DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

RUSİYA VƏ ÇİN LİDERLƏRİ BİRGƏ BƏYANAT QƏBUL EDƏCƏK

Rusiya prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının sədri Si Cinpin yeni dövrə qədəm qoyan beynəlxalq münasibətlərlə bağlı birgə bəyanat qəbul edəcək və üzbəüz söhbət edəcəklər. “APA”nın verdiyi məlumata görə, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Verilən xəbərə görə, Vladimir Putin fevralın 4-də Si Cinpinin dəvəti ilə Çinə səfəri çərçivəsində XXIV Qış Olimpiya Oyunlarının açılış mərasimində iştirak edəcək.

Səfər zamanı yüksək səviyyəli danışıqlar, Rusiya-Çin hərtərəfli tərəfdaşlıq və strateji qarşılıqlı fəaliyyətin hazırkı vəziyyəti və inkişaf perspektivlərinin müzakirəsi planlaşdırılır. Ticarət-iqtisadi, enerji, maliyyə və investisiya, elmi-texniki və humanitar sahələrdə praktiki əməkdaşlıq məsələlərinin geniş spektri nəzərdən keçiriləcək.

Yuri Uşakovun sözlərinə görə, Vladimir Putinlə Çinə XİN başçısı Sergey Lavrov, energetika naziri Nikolay Şulqinov, baş nazirin müavini Dmitri Çernışenko və “Rosneft”in rəhbəri İqor Seçin gedəcək.

 

UKRAYNA - TÜRKİYƏ MÜQAVİLƏ LAYİHƏSİ TƏSDİQ OLUNUB

Ukrayna Nazirlər Kabinetinin iclası zamanı Türkiyə ilə azad ticarət zonası haqqında müqavilə layihəsi təsdiq edilib. “Report” agentliyinin verdiyi xəbərə görə, bu müqavilənin ölkələr arasında ticarətin aktivləşdirilməsinə, ixracın artmasına, yeni iş yerlərinin yaradılmasına, texnologiya transferinə və təcrübə mübadiləsinə töhfə verəcəyi bildirilir.

Məlumata əsasən, sənədin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın fevralın 3-də Kiyevə planlaşdırılan səfəri zamanı imzalanacağı gözlənilir.

Nazirlər Kabinetinin iclası zamanı həmçinin Türkiyə ilə daha üç müqavilə təsdiq olunub. Buraya yüksək texnologiyalar, aviasiya və kosmos, gənclər siyasəti sahəsində əməkdaşlığa, habelə hüquq-mühafizə orqanları arasında əməkdaşlığın gücləndirilməsinə dair müqavilələr daxildir.

 

BORİS CONSON QIRMIZI ÇANTASINDA KİYEVƏ HANSI VACİB SƏNƏDLƏRİ APARIB?

Böyük Britaniyanın baş naziri Boris Conson fevralın 1-də Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşmək üçün Londondan Kiyevə uçarkən əlindəki qırmızı çanta ilə diqqəti cəlb edib. “Teleqraf.com”un verdiyi xəbərə görə, baş nazirin özü ilə birlikdə Kiyevə apardığı qırmızı çantanın içində nələrin ola biləcəyi hazırda ciddi müzakirə mövzusudur.

Baş nazirin Kiyevdə Rusiyanı dialoqa çağırması və Ukraynanın işğalının həm Rusiya, həm də dünya üçün fəlakətə yol açacağını söyləməsi, habelə rus qoşunlarının dərhal Ukrayna sərhədləri yaxınlığından geri çəkməsini tələb etməsi göstərir ki, Boris Consonun çantası heç də boş olmayıb. Üstəlik Conson səfəri zamanı çantasını bir an belə diqqətdən kənarda buraxmayıb.

Ehtimal etmək olar ki, baş nazirin çantasında Ukrayna üçün olduqca vacib kəşfiyyat məlumatları, Rusiyanın hərbi davranışlarına dair proqnozlar və digər məxfi sənədlər olub.

Bununla yanaşı, çantanın rənginin qırmızı olmasının isə hansısa mesaj xarakteri daşıdığı da güman edilir.

 

ÜST: KORONAVİRUS MƏHDUDİYYƏTLƏRİNİ LƏĞV ETMƏK HƏLƏ TEZDİR

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri hesab edirlər ki, dövlətlər üçün koronavirusun qarşısını almaq üçün bütün məhdudiyyətləri dərhal ləğv etmək hələ tezdir. “Trend”in məlumatına görə, bu barədə ekspertlər brifinq zamanı bildiriblər.

ÜST-ün “COVID-19” üzrə texniki rəhbəri Mariya Van Kerkhove qeyd edib ki, vaksinasiya üzrə göstəricilər əksər ölkələrdə, həm də çox həssas əhali arasında aşağıdır: “Buna görə də indi bütün məhdudiyyətləri bir anda aradan qaldırmağın vaxtı deyil”.

Öz növbəsində, ÜST-ün fövqəladə hallar üzrə icraçı direktoru Mark Rayan ölkələri “COVID-19”la mübarizədə öz yollarını tutmağa və “məhdudiyyətləri yumşaltmaqda başqalarına kor-koranə uymamağa” çağırıb.

ÜST-ün Avropa Regional Bürosunun direktoru Hans Klüqe isə bildirib ki, pandemiyanın kəskin mərhələsi bu il başa çata bilər: “İstənilən halda fərdi məsuliyyət çox vacibdir. Özünü pis hiss edən və ya hərarəti yüksək olan insanlar evdə karantində qalarsa, onda hamımız kəskin fazadan çıxa bilərik”.

 

AVROPAYA ƏLAVƏ HƏRBİ QÜVVƏ GÖNDƏRİLƏCƏK

ABŞ prezidenti Cozef Bayden Şərqi Avropaya daha çox qoşun göndərilməsini təsdiqləyib. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə “CNN” telekanalı ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.

Verilən xəbərə əsasən, hərbi qüvvələrin göndərilməsi yaxın günlərdə baş tutacaq.

Bildirilir ki, Polşada iki min hərbçi, Rumıniya da daxil olmaqla NATO-nun cənub-şərq cinahında daha bir neçə min hərbçi yerləşdiriləcək.

Eyni zamanda, “The Wall Street Journal” nəşrinin məlumatına görə, ABŞ NATO-nun şərq cinahının gücləndirilməsi çərçivəsində Almaniyadan Rumıniyaya minə yaxın hərbçi göndərəcək.

 

İRAN NÜVƏ DANIŞIQLARI ÜZRƏ RAZILIQ ƏLDƏ EDİLƏ BİLƏCƏYİNİ İSTİSNA ETMİR

“Amerika ilə birbaşa danışıqlarımız olmayıb”. “APA”nın xəbərinə görə, bunu İranın Vyanadakı nüvə müzakirələrində iştirak edən nümayəndə heyətinin rəhbəri Əli Baqiri parlamentin milli təhlükəsizlik və xarici siyasət komissiyasının iclasında bildirib.

İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının mətbuat katibi Mahmud Abbaszadənin sözlərinə görə, Əli Baqiri iclas zamanı həmçinin qeyd edib ki, müzakirələr müsbət atmosferdə davam etsə də hələ həll olunmayan çox önəmli məsələlər qalıb. O, həmin məsələlər haqqında danışıqların aparılmasını və həll yolu tapmalı olduqlarını diqqətə çatdırıb.

“Ümumi vəziyyət onu göstərir ki, tərəflərin xeyrinə olan yaxşı saziş əldə etmək olar. Lakin bunun üçün Qərb ölkələri xoşniyyətli və ciddi iradə ortaya qoymalıdırlar”, - deyə Əli Baqiri vurğulayıb.

 

LİTVA VƏ BELARUS ARASINDA GƏRGİNLİK

Belarusun baş naziri Roman Qolovçenko bəyan edib ki, Litva Belarusdan kalium daşıyan qatarların keçməsinə məhdudiyyət tətbiq edib. “Teleqraf.com”un verdiyi xəbərə görə, baş nazir mətbuata açıqlamasında Litvanın artıq Klaypeda limanına kalium daşıyan qatarları gəmilərə yükləmək üçün qəbul etmədiyini bildirib.

Məlumata əsasən, bu addıma sərt cavab vermək niyyətində olduqlarını qeyd edən Roman Qolovçenkonun sözlərinə görə, artıq qərar verilib və bu, Litva istiqamətindən gələn qatarları əhatə edəcək.

Eyni zamanda, bu mövzuda Litvaya dialoq təklif etdiklərini bəyan edən Belarus baş naziri əlavə edib ki, hüquqi sahədə danışıqlar aparmağı və əlaqələrin gələcəyini müəyyən etmək təklifi verilib.

 

ÇİNDƏ ÖTƏN İL REKORD SAYDA AVTOMOBİL İXRACI

Çin 2021-ci ildə 2,02 milyon avtomobil ixrac edib ki, bu da ölkə tarixində ən yüksək göstərici olub. Bu göstərici 2020-ci illə müqayisədə iki dəfə artıb. “Trend”in məlumatına görə, bu barədə Çinin Avtomobil Sənayesi Assosiasiyasının hesabatında bildirilir.

Qeyd olunur ki, Çin ötən il alternativ enerjidən istifadə edən 310 min avtomobil ixrac edib. İxrac olunan minik avtomobillərinin sayı isə 1,61 milyona çatıb.

Təkcə dekabr ayında Çin şirkətləri 223 min avtomobil ixrac edib ki, bu da 2020-ci ilin dekabrı ilə müqayisədə 54 faiz çoxdur.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.