Dahiləri bir də belə tanıyaq!
Maraqlı

Dahiləri bir də belə tanıyaq!

İohann Volfqanq Höte

Almaniyanın dövlət xadimi, şairi və dramaturqu Höte tarixdə "100 ən çox öyrənilmiş şəxsiyyətlər" siyahısında olan dahilərdəndir.  Höte  həyatı boyu ağır xəstəliklərdən əziyyət çəkib. Sağlam həyat tərzi sürən dahi  tütün, qəhvə kimi həyatın  "ləzzətli zəhərlərindən" uzaq dururmuş. Tüstü qoxusuna dözə bilməyən Höte sadəcə, siqaret çəkən adamı  görəndə belə xəstələnərdi.  Burnuna tüstü qoxusu gələndə isə  həmin gecə kabuslar görərdi. Soyuq suda üzmək, rəqs etmək, səyahət etməyi və ata minməyi xoşlayan şairin ən çox sevdiyi çiçək  bənövşə idi. Ona görə də, o, hər səyahətə, yaxud gəzintiyə çıxanda özü ilə bu çiçəyin toxumlarından bir çanta götürərdi ki,  onu ətrafdakı uyğun olan  yerlərə səpələsin.

Hötenin sevmədiyi başqa şeylər də vardı: məsələn, itlərin hürməsi və sarımsaq qoxusu ona pis təsir edirdi. Məşhur şairin eynəkli adamlardan isə lap zəhləsi gedərdi. Əsərlərinin çoxunda romantik hisslərini təsvir etməyə çalışan yazar tez-tez xaraktercə  bir-birinin əksi olan qadınlarla qəribə sevgi üçbucağına düşürdü: biri şirin və həlim, ikincisi yetkin və təcrübəli. Deyilənlərə görə,  Hötenin sevdiyi qadınların çoxu onun üçün əlçatmaz olub. Şair tez-tez dostlarının arvadlarına  vurulurmuş. Hətta 74 yaşında ikən dahi hələ 20 yaşı  tamam olmayan və özünün "qızım" adlandırdığı Ulrike fon Leventsova evlənmək təklifi də  edibmiş. Qız isə bu təklifdən imtina edərək, ona rədd cavabı vermişdi.

Şair demək olar ki, bütün həyatı boyu "Faust" əsərinin üzərində işləyib. Bu fikir onun  ağlına  hələ 20 yaşında ikən  gəlibmiş. Faciəvi əsərini  ölümündən bir neçə ay əvvəl bitirən dahi, onu ölümündən sonra nəşr etdirməyi vəsiyyət etmişdi.

Hötenin ən qəribə xüsusiyyəti isə kabinetinə təmiz hava sızmasına imkan verməməsi idi. Ona görə də, şair təmiz havaya zərrə qədər çıxışı olmayan, yalnız hermetik şəkildə bağlanmış otaqda işləyirmiş.  Yelçəkəndən ehtiyat edən dahi yazarın bu qorxusu əbəs yerə deyilmiş. 82 yaşında soyuqdəymədən dünyasını dəyişən şairin son sözləri belə olub: "Xahiş edirəm, pəncərəni bağlayın".

 

VII Kleopatra

Zəngin və rəngarəng həyat yaşayan Misirin son kraliçası Kleopatra bəşər tarixinin ən nüfuzlu və güclü qadınlarından biri olub. Onun həyatı, "sevgi"ləri və faciəvi şəkildə ölümü bu günə qədər də tam olaraq  öyrənilməyib. Onun obrazı tarix boyu sirlərlə bəzədilib. Lakin buna baxmayaraq, qədim və müasir tarixçilər eyni fikrə gəlirlər: Misir kraliçası ağıllı, hökmlü, cazibədar, cəsarətli bir qadın idi. Bütün bunlarla  bərabər  o, fəlsəfə üzrə, ölçü vahidləri, sikkə sistemi, saç düzümləri, kosmetologiya haqqında bir sıra kitabların müəllifi olub. Həmçinin ərəb dili də daxil olmaqla yeddi  dildə ustalıqla danışmağı bacaran  Kleopatraya poliqlot da demək olardı.

Misirin iddialı kraliçası tarixdə daha çox Yuli Sezar və Roma sərkərdəsi Mark Antoni ilə yaşadığı sevgi tarixçəsilə məşhurlaşıb. Məhz bununla da, Misirə 20 illik müstəqillik təmin edə bilmişdi.

Deyilənlərə görə, Kleopatranın bədxərcliyinin həddi-hüdudu,  sərvətlərinin isə ucu-bucağı olmayıb. Onun bir kokteyl üçün xərclədiyi məbləğ indiki pulla 16 milyon dollardan çox olubmuş. Məhz buna görə də qədim kimyaçılar onun fəlsəfə daşına sahib olduğunu və metalları qızıla çevirdiyini düşünürdülər. Kraliça bütün zəhərli maddələri yığır və zindana düşərək məhkumların üzərində müxtəlif tədqiqatlar aparırdı.

Əslində Misir kraliçası görünüşünə görə o qədər də gözəl deyilmiş. 

Bəzi tədqiqatçılar  onun cəlbedici və gözəl olmadığını söyləyirlər. Faktlara əsasən onun böyük burnu, dar çənəsi varmış. Üstəlik kök olduğu da söylənilir. Aydındır ki, yalnız zəkasının və təbii cazibəsinin sayəsində güclü cinsin nümayəndələrini heyran edə bilib.

Tarixi faktlara görə, Kleopatra Oktaviana məğlub olduğunu və onun Romanın ilk imperatoru olacağını bildikdən sonra ilan zəhəri ilə özünü zəhərləyib. Onun zəhəri içən kimi anidən öldüyü deyilir. Lakin araşdırmalara görə istifadə edilən ilan zəhəri insanı yalnız bir neçə saatdan sonra öldürə bilər. Digər versiyaya görə isə kraliçanın içi boş  olan saç sancağında hər zaman zəhər gəzdirdiyi söylənilir. Məhz bu zəhəri Kleopatra və onun iki qulluqçusu kiçik dozada qəbul edirlərmiş.

 

Aleksandr Sergeyeviç Puşkin

Dahi rus şairi Aleksandr Sergeyeviç  Puşkin xaraktercə çox çılğın və emosional  bir insan olub. Təsadüfi deyil ki, onun həyatı bir çox hadisələrlə zəngindir. Məhəbbət və mübarizə bu hadisələrin əsas qaynağı idi. Puşkin  rəsmlərdə qara, qıvrım gur saçlarla təsvir olunsa da, əslində  o,   həmişə gursaçlı olmayıb. Çünki keçirdiyi ağır xəstəlikdən sonra 19 yaşlı Puşkinin başı keçəl qırxılır. Və o bir müddət parik geyməli olur. O keçəlliyindən nəinki utanmır, hətta bir dəfə Bolşoy teatrda tamaşa zamanı parikini çıxarıb səs-küy salaraq tamaşaçıları güldürübmüş. Ömrünün sonlarında isə şairin başı əməlli-başlı dazlaşmağa başlamış, əvvəlki gur saçlarından heç bir əlamət qalmamışdı. Cəmi 166 santimetr boyu olmasına baxmayaraq, şair  gözəl qamətə sahib idi və bu, ona düzgün geyinməklə boy qüsurunu gizlətməyə imkan verirdi. Tərəf müqabili ilə birgə iştirak etməli olduğu ballar və ictimai tədbirlər zamanı Puşkin həyat yoldaşı Natalya Qonçarovadan uzaq durmağa çalışsa da, onların boy fərqi bilinirdi. Lakin buna baxmayaraq, Puşkin qadınlar tərəfindən həmişə sevilib.

Hələ uşaqlıqdan yaramaz və fitnəkar olan Puşkin zarafatları çox sevirmiş. Onun zarafatları bəzən təhlükə də doğurub. Belə ki, hələ 4 yaşında etdiyi bir zarafat nəticəsində az qala imperator atı onu tapdalayacaqmış. Zaman keçsə də, Puşkinin bu xarakteri dəyişmədi. O, həmişə qarışıq oyunları və zarafatları sevirdi. Rus poeziyasının dahisi qumar oyunlarının, xüsusən də kart oyunlarının aludəçisi idi. Puşkin kart masasında həmişə şanslı olmayıb, buna görə də qısa ömrünün çox hissəsini maddi ehtiyac içində yaşayıb. Ölümündən sonra Puşkinin qalan borclarını imperator I Nikolay ödəyibmiş.

Puşkin tarixdə daha çox duellərilə   məşhurlaşıb.  Çox gözəl qılınc oynatmaqla bərabər, o tapançadan da əla atəş açardı. Gəzinti zamanı həmişə özü ilə ağır bir ağac parçası götürər və onunla qılıncoynatma məşqi edərmiş. 21 dəfə duelə çıxan şairin onlardan 15-nin təşəbbüsçüsü özü olmuşdu. Bu duellərdən yalnız 4-ü baş tutsa da, qalanları dostlarının səyi nəticəsində  barışla yekunlaşmışdı. O, hətta dostu və əmisini də duelə çağırmışdı. Puşkinin son dueli  isə xanımına  gözü düşən Jorj Danteslə olur. Və bu dueldən sonra şair həyatla vidalaşır.

  Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".