DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

VOLODİMİR ZELENSKİ: NATO BİZİ QƏBUL ETMƏK İSTƏMİR

Ukraynada müharibənin bitmə vaxtını proqnozlaşdırmaq çətindir və bu, “dərin, ağrılı məsələdir”, lakin xalq qələbədən başqa heç bir nəticəni qəbul etməyəcək. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu “Fox News” telekanalına müsahibəsində Ukrayna prezidenti Volodimir Zelenski bəyan edib.

Məlumata əsasən, aparıcının prezidentin sülh sazişinin imzalanması naminə Rusiyaya ərazi güzəştlərinə hazır olub-olmaması ilə bağlı sualını cavablandıran Zelenski bunun baş verməyəcəyini deyib. “Biz ərazimizlə alış-veriş etmirik. Ərazi bütövlüyü və suverenlik məsələsi müzakirə olunmur”, -  deyə vurğulayıb.

Bununla yanaşı, Volodimir Zelenski qeyd edib ki, Ukrayna dünyanın aparıcı ölkələrindən dövlətin təhlükəsizliyinin müqavilə ilə qorunacağına dair öhdəliklər gözləyir. O, həmçinin Ukraynanın NATO-ya faydalı əlavə olacağına dair əminliyini təsdiqləyib.

“NATO haqqında danışmaq bizim üçün çətindir, çünki NATO bizi qəbul etmək istəmir. Məncə, bu səhvdir, çünki NATO-ya daxil olsaq, alyansı daha da gücləndirəcəyik. Zəif dövlət deyilik. NATO hesabına güclənməyi təklif etmirik. Biz əlavəyik, biz lokomotivik”, - deyə dövlət başçısı bildirib.

 

ABŞ-IN MƏRKƏZİ KOMANDANLIĞININ RƏHBƏRI DƏYİŞİB

ABŞ-ın 2019-cu ildən bəri Yaxın Şərq üzrə Mərkəzi Komandanlığına rəhbərlik etmiş general Kennet Makkenzi komandanlığın qərargahında keçirilən mərasimdə postunu general Maykl Erik Kurillaya təhvil verərək təqaüdə çıxıb. Bu barədə “Teleqraf.com” məlumat yayıb.

Verilən xəbərə əsasən, Makkenzinin fəaliyyəti dövründə İŞİD terror təşkilatının liderləri Əbu Bəkr əl-Bağdadi və Əbu İbrahim əl-Haşimi əl-Qureyşi ilə yanaşı, İran ordusunun generalı Qasım Süleymani xüsusi əməliyyatlarda öldürülüb.

Eyni zamanda, ABŞ ordusunun Əfqanıstandakı müharibəsini bitirməsi və bu ölkədən çıxarılması prosesinə də Makkenzi rəhbərlik edib. Qeyd edək ki, Kennet Makkenzi Mərkəzi Komandanlığının rəhbəri postuna gətirilməzdən əvvəl ABŞ Silahlı Qüvvələrinin baş qərargah rəisi olub.

 

TÜRKİYƏNIN DÖRD ŞƏHƏRINDƏ MEŞƏ YANĞINLARI BAŞ VERİB

Türkiyənin Bursa, İzmir, Bilecik və Çanaqqala şəhərlərinin ayrı-ayrı ərazilərində meşə yanğınları baş verib. “Report”un verdiyi xəbərə görə, bu barədə “Haber Global” telekanalı məlumat yayıb.

Bildirilir ki, yanğınlardan dördü nəzarət altına alınıb. Bursanın Osmanqazi rayonunda Karaislah və Soğukpınar arasındakı şam meşələrindəki yanğının nəzarət altına alınması istiqamətində işlər görülür. Karaislahda yanğın üç ərazidə davam edir. Məlumata görə, yanğın 50-60 hektar ərazini əhatə edib.

Bununla yanaşı, Çanaqqalanın Bayramiç rayonunda başlayan yanğın güclü küləyin təsiri ilə geniş əraziyə yayılıb. Hazırda yanğının söndürülməsi işləri davam etdirilir. Təbii hadisə Toluklar və Dağobası kəndləri arasındakı əkinçilik sahəsində başlayıb. Hazırda yanğını söndürmək üçün işlər davam etdirilir.

İzmirdə isə meşə yanğını Çeşme rayonunda baş verib. Yanğın meşə təsərrüfatı işçilərinin və yanğınsöndürənlərin müdaxiləsi ilə saat yarım sonra nəzarətə götürülüb və lokallaşdırılıb.

 

İRAQ NEFT İXRACINDAN GƏLİRLƏR ÜZRƏ REKORDA İMZA ATIB

İraq mart ayında 1972-ci ildən bəri neft ixracından 11,07 milyard dollar xalis mənfəətlə  ən yüksək gəlir əldə edib. “Trend” agentliyinin məlumatına görə, bu barədə ölkənin Neft Nazirliyinə istinadən “Shafaq news” portalı xəbər yayıb.

Portalın məlumatına görə, İraq mart ayında 101 milyon barreldən artıq neft ixrac edib. İxrac edilən neftin əhəmiyyətli hissəsi ölkənin mərkəzi və cənub bölgələrindəki yataqlardan (təxminən 99 milyon barrel), 1 milyon barreldən çoxu isə Kərkük əyalətindəki yataqlardan əldə edilib.

Bununla yanaşı, statistikaya əsasən, İraq gündə təxminən 3,244 milyon barrel neft hasil edib və İraqın ixrac etdiyi neftin orta qiyməti bir barrel üçün 110 dollar olub.

 

BELARUS VƏ RUSİYA ARASINDA İNTEQRASİYA GENIŞLƏNDİRİLIR

Belarus və Rusiya ittifaq quruculuğunda böyük addım atıblar, lakin sanksiyalardan daha güclü olmaq üçün inteqrasiyanı genişləndirirlər. “APA”nın verdiyi xəbərə görə, bunu Belarus prezidenti Aleksandr Lukaşenko aprelin 2-də xalqların birliyi günü münasibətilə belarusları və rusları təbrik edərkən bəyan edib.

“Sanksiyalardan daha güclü olmaq üçün biz Belarus və Rusiya arasında inteqrasiyanı genişləndirir və dərinləşdiririk. İrəliyə böyük bir addım atılıb - genişmiqyaslı müttəfiq proqramlar paketi qəbul edilib, demək olar ki, qardaş xalqlar arasında bərabər iqtisadi və ticarət şəraiti təmin edilib”, - deyə Belarus prezidenti vurğulayıb.

Eyni zamanda, Aleksandr Lukaşenko qeyd edib ki, bu bayram iki xalqın sarsılmaz qardaşlığını simvollaşdırır. Onun sözlərinə görə, “azadlıqsevər belaruslar və ruslar, onların möhkəmliyi və quruculuq səyləri ittifaq dövlətini digər xalqlar üçün nümunəyə çevirir”.

 

RƏSMİ PEKİNDƏN UKRAYNA İLƏ BAĞLI YENİ AÇIQLAMA

Ukraynadakı vəziyyət Çinin digər ölkələrlə, o cümlədən Rusiya ilə ticarət əlaqələrinə təsir edə bilməz. “Teleqraf.com”un verdiyi xəbərə görə, bunu Çin Xarici İşlər Nazirliyinin Avropa departamentinin direktoru Van Lutun Çin və Avropa İttifaqı liderlərinin aprelin 1-də keçirilən sammitini şərh edərkən bildirib.

“Biz ABŞ və Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalardan yan keçmək üçün qəsdən heç nə etməyəcəyik. Siz bizim mövqeyimizi bilirsiniz, biz sanksiyalara qarşıyıq. Çin Ukraynadakı münaqişənin tərəfi deyil və bu hadisənin bizim digər ölkələrlə normal ticarətimizə təsir edəcəyinə inanmırıq”, - deyə departamentin direktoru bildirib.

Van Lutun həmçinin Qərb dövlətlərinin Rusiya ilə iqtisadi əməkdaşlıqdan tam imtina etmədiyini vurğulayıb. O deyib: “Hətta Avropa Rusiya ilə normal biznes aparır, siz Rusiya ilə bütün ticarətinizi dayandırmamısınız və bizim Moskva ilə adi ticarət əməkdaşlığımıza toxunulmamalıdır”.

Bununla yanaşı, Van Lutunun sözlərinə görə, Çində məşğulluq və həyat səviyyəsi digər ölkələrlə, o cümlədən Rusiya ilə normal ticarətdən də asılıdır.

 

MİXEİL SAAKAŞVİLİNİN ŞİKAYƏTİ QƏBUL EDİLMƏYİB

Avropa İnsan Hüquqları Məhkəməsi Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin penitensiar sistemdən şikayətini baxılan işlərin siyahısından çıxarıb. “Report” agentliyinin yerli bürosunun verdiyi xəbərə görə, bu barədə Gürcüstanın ədliyyə nazirinin müavini Beka Dzamaşvili keçirdiyi brifinqdə bildirib.

Nazir müavininin sözlərinə görə, məhkəmənin rəyinə əsasən, insan hüquqlarının müdafiəsi baxımından şikayətə baxılmanı tələb edən xüsusi hal yoxdur. “Bu qərar bir daha təsdiqləyir ki, penitensiar müəssisədə Mixeil Saakaşvili ilə rəftar və onun müalicəsi Avropa Məhkəməsinin müəyyən etdiyi standartlara tam uyğundur, onun hüquq və maraqları tam qorunur”, - deyə Beka Dzamaşvili əlavə edib.

Qeyd edək ki, M.Saakaşvili Avropa İnsan Hüquqları Məhkəməsinə etdiyi şikayətdə penitensiar müəssisədə onunla pis rəftar edildiyini və düzgün müalicə olunmadığını iddia edirdi.

Xatırladaq ki, sabiq dövlət başçısı ötən il sentyabrın 28-də Gürcüstana qeyri-qanuni yolla daxil olub və oktyabrın 1-də Tbilisidə həbs edilib. Eks-prezident hazırda Rustavi şəhərindəki 12 saylı həbsxanada saxlanılır.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.