QƏHRƏMANLAR UNUDULMUR
Region

QƏHRƏMANLAR UNUDULMUR

44 günlük Vətən müharibəsində yüzlərlə lənkəranlı gənc könüllü cəbhəyə gedərək silaha sarılıb. Torpaqlarımızın düşməndən azad edilməsində əsl igidlik, fədakarlıq, cəsarət, hünər göstəriblər. Şanlı Qələbənin, Müzəffər Zəfərin qazanılmasında onların xüsusi payı vardır.

Sözünü döyüş meydanlarında demiş igidlərdən 67 nəfəri şəhidlik zirvəsinə ucalıb. Yüzlərlə döyüşçünün xidmətləri orden və medallara layiq görülüb. Hər biri yurdun əziz, doğma övladı kimi sevilir, qəhrəmanlıqları dastana çevrilir.

Lənkəran Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kollektivi də şəhid ailələri, qazilər və müharibə iştirakçılarını unutmur, onlarla sıx əlaqə saxlayır. Kollektiv şəhidlərin anım mərasimlərində, ad günlərində və digər tədbirlərdə fəal iştirak edərək mənəvi dəstəyini əsirgəmir. Bu günlərdə Lənkəran Şəhər Mərkəzi Kitabxanasında şəhid anaları və qazilərlə növbəti görüş keçirilib. Tədbirin əvvəlində şəhidlərin parlaq ruhu bir dəqiqəlik sükutla yad edilib.

MKS-nin direktoru Nuranə Nəsirova Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun böyük qələbəsindən söhbət açaraq deyib: “32 il əvvəl 20 Yanvarda Azərbaycanın azadlığı, müstəqilliyi, suverenliyi yolunda şəhidlər verdik. Qarabağ müharibəsində igid, qəhrəman oğullar şəhidlərin qanını yerdə qoymadılar. Hər bir şəhidin əziz ruhunun və onları boya-başa çatdırmış valideynlərinin qarşısında baş əyirik. Bugünkü xoşbəxt həyata görə şəhidlərə, qazilərə, müharibə iştirakçılarına borcluyuq”.

Rauf Salayev və Aqil Nuriyev Vətən müharibəsində oddan-alovdan çıxıb. Füzuli, Cəbrayıl, Qubadlı istiqamətlərində gedən döyüşlərdə şücaət, qəhrəmanlıq göstəriblər. Möhtərəm Prezidentimizin müvafiq sərəncamları ilə “Cəsur döyüşçü” və digər medallara layiq görülüblər.

--Qarabağ hadisələri başlananda cəmi 5 yaşım var idi, --deyə Aqil Nuriyev söhbətə başlayır. Mənfur düşmənin havadarlarına arxalanıb soydaşlarımızı Ermənistandan, Qarabağdan, doğma ata-baba yurdlarından, ev-eşiklərindən zorla çıxarıb torpaqlarımızı işğal etməsi faktı ilə heç cür barışmırdım. İçimdə düşmənə sonsuz nifrət hissi alovlanırdı. Cənab Prezidentin “Qarabağ Azərbaycandır!” kəlamı hər birimizi düşməndən qisas almağa, torpaqlarımızı azad etməyə ruhlandırırdı. Müharibə xəbərini eşidəndə könüllü cəbhəyə yollandım. Şəhidlərin qanı, igid, qeyrətli oğulların şücaəti, qəhrəmanlığı sayəsində  üçrəngli bayrağımız Qarabağ səmasında daha vüqarla və  əzəmətlə dalğalanır.

MKS-nin şöbə müdiri Arzu Rufullayeva, Göyşaban kənd kitabxanasının müdiri Mehriban Zeynalova, muzey işçisi Samirə Hüseynzadə, gənc ictimai fəal Allahverən Pərvizoğlu, Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin əməkdaşı Elnurə Qəniyeva bildirdilər ki, şəhidlik ən uca məqamdır. Onları heç vaxt unutmuruq və unutmarıq. Hər birimiz fəxr edirik müstəqil, qalib bir ölkənin vətəndaşıyıq.

Tədbirdə şəhid analarından Gülçöhrə Talıbova, Fatma Qulamova və Gülşən Məmmədova oğulları: Elnur, Orxan və Rəşidin cəbhə yolundan, Vətən və torpaq sevgisindən, tükənməz arzularından danışdılar.

İllər, qərinələr ötəcək, Vətənin azadlığı uğrunda canlarını qurban verənlər ürəklərdə əbədi yaşayacaqlar.

Əlisəfa HƏSƏNOV,

“Respublika”.