Dahiləri bir də belə tanıyaq!
Maraqlı

Dahiləri bir də belə tanıyaq!

Ziqmund Freyd

Ziqmund Freyd yalnız psixoanaliz, psixiatriya və nevralgiyanın qurucusu deyil, həm də qeyri-adi xüsusiyyətləri ilə fərqlənən şəxsiyyətlərdəndir.  Psixoanalizin “atası” bir sıra fobiyaları və son dərəcə mənfi vərdişləri olan qəribə bir adam idi. Onun ən böyük fobiyası  6 və 2 rəqəminə qarşı olub. Nədənsə o, bu rəqəmlərdən qaçar, 62 otağı olan mehmanxanalarda qalmaz, 1862-ci ildə doğulmuş adamlardan isə qorxardı. Alimin digər bir qorxusu isə odlu silaha qarşı idi. O özünün silahdan qorxmasını emosional baxımdan yetərincə inkişaf etməməsi ilə əlaqələndirirdi. Amma insan psixologiyasının bilicisi daha çox qatara nifrət edirdi. Ona görə də heç zaman dəmir yolundan nəqliyyat vasitəsi kimi istifadə etməzdi.

Psixoloqun daha bir özünəməxsus cəhəti adamlarla göz təmasından çəkinməsi idi. Məhz buna görə  də yanına seansa gələn pasiyentlərindən taxtın üzərinə uzanmağı rica edər, özü isə onların arxasında dayanardı. Deyilənlərə görə, ilk vaxtlar Freyd xəstələrini müalicə etmək üçün hipnozdan da istifadə edirmiş. Yeri gəlmişkən, psixiatrın  seanslarında “Topsy” adlı köpəyi də iştirak edirdi. Alim onu praktik olaraq köməkçisi sayırdı. “İnsanlardan daha çox heyvanları seçirəm, çünki onlar daha sadədir”- deyərdi.

Dahi alimin qəribəliklərindən biri də yeni paltar almağa nifrət etməsi idi. Buna görə də psixoloqun cəmi üç  ədəd kostyumu,  alt paltarı və iki cüt ayaqqabısı olardı. Meşədə gəzməyi, göbələk toplamağı, kart oynamağı sevən dahinin qədim heykəlciklər kolleksiyası da var idi.

Freyd qadınları bioloji cəhətdən natamam və keyfiyyətsiz sayırdı, hətta belə deyirdi: “Heç vaxt cavablandırılmayan və otuzillik qadın psixikasını araşdırmağıma baxmayaraq, inandırıcı bir açıqlama verə bilmədiyim böyük sual budur: qadın nə istəyir?”

7 yaşından etibarən siqaret çəkməyə aludə olan Freyd, o cümlədən 6 il ərzində narkotik düşkünü də olub.  Bu səbəbdən də yaşlı vaxtlarında çənəsində bədxassəli şiş əmələ gəlmişdi. Dözülməz ağrılardan əziyyət çəkən məşhur psixiatr dostu Maks Şurdan özünü öldürməkdə ona kömək etməsini xahiş edir. Həkim ona üçqat dozada morfin iynəsi vurduqdan sonra alim həyatla  əbədi  olaraq vidalaşır.

 

Lev Davidoviç Landau

Adı Eynşteyn, Nilson Bor, Rezerford, Heyzenberq, Pauli kimi alimlərlə bir cərgədə çəkilən Nobel mükafatı almış fizik Lev Davidoviç Landau Bakıda neft mühəndisinin ailəsində dünyaya göz açıb. Özü belə deyərdi: “Mən yanvarın 22-də Lord Bayronla bir gündə, amma dahi ingilis şairindən 120 il sonra anadan olmuşam”. Valideynləri kiçik yaşlarında  onu süd içməyə, saatlarla royalı döyəcləməyə vadar etsələr də, altı yaşlı uşağa tövlənin divarında təbaşirlə məsələ həll etmək daha maraqlı gəlirdi. Fizikaya marağı o qədər güçlü idi ki, bu elmlə  məşğul olmağa ona nəsə mane olardısa, əsəbindən xəstələnirdi. Landau yaradıcılığı insanın ən ali, ən böyük həyat sevinci sayırdı. Ona görə də heç kim onu pis əhvalda, ruh düşkünlüyündə görə bilməzdi: “Həyatda ən maraqlı əlbəttə elmdi, ən gözəlsə qadınlardı” - deyən alim hesablamaqdan və sevməkdən başqa bir şey tanımırdı. Beyniylə getdiyi şəhərlərin modulunu çıxarırdı dahi şəxsiyyət. O, modul deyəndə şəhərin kifir qadınlarının gözəl qadınlara olan nisbətini nəzərdə tuturdu. Cib dəftərində də qadınların telefonunu əlifba sırasıyla deyil, gözəldən kifirə doğru prinsipi ilə yazardı. Allah eləməmiş, bu siyahıda sonunculardan olaydın. Heç üzünə də baxmazdı. O qadınları bir-birindən ayırmaq üçün  maraqlı bir sistem tərtib etmişdi: 1-ci növ –alman aktrisası Anna Ondra, sarısaç Merlin Monro kimiləri, yəni baxdınsa, gözünü çəkmək mümkün deyil; 2-ci növ –fındıqburun, sarısaç gözəlçələr; 3-cü növ –belə də... baxmaq da olar; 4-cü növ –baxmasan yaxşıdı; 5-ci növ isə –maraqlıdır, amma baxmaq istəmirsən. Buna görə valideynlərinə töhmət düşür.

Evliliyə skeptik münasibəti olsa da, arvadı Kora ilə düz  yarım əsr birlikdə yaşadılar: “Evlilik kooperativ kimi bir şeydi, onun sevgiyə heç bir aidiyyəti yoxdu”- deyərdi. Həyat yoldaşı ona balaca uşaq kimi qulluq edər, az qalardı ki, yeməyini də əli ilə yedizdirsin. Onlar evlənəndə “bir-birinə hücum etməmək barədə akt”da bağlayıblarmış. Bu şifahi akta əsasən tərəflərdən heç birinin qısqanmağa, onu güdməyə haqqı yox idi. Qazancının 40 faizini qızlara və Stalinin dövründə türmələrdə olmuş beş alimin ailəsini saxlamağa xərcləyərdi dahi fizik. Hətta Stalin öləndə Dau sevindiyindən ortaya atılıb xeyli oynamışdı da.

Avtomobil qəzasına düşən alimi həkimlər həyata qaytarmağa nail olsalar da, düzgün qoyulmayan diaqnoz səbəbindən 6 illk zülümdən sonra gözlərini əbədi olaraq yumur.

          

Henri Ford

Ailə həyatının uğurlu alınmasında ən vacib məsələ nədir? Hər kəsin cavabı fərqli olsa da yəqin ki, çoxları sevgi, etibar, səadət deyəcək. Bütün bunlardan savayı bir-birinə dəstək də çox mühüm amildir.

Bu adamın adı bütün dünyada məşhurdur. Amma onun ikinci yarısının dəstəyi olmasa idi, çətin ki, adını dahilər cərgəsinə yazdıra bilərdi. Söhbət Henri Forddan gedir. İstehsalatda inqilab edən, avtomobil sənayesini kökündən quran və dünyanın ən böyük şirkətlərindən birinin  təsisçisi  Fordun valideynlərinin təhsili olmayıb. Atası fermer olub. 17 yaşında məktəbi qurtarıb, mexaniki emalatxanada usta yanında şagird kimi işə başlayanda belə atası Fordun məqsədini reallaşdıra biləcəyinə inanmır, qonşuları isə onu dəli hesab edirdi. Amma həyat yoldaşı onu o qədər sevirdi ki, ərinin gecələr rahat işləyə bilməsi üçün soyuq anbarda bir neçə saat lampanı onun başı üzərində saxlaya bilərdi.

Uzun illərdən sonra günlərin birində cütlüyün evindən böyük gurultu səsi eşidilir. Qapı açılanda bütün qonşular “dəlinin” öz arvadı ilə birlikdə arabanı atlar olmadan idarə etdiyini görürlər. Beləliklə, bu qədər illərin zəhməti öz nəticəsini göstərir. Henri Fordun uğuru bütün dünyaya yayılanda, o artıq məşhur sənaye sahibi idi. Onu da qeyd edək ki, deyilənlərə görə, avtomobilin ixtiraçısının  heç vaxt sürücülük vəsiqəsi olmayıb. Bütün jurnalistlər bu dahidən müsabiqə almağa can atırdı. Ondan müsahibə alan jurnalistlərin biri zarafatla “Başqa həyatda kim olmaq istərdiniz?”- sualını verir. Ford isə cavabında gülümsəyir və “Fərqi yoxdur, təki həyat yoldaşım yanımda olsun!”- deyir.

Dahi şəxsiyyət pul qazanmağın ən yaxşı üsulunu – pula qarşı hərislik və tamahkarlıq nümayiş etdirməməkdə görürdü. O, “gördüyün işin doğru, dürüst olduğunu bilirsənsə, məhz bu məmnuniyyət hissini yaşamaqdan ötrü çalışırsansa, onda pullar özü gəlib səni tapacaq və kifayət qədər bol olacaq, “Pul bir qol və ya ayaq kimidir.Ya istifadə edərsən, ya da itirərsən” – deyərdi.

84 yaşında beyninə qansızması nəticəsində vəfat edən bu dahinin həyat hekayəsi sevginin var olduğunu bir daha sübut edir...  

Hazırladı:

Elenora HƏSƏNOVA,

“Respublika”.