İgid ölər, adı qalar
Sosial həyat

İgid ölər, adı qalar

İndi adı xalqın dilindən düşməyən Elnur İmran oğlu Əsədullayevin  ölməz qəhrəmanlığı  ona əbədiyyət qazandırdı. Elnur orta məktəbdə yaxşı oxumaqla bərabər, idmanın  sərbəst güləş növünə də maraq göstərir. Dəfələrlə  yeniyetmələr üzrə  turnirlərdə iştirak edir, medal və təltiflərə  layiq görülür.

2016-cı ilin iyul ayında Elnuru Milli  Ordu sıralarına  çağırırlar. Cəbhə bölgəsinə düşməyi ürəyincə olur. Vətənə xidməti hər  şeydən üstün tutan  gəncin  şəxsi keyfiyyətləri qısa zamanda ona əsgərlərin, komandirlərin yanında yaxşı hörmət qazandırır.  Nümunəvi xidməti ilə doğma  Azərbaycana əsl oğul məhəbbəti, xalqına, dövlətinə sədaqət nümayiş etdirir. Xidməti başa vursa da, daxilində olan alovlu bir istək  Elnuru  ermənilərə  öz yerini göstərmək üçün hərbiyə bağlayır.   Köksündə əsl qəhrəman ürəyi döyünən  bu Vətən sevdalısı müddətdən artıq hərbi qulluqçu kimi  Beyləqanda xidmətini davam etdirir. Ən əsası Azərbaycanın ərazi bütövlüyü  uğrunda düşmənlə döyüşə hazırlaşır.  Və vaxtı gələndə   Qarabağın son qarış  torpağının  azad olacağı  günədək  döyüşməyə and içir...

Elnur Əsədullayev  Vətən müharibəsi başlanan gündən   haqq savaşımıza  atılır. Müqəddəs yurd yerlərini dığalardan  təmizləmək üçün xüsusi  şücaət göstərir.  Dəfələrlə ölüm-dirim  savaşının qalibi olan  igid əsgərin fədakarlığını nəzərə alıb ona gizir rütbəsi   verməklə   tank komandiri seçirlər. Öz tankı ilə Füzuli istiqamətində  gedən döyüşlərdə düşmənin belini qırır. 

Torpaqlarımız qarış-qarış azad olunduqca  qəhrəman Elnur daha da ürəklə döyüşür. Təəssüf ki, 14 oktyabrda  özünü namərd gülləsindən qoruya bilmir.  Canını Vətəninə   qurban etməklə əbədi bir ad qoyur.

Elnur Əsədullayev  ölümündən sonra “Vətənə xidmətə görə”, “Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə” medallarına layiq görülüb. 

Zəfər ORUCOĞLU.