Maraq dünyamız
Maraqlı

Maraq dünyamız

Sirr saxlamalıyıqmı?

Amerikalı alimlər sirr saxlamağı bacarmayan insanları sevindirəcək bir araşdırmaya imza atıblar. Elm adamları sirrin psixi sağlamlığımıza zərər verməklə depressiyaya düşməyimizə səbəb olduğunu söyləyirlər. Ən maraqlısı isə onlar çıxış yolunu sirri kiminləsə bölüşməkdə görürlər.

Kolumbiya Universitetinin alimləri əksər insanların qiymətli bir məlumatı öyrənən kimi nəyə görə onu dərhal kiminləsə bölüşmək arzusunda olduqlarını öyrənməyi qərara alıblar. Mütəxəssislər bu məsələnin əslində insanlara psixoloji baxımdan təsir edərək onların emosional yüklənməsinə gətirib çıxardığını deyirlər. Eksperiment zamanı daha çox qadınların sirr saxlaya bilmədikləri məlum olub. Tədqiqat nəticəsində insanların 97 faizinin həyatının hər anında az da olsa sirr saxladığı və bir adamın ortalama 13 sirrinin olduğu ortaya çıxıb.

Micheal Slepianın rəhbərliyi ilə aparılan araşdırmaların nəticələrinə görə, sirr saxlamaq insanları tək olduqları zaman narahat etməklə onların yorğunluğuna səbəb olur. Ümumilikdə saxlanılan sirlərin adətən seçim qarşısında qalma, şəxsi münasibətlər və xəyanətlə əlaqəli olduğu vurğulanıb.

Alimlər sirr saxlamağın əhvali-ruhiyyəmizə zərər verməklə bunun ümumilikdə həyat keyfiyyətinə neqativ təsir etdiyini söyləyirlər. Elm adamları beyinə dəfələrlə gizli bir dönüş etməklə onu yorduğumuzu bildirirlər. Onlar bu problemin özünəqapanmalara yol açdığını və belə insanların özlərini təcrid olunmuş, yalnız hiss etdiyini qeyd edirlər. Alimlər bu problemdən yaxa qurtarmağın ən asan həllini sirri kiminləsə bölüşməkdə görürlər. Onlar bununla bütün sıxıntılardan qurtula biləcəyimizi deyirlər.

Bunun nə dərəcədə doğru fikir olduğunu demək bir az çətindir. Bizə güvənən insanların etibarını itirmək əhvali-ruhiyyəmizə nə dərəcədə yaxşı təsir edə bilər? Üstəlik həyati əhəmiyyətli bir sirrin nələrə səbəb ola biləcəyi də sual altındadır...

 

Bu həşəratlar xərçəng hüceyrələrini qoxlayaraq tapır

Bu yaxınlarda fransalı alimlər ağlasığmaz bir fakt ortaya çıxarıblar. Belə ki, laboratoriyada ipək qarışqaları kimi də tanınan Formica Fusca növündən olan bu həşəratların qoxu hissi ilə insanlarda xərçəng hüceyrələrini aşkarlaya bildikləri məlum olub.

"Science" jurnalında dərc edilən araşdırmaya görə, Fransa Milli Elmi-Tədqiqat Mərkəzinin alimləri bahalı və çətin müdaxilə üsullarına müraciət etmədən xərçəngi aşkar etmənin daha asan bir yolunu tapıblar. Qarışqalara xüsusi təlim keçən alimlər sınaq zamanı həşəratları ilkin olaraq şirni ilə mükafatlandırıblar. Test edilən qarışqaların yaddaşını yoxlayan tədqiqatçılar təlim keçən həşəratların istiqamətləndirilən qoxunun yanında daha çox zaman keçirdikləri məlum olub. Qarışqaların xərçəng hüceyrələrinə meyilli olduğunu müəyyən edən mütəxəssislər, nəhayət onların bu toxumaları ayırd edə bildiklərini ortaya çıxarıblar.

"İtlər də xərçəng hüceyrələrini tapmaqda bacarıqlıdırlar, lakin onların təlim müddəti daha uzun olur. Bu metodun effektivliyi artıq insanların üzərində aparılan klinik sınaqlardan sonra qiymətləndirilməlidir. İlkin araşdırmamız qarışqaların yüksək qoxubilmə potensiala sahib olması ilə yanaşı, onların sürətli öyrənə bildiyini və bu prosedurun daha az xərclə başa gəldiyini göstərir", - deyə araşdırma rəhbəri bildirib.

Tədqiqatçılar gələcəkdə bu həşəratlardan narkotiklər, partlayıcı maddələr və bir sıra xəstəliklərin aşkarlanmasında istifadə edilə biləcəyini söyləyirlər.

Qarışqalar itlər qədər sevimli olmasalar da, qoxubilmə "istedadları" ən az onlarınkı qədərdir.  

 

Öldükdən sonra bəzi genlərimiz canlanırmış

Bədəndəki bütün orqanların fəaliyyətini dayandırması ölümün ən sadə tərəfidir. Öldükdən sonra nə baş verdiyini bilmək yəqin ki, çoxları üçün maraqlıdır. Alabama Universitetinin alimləri bu mövzu ilə bağlı təsadüfən maraqlı bir kəşfə imza atıblar. Elm adamları uzun müddət "yatmış" genlərimizin öldükdən sonra saatlar və ya hətta günlər ərzində aktivləşə biləcəyini kəşf ediblər.

Gen aktivliyini ölçmək üçün yeni bir üsulu sınaqdan keçirən alimlər ölmüş zebra balığının toxumlarını təhlil edərkən, heyvanın genlərinin təxminən yüzdə birinin fəaliyyətdə olduğunu ortaya çıxarıblar. Gördükləri mənzərə qarşısında heyrətə gələn alimlər, bu təcrübəni siçanların üzərində də həyata keçiriblər. Daha sonra isə ölümündən sonra vücudlarını tibbə bağışlayan insanlardan alınan toxumaları araşdıran alimlər onların həqiqətən də aktivləşdiyinin şahidi olublar.

Gen, DNT-dən hazırlanmış və bədəndə hər şeyi təlimatlandıran kimyəvi təlimatlar toplusudur. Bir gen aktivləşdiyi zaman kimyəvi təlimatlar RNT-miz tərəfindən transkripsiya edilir və hüceyrələrimiz mürəkkəb molekullar yaratmaq üçün kopyalanan ardıcıllığı iskələ kimi istifadə edir.

Alimlər bu kəşfin biz həyatda ikən genlərimizin necə işlədiyini daha yaxşı öyrənməyə və orqan nəqli kimi prosedurların həyata keçirilməsində kömək edə biləcəyini söyləyirlər. Bundan əlavə bəzi genlərin ölümdən 6 saat sonra, bəzilərinin isə 24 saat sonra aktivləşdiyi elm adamlarının diqqətini çəkib. Alimlər bunun məhkəmə tibbi ekspertizalarında daha dəqiq nəticə verə biləcəyini vurğulayıblar.

Bu kəşf tibb üçün yeni imkanlar açsa da, tədqiqatın gündəmə gətirdiyi ən böyük sualın cavabı hələ də tapılmayıb. Öldükdən sonra bəzi genlərimizin nə üçün aktivləşdiyi sirr olaraq qalmaqdadır.

 

İtlər də depressiyaya düşür

Amerikalı alimlər ev itlərinin dörddə birində narahatlıq və depressiya da daxil olmaqla müxtəlif psixi problemlərin əlamətlərinin olduğunu deyirlər. Mütəxəssislər belə hallar baş verdikdə bizə sadiq olan dostlarımızı xoşbəxt edə biləcək bəzi təkliflər irəli sürüblər.

Alimlər bu heyvanların depressiyaya düşdüyünü anlamaq üçün bir neçə məqama diqqət yetirməyimizi söyləyirlər. Onlar belə hallarda itlərdə iştahsızlıq, ətrafdakılara zərərvermə və enerjinin tükənməsi kimi simptomların ortaya çıxa biləcəyini qeyd edirlər. Bundan əlavə mütəxəssislər onlarda əvvəllər həzz aldıqları şeylərə qarşı marağın itməsi, hiperaktivlik və ümidsizliyə qapılma hallarının özünübüruzə verdiyini bildirirlər.

Bu fakt "Guide Dogs" adlı dərnəyin təxminən min nəfərə yaxın heyvan sahibi ilə apardığı sorğu nəticəsində ortaya çıxıb. Heyvan sahibləri onlarda baş verən problemlərin fərqinə vara bilmədiklərini söyləyiblər.

Mütəxəssislər heyvan sahiblərinə itlərini xoşbəxt etmək üçün bəzi tövsiyələr veriblər. Onlar belə hallarda heyvanları gəzintiyə çıxarmağın ən yaxşı çıxış yolu olduğunu söyləyirlər.

Bu fikrə qarşı çıxan "Guide Dogs"un direktoru Dr. Helen Whiteside: "İtlərin xoşbəxt olması üçün onların gündə bir və ya iki dəfə gəzintiyə ehtiyacı olduğunu düşünmək köhnəlmiş fikirdir. Heyvanlar belə hallarda fərqli bir zehni stimullaşdırma formalarına ehtiyac duyurlar. Onları müxtəlif oyunlara cəlb edərək həyatlarında bir neçə dəyişiklik etməklə bu problemin qarşısını almaq olar".

 Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".