Torpaq uğrunda ölən varsa, Vətəndir!
Sosial həyat

Torpaq uğrunda ölən varsa, Vətəndir!

Şəhidlik zirvəsinə yüksəlmiş igidlərimiz unudulmur, daim yad edilir. Vətən müharibəsi şəhidi  Qasımzadə Nicat Höccət oğlu 10 noyabr 2000-ci ildə Biləsuvar rayonunun Zəhmətabad kəndində anadan olub. 2007-2018-ci illərdə şəhid Ənvər Rəhmətov adına kənd tam orta məktəbində təhsil alıb. Nicat  2019-cu il yanvar ayının 3-də həqiqi hərbi xidmətə başlayıb. İlk 3 ay Goranboy rayonunda, daha sonra isə Ağdamda 3 ay artilleriya qoşunlarında xidmətini davam etdirir. Nicat hərbi xidməti dövründə pulemyotçu, daha sonra manqa komandiri olur. Xidmətinin axırıncı 2 ayını isə kiçik çavuş rütbəsi ilə başa vurur və 6 iyul 2020-ci il tarixində tərxis olunur.

Nicat qismən səfərbərlik elan olunanda 2020-ci il sentyabrın 21-də hərbi xidmətə çağırılır. O, müharibə dövründə Füzuli və Cəbrayıl istiqamətində gedən ağır döyüşlərdə iştirak edir. Bir neçə yaralı dostunu xilas edərək ölümdən qurtarır.

Nicat 20 yaşı tamam olacağı gün - 2020-ci il noyabrın 10-da Şuşada ürəyindən aldığı qəlpə yarası nəticəsində qəhrəmancasına şəhid olur. Noyabrın 12-də doğulduğu Zəhmətabad kənd məzarıstanlığında dəfn edilir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin  sərəncamları ilə Nicat Qasımzadə ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə"  və "Cəsur döyüşçü" medalları ilə təltif edilmişdir.

Şəhidin atası Höccət Qasımov oğlunun döyüş yolundan danışır: “Ad günündə şəhidlik zirvəsinə yüksəldi. Oğlumla fəxr edirəm ki Vətən yolunda şəhid olub”.

Anası Asifə Qasımova oğlunun qəhrəmanlığı ilə təsəlli tapır: “Dedi “ana məni Vətən çağırıb, gedəcəm”. Getdi, özüm aparıb yola saldım. Tez-tez danışırdı. Elə deyirdi narahat olma ana. Hər şey yaxşıdır. Qələbə bizimdir ana, Qələbə bizimdir”.

Asifə ana, Höccət ata, oğlunuz Nicat müharibədən qayıtdı... Ancaq Vətənin rəmzi olan üçrəngli bayrağa bürünərək qayıtdı... Özü ilə Siz valideynlərə dünya boyda qürur gətirdi. Ömrün boyu başı dik gəzib fəxr edəcəyiniz bir  müqəddəs ad bağışladı sizlərə - şəhid anası, şəhid atası! Ağlama, şəhid anası! Ağlama, şəhid atası!

Nicatla eyni gündə dünyaya gələn əkiz bacısı Fatimə qardaşının yoxluğuna hələ də inana bilmir. Məqamı ucadır, ayrılığı isə çox çətindir: “O, mənim təkcə qardaşım deyildi, sirdaşım, sinif yoldaşım, parta yoldaşım idi. Həmişə birlikdə gedib gəlirdik. Ayın 9-dan 10-na keçən  gecə mən özümdən asılı olmadan yuxudan oyandım. Özümü bir anlığa pis hiss etdim. Nicata nəisə olacağı gözlərimin qarşısına gəldi. Ağlamağa başladım. Dua etdim ki, Allahım, qardaşıma bir şey olmasın. Bundan bir neçə saat sonra qardaşım Nicat qəhrəmancasına şəhid olur. Atama hadisə ilə bağlı məlumat verilsə də  bizdən gizlədirdi. Ancaq yaralı olduğunu deyirdi. Biz isə axırıncı dəfə tabutuna sarıldıq”.

Bu gün qəhrəman şəhidimizlə təkcə ailə üzvləri yox, bütün xalq qürur duyur. Bəli, bu gün öz qanı, canı bahasına Vətənin müdafiəsi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olan Nicat cəsurluğu ilə düşmənə meydan oxuyaraq şəhidlik zirvəsinə yüksələn igidlərimizdəndir.

Vətən bölünməz-şəhidlər ölməz! İllər keçəcək, bizim kimi gələcək nəsillər də şəhidlərimizi minnətdarlıq hissi ilə yad edəcəklər. Heç kim unudulmur, heç kim yaddan çıxmır.

M.MİRZƏ,

“Respublika”.