TƏKİ VƏTƏN SAĞ OLSUN
Region

TƏKİ VƏTƏN SAĞ OLSUN

Azərbaycan xalqının çağdaş tarixinə qeyrət, hünər, şərəf səhifəsi kimi yazılan 44 günlük Vətən müharibəsi 30 ildən bəri yaşadığımız yurd itkisinə son qoymaqla hamımıza sonsuz sevinc, ölkəmizə ümummilli təntənə bəxş etdi. Dəmir yumruğa çevrilmiş nəhəng güc hesabına qazandığımız bu misilsiz qələbə əvvəlki faciələrimizin ağrı-acılarını ovutmaqla yanaşı, məhv edilən düşmənin min bir vəhşiliklə göstərdiyi azğın müqavimət xalqımıza yeni itkilər, kədər, hüzn də yaşatdı. Qarabağ zəfərinə aparan yolda Azərbaycan düşməni ağır məğlubiyyətə uğradarkən yeni şəhidlər də verdi, xəsarət alanlar da oldu. Bu qanlı döyüşlərdə torpaqlarımızı işğaldan azad edərək xalqımıza Qələbə sevinci bəxş edən, bu yolda canından, qanından keçən qəhrəman Vətən oğulları daimi böyük ehtiramla anılır.

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev işğaldan azad olunan Kəlbəcər rayonunda vəzifə borcunu ləyaqətlə yerinə yetirərkən, tank əleyhinə minanın partlaması nəticəsində şəhid olmuş Əliyev Arif Ağalar oğlunun ailəsi ilə görüşüb. Görüşdə qeyd olunub ki, şəhid ailələri dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yüksək diqqət və qayğısı  ilə əhatə olunmuşdur. Şəhid Əliyev Arif Ağalar oğlu Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev dövlət  başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərimizə olan diqqət və qayğısından ətraflı söz açaraq, ailənin qayğıları ilə maraqlanıb. Rayon rəhbəri şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan və şəhid Əliyev Arif Ağalar oğlunun qəhrəmanlığından söhbət açıb və bildirib ki, gənclər onunla fəxr edir, onun   əziz xatirəsi qəlblərdə əbədi yaşayacaq, heç zaman yaddaşlardan silinməyəcək.

Sonra Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev şəhidin oğluna atasının ölümündən sonra təltif olunduğu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenini təqdim edib. Şəhidin ailə üzvləri oğlanlarından qürur duyduqlarını bildirərək “təki vətən sağ olsun” söyləmişlər.  Və onlara göstərilən diqqət, qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Zabit XƏLİLOV,

“Respublika”.