DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ZELENSKİ PUTİNLƏ GÖRÜŞ ÜÇÜN ŞƏRTLƏRİNİ AÇIQLAYIB

Ukrayna prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə görüşün əsas şərtlərini açıqlayıb. Bu barədə “Report” agentliyinin verdiyi xəbərə görə, “The Guardian” nəşrinə istinadən məlumat yayıb.

V.Zelenski qeyd edib ki, bunun üçün ilk növbədə tam atəşkəsə nail olmaq lazımdır. “Baş verənlərdən sonra Rusiya ilə hansısa danışıqları necə apara biləcəyimizi söyləmək çətindir. Lakin bir prezident kimi mən bunu etməliyəm”, - deyə prezident vurğulayıb.

Ukrayna dövlət başçısının sözlərinə görə, bu gün yüz minlərlə insanın ölümünün qarşısını almaq və müharibəni dayandırmaq üçün dialoqdan başqa yol yoxdur.

“Yüz minlərlə, milyonlarla insanın ölməsini istəmiriksə, dialoqdan başqa yol yoxdur, lakin atəş davam etdiyi bir vaxtda buna hazır ola bilmirəm. Ona görə də, əvvəlcə atəş dayandırılmalıdır. Yalnız bu zaman görüş keçirə bilərik”, - deyə Zelenski əlavə edib.

 

ŞRİ-LANKADA BÜTÜN NAZİRLƏR İSTEFA VERİB

Şri-Lanka hökumətinin bütün nazirləri ölkədə  baş verən iqtisadi böhranla bağlı davam edən genişmiqyaslı etirazlar fonunda istefa vermək qərarına gəliblər. “APA”nın verdiyi xəbərə görə, bu barədə “Ada Derana” portalı parlament rəhbəri Dineş Qunavardenaya istinadən məlumat yayıb.

Bildirilir ki, nazirlər artıq istefalarını baş nazir Mahinda Rajapaksa təqdim ediblər. Yekun qərar baş nazirin prezident Qotabay Rajapaksa ilə müzakirəsindən sonra veriləcək.

Eyni zamanda, portalın mənbələri ölkənin baş nazirinin istefa vermək niyyətində olduğu məlumatını təkzib ediblər.

Qeyd edək ki, Şri-Lanka prezidenti etirazlar fonunda ölkədə fövqəladə vəziyyət elan edib. Hakimiyyət ada ölkəsində komendant saatı tətbiq edərək, bütün sosial şəbəkələrə girişi məhdudlaşdırıb.

21 milyon əhalisi olan Şri Lankanın 1948-ci ildən bəri ən ağır iqtisadi böhranla mübarizə apardığı bildirilir.

 

ŞƏHƏR MERİ: MARİUPOLDA İNFRASTRUKTURUN 90 FAİZİ DAĞIDILIB

Hazırda Mariupol şəhərinin mövcud infrastrukturunun 90 faizi dağıdılıb, onun 40 faizi isə bərpa oluna bilməz. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu şəhər meri Vadim Boyçenko mətbuat konfransında bildirib.

“Bu gün humanitar fəlakət həddindəyik. Şəhər bir aydan çoxdur işıq, su, qaz, ərzaq,  və dərman preparatlarına həsrət qalıb”, - deyə şəhər başçısı vurğulayıb.

Mer Mariupola gələn bütün humanitar yüklərin Rusiya hərbçiləri tərəfindən əngəlləndiyini də qeyd edib. Onun sözlərinə görə, şəhər sakinlərinin təxliyəsi üçün göndərilən avtobusların heç biri gəlib çıxmayıb.

“Hazırda şəhərdə 100 mindən çox əhali təxliyə olunmalıdır. Bunun üçün hər şey edirik, lakin mümkün deyil”, - deyə Mariupol meri əlavə edib. V.Boyçenko həmçinin şəhərdə qalan sakinləri təxliyyə etmək üçün dünya birliyini birgə səy göstərməyə çağırıb.

 

İLON MASK “TWITTER”IN SƏHMLƏRİNİN BIR HISSƏSINI SATIN ALIB

“Tesla” və “SpaceX” şirkətlərinin təsisçisi İlon Mask “Twitter” sosial şəbəkəsinin 9,2 faiz səhmlərini satın alıb. “Trend” agentliyinin məlumatına görə, bu barədə ABŞ-ın Qiymətli Kağızlar üzrə Komissiyasının saytında bildirilir.

Verilən xəbərə əsasən, İlon Mask şirkətin 2,9 milyard dollar dəyərində 73,5 milyona yaxın səhmlərini əldə edib. Bu xəbərdən sonra birjalarda “Twitter” in səhmləri 28 faiz bahalaşıb.

Məlumat üçün qeyd edək ki, “Twitter”də 80 milyondan çox oxucusu olan İlon Mask bir müddət əvvəl yeni sosial şəbəkə yaratmaq niyyətində olduğunu açıqlamışdı.

 

SERBİYA PREZİDENTİ GƏLƏCƏK SİYASİ KURSUNU BƏYAN EDİB

Serbiya prezidenti Aleksandar Vuçiç ölkəsinin Avropa İttifaqına (Aİ) daxil olmaq istiqamətindəki kursunu davam etdirəcəyini, həmçinin ənənəvi dostları ilə münasibətlərini qoruyacağını bildirib. Bu barədə “Report” agentliyi məlumat yayıb.

“Əminəm ki, qarşıda çoxsaylı çağırışlarımız var, lakin Serbiya üçün ən vacibi regionda yaxşı münasibətlərə malik olmaq, digər tərəfdən Avropa yolunu davam etdirmək, eyni zamanda ənənəvi dostlar ilə əlaqələrini pozmamaqdır”, - deyə prezident vurğulayıb.

Aprelin 3-də keçirilmiş prezident seçkilərinin birinci turunda qələbə qazandığını bildirən Aleksandar Vuçiç ölkəsinin heç bir hərbi bloka qoşulmayacağını və hərbi neytrallığı davam etdirəcəyini diqqətə çatdırıb.

“Avropalılar, rusiyalılar və amerikalılar üçün vacib olan odur ki, biz böyük dəstək almış hərbi neytrallıq siyasətini davam etdirəcəyik”, - deyə Vuçiç prezident seçkilərində qələbədən sonra keçirdiyi mətbuat konfransında bəyan edib.

 

ÇİNDƏ KORONAVİRUS ŞTAMMININ YENİ ALT NÖVÜ MÜƏYYƏN EDİLİB

Çində koronavirusun “omikron” ştammının yeni alt növü müəyyən edilib. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə “Bloomberg” nəşri məlumat yayıb.

Bildirilir ki, son sutka ərzində “COVID-19”a yeni yoluxma hallarının arasında “omikron” ştammının yeni alt növü də var.

Məlumata əsasən, yeni alt növ BA.1.1 “omikron” ştammının qoludur və əvvəllər müəyyən edilmiş digər koronavirus variantlarına uyğun gəlmir.

Qeyd edək ki, Çinin Şanxay şəhərində COVID-19 pandemiyasının başlanmasından indiyədək ən sərt məhdudiyyətlər tətbiq edilir.

 

DÖRD QONŞU ÖLKƏ RUSİYA VƏ BELARUSLA SƏRHƏDLƏRİNİ BAĞLAYIR

Polşa, Latviya, Litva və Estoniya quru sərhədlərini Rusiya və Belarusa bağlayır. “Report”un verdiyi xəbərə görə, bu barədə Ukrayna infrastruktur nazirinin müavini Mustafa Naim bildirib.

Məlumata görə, Polşa, Latviya, Litva və Estoniya yaxın 48-72 saat ərzində Rusiya və Belarusa məxsus yük maşınları üçün quru yolları tamamilə bağlayacaq, bununla da Rusiyanın tam təcridi həyata keçəcək.

“Ötən həftə biz rəsmi şəkildə Rusiya və Belarusun istənilən avtomobil yollarının bağlanması ilə bağlı müraciət etmişdik. Müraciətimizə dərhal reaksiya verilib. Yekun nəticəni gözləyirik”, - deyə nazir müavini qeyd edib.

Xatırladaq ki, Ukraynadakı müharibədən sonra Avropa İttifaqı hava məkanını Rusiya təyyarələri üçün bağlayıb. Bununla belə,  hazırda Rusiyaya daşınmalar quru yolu ilə gerçəkləşdirilir.

 

FRANSADA 75 İLİN REKORD ŞAXTASI

Fransada aprelin 4-ə keçən gecə ölkə ərazisində aprel ayı üçün son 75 ilin rekord şaxtası qeydə alınıb. “Trend”in verdiyi xəbərə görə, bu barədə ölkənin Meteorologiya Xidməti məlumat yayıb.

Qeyd olunur ki, Marna departamentinin Murmelon-le-Qran şəhərində 9,3 dərəcə şaxta, Nyevr departamentinin Never şəhərində isə 7 dərəcə şaxta qeydə alınıb.

Eyni zamanda, Fransanın şərqindəki Nansi, Kolmar və Sent-Etyen şəhərlərində temperatur mənfi 6 dərəcəyədək enib.

Məlumat üçün qeyd edək ki, bu göstəricilər Fransada meteoroloji müşahidələrin başladığı 1947-ci ildən bəri aprel ayı üçün ən aşağı temperatur kimi qeydə alınıb.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.