adlanan hüceyrə növləri ortaya çıxır. Onlar  yaranı bərpa etmək üçün yeni hüceyrələrin meydana gəlməsini sürətləndirir. Arı südünün tərkibində olan  molekul yaraya sürtüldükdə defesin-1 adlı peptidə çevrilir. Bu peptid hüceyrə matrisini təmir etməyə imkan verən MMP-9 adlı fermentin istehsalını sürətləndirir.

Tədqiqatçılar 15 gün ərzində yaralı siçanlar üzərində testlər aparıblar. Yaraları arı südü ilə müalicə edilən siçanlarda sağalmanın sürətləndiyi müşahidə edilib. Arı südündən əldə edilən defensin-1 adlı peptid MMP-9 istehsalını əhəmiyyətli dərəcədə artırıb.

Buna baxmayaraq, tədqiqatçılar arı südü və ya balda da defensin-1-in  miqdarının çox dəyişkən olduğunu söyləyirlər. Onlar hələ ki, bütün testlərin tamamlanmadığını və  tətbiqdə ən böyük maneə olan  bu maddənin dəyişkən miqdarda olduğunu vurğulayıblar. Bu səbəbdən də, mütəxəssislər, allergik vəziyyətdən yayınmaq üçün arı südünü  həkim nəzarəti olmadan  yaraların üzərinə tətbiq etməməyi tövsiyə ediblər.

İnformasiya "Healthline" veb saytında yayımlanıb.

 

Heparindən COVID-19-a qarşı burun spreyi

Dünyada ən çox istifadə edilən dərmanlardan olan qan durulaşdırıcı heparini burun spreyinə çevirən avstraliyalı alimlər preparatın COVID-19-a qarşı effektivliyini sınaqdan keçiriblər. Elm adamları bu spreylərin maskaları da əvəz edə biləcəyini söyləyirlər.

Bütün dünya iki ilə yaxındır ki, koronavirusun məngənəsindən yaxa qurtarmaq üçün mübarizə aparır. Pandemiyanın qarşısını almaq üçün böyük səylə çalışan alimlər nəhayət ki, koronavirusa yoluxmamaq üçün burun spreyi hazırlayıblar. Heparin adlı ucuz başa gələn dərman preparatından hazırlanan bu spreyin sınaqları gələn ilin ortalarına qədər davam edəcək. Əgər nəticələr müsbət olarsa, mütəxəssislər  spreylərin peyvəndlərlə birgə istifadə olunacağını deyirlər.

Spreyin COVID-19-un Omicron variantı da daxil olmaqla, bütün növlərinə qarşı təsirli olub-olmadığını yoxlamaq üçün 340 ailədə sınaqdan keçiriləcəyi açıqlanıb. Həmçinin,  klinik sınaqların aparılması üçün Viktoriya ştatının 4,2 milyard dollar vəsait ayırdığı bildirilib.

Spreyin otaq temperaturunda 3 aydan çox qala biləcəyini qeyd edən Melburn Şimal Sağlamlıq Tibb Şöbəsinin direktoru Don Campbell  dərmanın virusun bütün variantlarına qarşı təsirli olacağını bildirib. O, həmçinin preparatdan istifadənin asan olacağını və gündə 3 dəfə tətbiq oluna biləcəyini söyləyib. Bu heyrətamiz kəşfin elm üçün böyük uğur olduğunu dilə gətirən alim spreyin  buruna nüfuz edən virusu təsirsiz hala gətirə biləcəyini  qeyd edib.  Mütəxəssis  bilavasitə spreyin qoruyucu təsirinin 24 saat davam etdiyini vurğulayıb.

Məlumat "Forschung und Wissen" jurnalında işıq üzü görüb.

 

Bu meyvənin toxumu ömrü uzada bilir

Orqanizmdə gedən bir sıra reaksiyalara səbəb olan yaşlanma fizioloji bir proses olsa da, onunla  mübarizə aparmaq üçün araşdırmalar davam edir. "Mirror" jurnalında dərc edilən yeni bir araşdırmaya görə, bu dəfə  çinli alimlər üzüm toxumlarında aşkar etdikləri birləşmənin yaşlanma ilə əlaqəli disfunksiyalı hüceyrələri hədəf ala biləcəyini kəşf ediblər. Onlar meyvənin toxumlarında olan flavonoid maddəsinin  siçanlarda ortalama ömür  müddətini  9 faiz artırdığının  şahidi olublar.

Yeni kəşf edilən bu birləşmə yaşlı hüceyrələri hədəf olaraq yaşlanmaya qarşı olan orqanizmin ümumi ömür müddətini uzadan senolitik dərmanlar kateqoriyasına daxil edilib. Lakin sözügedən dərmanların diabet və demans kimi problemi olan insanlar  üzərində daha çox sınaqlara ehtiyacı olduğu bildirilib.

Çində yerləşən Shangai İnstitute of Nutrition and Health İnstitutunun alimləri üzümün toxumlarında tapdıqları C1 procyanidin (PCC1) maddəsinin  hüceyrə ölümünün qarşısını almaq üçün  onları stimullaşdırdıqlarını  söyləyirlər. Həmçinin bildirilib ki, bu maddə sağlam hüceyrələrə heç bir zərər vermir.

Yeni birləşmə yaşlı siçanların müxtəlif toxuma və orqanlarında sınaqdan keçirilib. Nəticədə, gəmiricilərdə yaşlı hüceyrələrin klinik cəhətdən əhəmiyyətli dərəcədə azaldığı aşkar edilib. 24 -27 aylıq yaşlı siçanlarda  (insan həyatı ilə müqayisədə 75-90 yaş arası) gözlənilən ömür müddətinin  9 faiz artdığı məlum olub.

Alimlər yeni maddənin təsir mexanizminin daha ətraflı araşdırılmasından sonra onun insanlar üzərində də sınaqdan keçiriləcəyini planlaşdırırlar.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".