Sağlam həyat
Maraqlı

Sağlam həyat

Ramazan ayında nələrə diqqət etməliyik?

On bir ayın sultanı Ramazan ayının başlanması ilə  əlaqədar vücudumuz da  yeni bir qidalanma rejiminə keçir. Oruc ruhumuzu və mənəviyyatımızı bəsləsə də, düz qidalanmadığımız təqdirdə sağlamlıqla əlaqəli ortaya qəbizlik, baş ağrısı, qanda şəkər balansının pozulması, susuzluq, həzmsizlik, şişkinlik kimi bir sıra problemlər çıxa bilər. Bəs bunların  heç birini yaşamadan bu müqəddəs ayı sevinc və hüzurla necə  keçirmək olar?

İnsanların çoxu oruc tutarkən sahura qalxmağa laqeyd yanaşsa da,  qida mütəxəssisləri bu  ayı problemsiz keçirmək üçün sahurda yeməyin çox böyük əhəmiyyət kəsb etdiyini vurğulayırlar. Onlar bunun bəzi insanlar üçün  çətin olmasına baxmayaraq, uzun müddət aclığın maddələr mübadiləsinin pozulmasına  yol aça biləcəyini söyləyirlər. Bu mənada sahurda gündəlik istehlak edilməli olan maye balansını tənzimləməklə maddələr mübadiləsinin ləngiməsi və immunitetin aşağı düşməsinin qarşısını almaq  mümkündür.

Mütəxəssislər, həmçinin sahurda üstünlük verilən qidalara da diqqət yetirməyin  vacibliyini vurğulayıblar. Onlar bütün günü orqanizmin qida və su balansını tarazlaya bilmək üçün daha çox maye qəbul etmənin önəmli olduğunu və yumurta, pendir kimi zülal tərkibli qidaların uzun müddət tox saxladığını söyləyirlər. Buna baxmayaraq, çox susamamaq üçün  duzlu pendir və zeytundan çəkinmək diqqət yetirməli olan məqamlar arasındadır. Mütəxəssislər duzsuz, qovrulmuş çərəzlərin də sahur üçün  doğru  seçimlərdən biri olduğunu deyirlər.  Mümkünsə, mayalı çörəklərdən və  xəmir xörəklərindən uzaq durmaq, bunun yerinə toxluq müddətini uzada biləcək tam taxıllı məhsullar tövsiyə edilir.

İftardan sonra həzm problemləri yaşamamaq üçün qidanın çox çeynənilməsi, yeməyə şorba ilə başlayıb 10 dəqiqədən sonra növbəti yeməyə keçmək məsləhət görülür. Həzm sistemi və metobolizmi sürətləndirmək üçün  yeməkdən sonra gəzintinin önəmli olduğu qeyd edilib. Həzmlə bağlı yarana biləcək problemlərin qarşısını almaq üçün isə zeytunyağlı salat, meyvə və tərəvəzlərə üstünlük verməyin  vacib olduğu qeyd edilir. Qida mütəxəssisləri iftardan sonra 2 litr su içməyin ən əsas məqamlardan biri olduğunu vurğulayıblar. Qəbizliyin qarşısını almaq üçün qatıq, ayran, kefir kimi probiotik qidalara üstünlük vermək tövsiyə olunur.

 

Bu meyvə infarkt riskini azaldır

Amerika Ürək Dərnəyinin yayımladığı araşdırmada avakadonun faydaları xüsusilə diqqət çəkib. Elm adamları yağ, pendir, yaxud emal edilmiş ət məhsulları yerinə avakado istehlakının həm kişilərdə, həm də qadınlarda infarkt riskini azaltdığını söyləyirlər.

ABŞ-da aparılan araşdırma zamanı həftədə bir dəfə avakado istehlakının ürək-damar xəstəliklərinə  müsbət təsiri ortaya çıxıb. Sınaqlara cəlb edilmiş 110 mindən çox iştirakçı arasında həftədə bir dəfə avakado istehlak edənlərin yeməyənlərə nisbətən infarkt riskinin 21 faiz az olduğu müəyyən edilib. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ürək-damar xəstəlikləri bütün dünyada ölümün əsas səbəblərindən biridir və hər il təxminən 18 milyon insanın həyatına son qoyur.

Bir bütöv avakado sağlam qidalanma proqramına görə 2 pay yağlı meyvə kimi hesab edilir. Araşdırmadan bəhs edən Harvard Qidalanma Departamentinin tədqiqatçısı Lorena Pacheco  bu meyvənin  bir payının  təxminən 80 qram ağırlığında olduğunu  bildirib.

Tərkibində  dəmir, sink, fosfor kimi mühüm maddələrlə yanaşı, az şəkər olduğundan  arıqlamaq istəyənlərə tövsiyə edilən avakado yüksək lif baxımından da probiotik təsirə malikdir. Bu gün tez-tez rast gəlinən xolesterol problemi ilə bağlı araşdırmalar bu meyvənin  istehlakının  faydalı olacağını göstərir.

"Heç bir qida müntəzəm olaraq sağlam pəhrizin həlli olmasa da, bu araşdırma avakadonun sağlamlıq üçün faydalı olduğunun sübutudur", - deyə tədqiqatda iştirak edən Cheryl Anderson bildirib.

İnformasiya "Mediacalxpress" veb saytında yayımlanıb. 

 

Elm təsdiq etdi: musiqi ruhun qidasıdır!

Musiqi dünyaya gəldiyimiz ilk çağlardan etibarən həyatımızda böyük rol oynayır. O, bizim əhvali-ruhiyyəmizə birbaşa təsir edir. Stress, depressiya, psixi sarsıntı yaşadığımız məqamlarda köməyimizə  yenə musiqi çatır. Onun beyinə təsirlərini araşdıran alimlər 26 tədqiqat işini  təhlil edərək,   beyin üçün faydalı olmaqla yanaşı, musiqinin  həyat keyfiyyətimizin də yaxşılaşmasında böyük əhəmiyyət kəsb etdiyi  qənaətinə gəliblər.

İnsanların böyük bir qismi özünü musiqisiz təsəvvür edə bilmir, ictimai nəqliyyatda, ev işləri görərkən adətən  musiqiyə müraciət edirlər. Elm adamları  həyatında musiqiyə vərdiş edən belə insanların ruhi sağlamlığının digərlərinə nisbətdə  daha yaxşı olduğunu söyləyirlər. Amerikalı elm adamları bu nəticəyə öz ölkələri də daxil olmaqla, Avstraliya və İngiltərədə musiqinin psixi sağlamlığa təsiri ilə  bağlı aparılmış 26 elmi araşdırmanın təhlilindən sonra gəliblər.

26 araşdırmadan 7-si musiqi terapiyası, 10-u musiqini dinləmə, 9-u  isə mahnı oxumağın psixi sağlamlığa təsiri  ilə bağlı olub. Təhlil nəticəsində müəyyən edilib ki, mahnı ifa etmək və ya dinləmək həyat keyfiyyətini artırır və arıqlamaq, idman etmək qədər ruha faydalı təsir edir. Tədqiqatçılar musiqinin klinik sınaqlarda və ictimai sağlamlıq sahələrində necə istifadə oluna biləcəyini anlamaq üçün daha çox araşdırmaya ehtiyac olduğunu qeyd ediblər.

İştirakçılar üzərində aparılan  araşdırmaların nəticələri  mahnı oxumaq və ya dinləməklə  musiqi alətində ifa etməyin insanlara təsirinin müsbət mənada olduqca oxşar olduğunu göstərir. Mütəxəssislər, həmçinin qeyd edir ki, hər bir insanın musiqiyə olan  reaksiyası fərdidir.

"Bir çoxumuz əməliyyat keçirdiyimiz, səhhətimizlə bağlı problemlər yaşadığımız zaman musiqinin nə qədər böyük təsir göstərə biləcəyini şəxsi təcrübəmizdən bilirik. Ümumiyyətlə, bir az çətinə düşən kimi musiqiyə müraciət edirik. Musiqi əsl möcüzədir", - deyə Avstraliya Milli Universitetinin musiqişünaslıq üzrə dosenti Kim Cunio qeyd edib.

Analizin nəticələri "Journal of the American Medical Association Network Open" akademik jurnalında dərc edilib.

 

Bəzilərimiz niyə daha çox yeyirik?

Yemək həyatın ən böyük zövqlərindən biri olsa belə,  həddindən artıq yemək də problemdir. Bu yaxınlarda amerikalı alimlər bəzi insanların digərlərinə nisbətdə  nə üçün daha çox qidalanmağa meyilli olduğunu araşdırıblar.

Vaşinqton Universitetinin Tibb fakültəsinin Stuber laboratoriyasının tədqiqatçıları şişman siçanlarda müəyyən hüceyrələrin aktivləşərək toxluq hissini göstərən siqnalları blokladığını aşkar etmişdilər. İndi  isə onlar  bu hüceyrələrin oynadığı rolu  daha dərindən araşdırıblar. "Neuron" jurnalında dərc edilən araşdırmada siçanlarda glutamaterjik neyronların funksiyasından bəhs olunub. Bu hüceyrələr beynin lateral hipotalmik bölgəsində, qidalanma da daxil olmaqla, motivasiyalı davranışı tənzimləyən mərkəzdə yerləşir. Mütəxəssislər bu neyronların iki fərqli beyin bölgəsi  ilə əlaqə qurduğunu kəşf ediblər. Bu bölgələr depressiyanın patofiziologiyasında mühüm  rol oynayan beyinin  lateral hissəni əhatə edir.

"Biz bu hüceyrələrin monolit qrup olmadığını və müxtəlif hüceyrələrin buna təsir etdiyini kəşf etdik," - deyə anesteziologiya və farmokologiya üzrə  professor Stuber bildirib.

Tədqiqat qidalanma nizamsızlığı ilə əlaqədar beyin bölgələrini daha yaxşı başa düşmək üçün atılan yeni bir addımdır. Araşdırmanın nəticələrində, həmçinin qidalanmaya nəzarət edən beyin bölgələrinin qismən narkotik aslılığı ilə əlaqəli bölgələrlə də üst-üstə düşdüyü bildirilib.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".