Rəşadətli döyüş yolu
Region

Rəşadətli döyüş yolu

Lerik rayonunun Çökərə kəndində dünyaya göz açmış Tural Rahil oğlu Əhədovun ömür yolu cəmi 27 il çəkdi.  İkinci Qarabağ müharibəsində xalqımıza Zəfər qüruru yaşadanlarla bir cərgədə durmaqla ölməzliyə qovuşdu. Vətən, torpaq uğrunda  qanı bahasına göstərdiyi qəhrəmanlıq onu milyonların iftixarına, qüruruna çevirdi.  Dövlət də onun örnək olan hünərini unutmadı. Ölümündən sonra təltif olunduğu Cəbrayılın, Şuşanın, Kəlbəcərin azad olmasına görə, “Vətən uğrunda”, “İgidliyə görə” medalları, 3-cü dərəcəli “Rəşadət” ordeni şərəfli adına daha bir ucalıq gətirdi...

 Xalq məhəbbəti, Vətən, torpaq sevgisi lap kiçik yaşlardan Turalın qəlbinə hakim kəsilir. 2009-cu ildə səkkizinci sinfi başa vurub hərb sənətini seçməyi bundan irəli gəlir. Tural  Cəmşid Naxçıvanski  hərbi liseydə doğma  Azərbaycanı göz bəbəyi kimi qorumaq, məqamı gələndə   uğrunda canını fəda etmək arzusu ilə oxuyar. Düşmənin  işğal etdiyi Qarabağ torpaqları azad görmək onun əsas amalına dönür. 2012-ci ildə liseyi bitirib Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olur. Burada da  nümunəvi oxuyur, hərbi təlimlərdə uğurlara imza atır. Əsl vətəndaş, layiqli vətənpərvər olaraq hamı tərəfindən sevilir. Tankçı peşəsini mükəmməl  öyrənməklə 2016-cı ildə leytenant rütbəsində məktəbi tamamlayır. O, Xüsusi Təyinatlı Qüvvələrin kursunu da müvəffəqiyyətlə  bitirir.  

 Doğma Azərbaycana    ilahi sevgisi, sədaqəti Turalı cəbhə  bölgəsinə aparır. Hərbi  hissədə qrup komandirinin müavini olur, nümunəvi xidməti Vətən sevdalısını sözün həqiqi mənasında əsgərlərin, zabitlərin sevimlisinə çevirir. Hərbidə xüsusi istedadını, qabiliyyətini,  sınaqlarda Vətəninə, millətinə həqiqi bağlılığını  nəzərə alıb Turalı Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Kəşfiyyatçı Artilleriya Korrektə edici” ixtisasına  dəvət edirlər. Burada da nəyə layiq olduğunu tam göstərməklə baş leytenant rütbəsinə yüksəlir.   İntizamlı hərbçi olaraq verilən bütün tapşırıqları  şərəflə yerinə yetirir. General-leytenant Hikmət Mirzəyev tərəfindən “Fəxri fərman” alır, eləcə də  “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalına layiq görülür.

Sentyabrın 27-də baş leytenant Tural  Əhədov qanlı döyüşlərə qrup komandirin müavini kimi atılır. Haqq savaşımızın ilk günündən düşmənə sarsıdıcı zərbələr endirir. Öndə getməsi, yüksək döyüş məharətinə malik olması  həmişə onun qrupuna qələbə qazandırır. Cəsurluğunu, qəhrəmanlığını  görüb onu qrup rəhbəri təyin edirlər. Murovdağ, Füzuli, Hadrut, Xocavənd, Şuşa istiqamətində gedən ağır ölüm-dirim savaşların qalibi olmaqla ad qoyur.

Şuşa müharibəsində igid komandir iki döyüş yoldaşı ilə düşmən mühasirəsinə düşür. Son  nəfəsinə qədər mübarizə aparıb yağının 70 yaxın canlı qüvvəsini məhv edir.  8 noyabrda canını  Vətəninə  qurban verməklə əbədiyyət adlı dünyasına qovuşur.

Turalın adı indi Vətənlə bir çəkilir. Qərinələr  boyunca da belə olacaq.

Zəfər ORUCOĞLU.